İsmayıl Cəfərpur (tam adı: İsmayıl Qəhrəman oğlu Cəfərpur; 5 mart 1925, Sədəqiyan, Qərbi Azərbaycan ostanı – 18 fevral 1977, Bakı) — azərbaycanlı şərqşünas, şair, siyasətçi. Tudə Partiyasına və Azərbaycan Demokrat Partiyasına üzv olub, 21 Azər hərəkatında iştirak edib.
İsmayıl Cəfərpur | |
---|---|
![]() | |
Doğum tarixi | 5 mart 1925(1925-03-05) |
Doğum yeri | |
Vəfat tarixi | 18 fevral 1977(1977-02-18) (51 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, şərqşünas, siyasətçi |
Tanınmış əsəri | Vətən uğrunda canından keçən ölməz! |
Mükafatları |
![]() |
![]() | |
![]() |
Azərbaycan Milli Hökuməti dövründə fədai dəstəsinin rəhbəri, Salmas şəhərinin hərbi komendantı, Salmas və Təbriz şəhərlərində polis rəisi olub. Göstərdiyi xidmətlərə görə "21 Azər" medalı ilə təltif edilib.
Bakıya köçdükdən sonra "Azərbaycan" qəzetinin xüsusi müxbiri daha sonra isə bədii ədəbiyyat şöbəsinin müdiri olub. 1964–1967-ci illərdə Azərbaycan Radiosunda xarici yayımlar şöbəsinin baş redaktoru olub.
İsmayıl Qəhrəman oğlu Cəfərpur 1925-ci il martın 5-də Salmas mahalının Sədəqiyan kəndində anadan olub.[1][2] Orta təhsilini Salmas şəhərində alıb.[2] 1942-ci ildə Tudə Partiyasına daxil olub,[2] partiyanın Salmas şəhər komitəsində təbliğat şöbəsində fəaliyyət göstərib.[3][4] 1945-ci ildə Tudə Partiyasını tərk edərək Azərbaycan Demokrat Partiyasına qoşulub.[4][1][2] ADP Salmas komitəsinin büro üzvü və təftiş komissiyasının sədrinin müavini olub.[4] Fədai dəstəsinin tərkibində fəaliyyət göstərib.[5]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti yarandı.[6][7] İsmayıl Cəfərpur bu dövrdə fədai dəstəsinin rəisi, Salmas şəhərinin hərbi komendantı təyin olunub.[8][9][4] 1946-cı il mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.[4] Leytenant rütbəsi aldıqdan sonra Salmas şəhər polis rəisi təyin olunub.[1] 1945-ci ilin sonunda isə Təbriz şəhər polis rəisi təyin olunub.[4]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[10][11] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[12] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi yaradıldı.[13][14] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr yaratmaq oldu.[12][15][16] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[14][17] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[12][18] Lakin bu istəyi də cavabsız qaldı.[19]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai dəstələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında əmr verdi.[20][21][22] Elə həmin gündən etibarən, İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[23][24] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[24] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[23][24] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[23][25] Azərbaycan Milli Hökuməti süqut etdi.[26] [27] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[28][29] Bundan sonra da qırğınlar və talan davam etdi.[25][28] Minlərlə insan həbs olundu, sürgün edildi.[30] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[31][32][33]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra İsmayıl Cəfərpur təqiblərdən qurtulmaq məqsədilə Şimali Azərbaycana mühacirət edib.[1][4] Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb.[34] İsmayıl Cəfərpur da bu cəmiyyətin üzvü olub.[34] 1947-ci ildə Bakıda stomatologiya məktəbini,[4] 1956-cı ildə isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.[35][4] 1958-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub.[1] 1956–1958-ci illərdə Moskvada Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb.[1][4]
Ədəbi fəaliyyətə 1948-ci ildən başlayıb.[2]İlk şeirlər məcmuəsi "Qəhrəmanın düşüncələri" 1956-cı ildə Azərnəşrdə çap edilib.[4] 1956–1958-ci illərdə Azərbaycan Demokrat Partiyasının mətbuat orqanı olan "Azərbaycan" qəzetinin xüsusi müxbiri daha sonra isə bədii ədəbiyyat şöbəsinin müdiri olub.[4] 1964–1967-ci illərdə Azərbaycan Radiosunda xarici yayımlar şöbəsinin baş redaktoru olub.[1] 1967-ci ildə "Cənubi Azərbaycan demokratik poeziyasının inkişaf yolları (1941–1960)" mövzusunda dissertasiya müdafiə edib.[36][1]
1977-ci il fevralın 18-də Bakıda keçirilən Əliağa Vahidin xatirə gecəsində vəfat edib.[37][38][39]