Şimali Qafqazda mühacirlik — Şimali Qafqazın müsəlman əhalisinin əhəmiyyətli hissəsinin Osmanlı imperiyasına mühacirliyi. Xüsusilə Qafqaz müharibəsinin son illərində (1817–1864) və başa çatdıqdan dərhal sonra geniş şəkil almışdır. Bu dövrdə — 1858-ci ildən 1865-ci ilə qədər — təxminən yarım milyon insan bölgəni tərk edib. Bununla belə, köçürmə faktları 1858-ci ildən əvvəl, 1865-ci ildən sonra isə Birinci Dünya müharibəsinə qədər (1914–1918) davam edib. Mühacirlərin ümumi təxmini sayı bu gün də tədqiqatçılar arasında mübahisə mövzusudur. Müxtəlif fərziyyələr 1 milyon şəxsin mühacirət etdiyi qənaətindədir. Həmçinin böyük sayda təkrar mühacirətlərdə baş verib.
Qafqaz müharibəsi başa çatdıqdan sonra XIX əsrin altmışıncı illərinin əvvəllərində Şimali Qafqazda mühacirlik hərəkatı geniş yayılmağa başladı. Mühacirlik dini anlamda könüllü köç olsa da, Şimali Qafqazda bu hərəkat çox hallarda məcburi xarakter daşıyırdı. Rusiya imperiyasının hərbi-siyasi ilhaq üsulları dağlı xalqlarının əhəmiyyətli hissəsinin məcburi şəkildə öz doğma yerlərini tərk etməsinə gətirib çıxardı. Mühacirlər köç üçün əsasən Osmanlı imperiyasının ərazilərini seçirdilər. Dağlı xaqları arasında məcburi köç mahiyyətcə Şimali Qafqazda rus müstəmləkə rejiminin aqrar siyasətinə etirazın bir forması idi. İlk növbədə köç sosial səbəblər, çarizmin dözülməz milli siyasəti, dini ayrı-seçkiliklə yanaşı, həmçinin yerli feodalların Osmanlı sultanına rəğbəti, müsəlman ruhanilərin əhval-ruhiyyəsindən də qaynaqlanırdı. Şimali Qafqazın xalqlarının mühacirət etmək istəyinin hansı şəraitdən sonra yaranması, o dövrdə Terek vilayətinin Arqun rayonunun rəisi, mayor A. P. İppolitovun qubernatora ünvanladığı xidməti raportda əksini tapıb. İppolitov 1865-ci ilin aprelində ünvanladığı məruzəsində yazırdı: "Hazırda əhali arasında müəyyən şayiələr yayılmaqdadır. Belə söz gəzir ki, onlar doğma yerlərdən sürgün ediləcəklər, silahları əllərindən alınacaq, məcburi xiristianlıq qəbul etdiriləcək, kişilər orduya cəlb ediləcək və nəhayyət onlara böyük məbləğdə vergi ödətdiriləcək, bütün əmlakları və mal-mülkləri müsadirə olunacaq".[1]
Şimali Qafqaz mühacirliyinin səbəbləri Rusiya imperiyasının Qafqazı zəbt etməsi nəticəsində yaranan bir çox siyasi, iqtisadi, sosial və dini amillərlə yanaşı çar hökumətinin bölgəni ruslaşdırma istəyi ilə də sıx bağlı idi. XIX əsrdə mühacirlik Şimali Qafqazın etnik xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi. Bu kütləvi mühacirətin digər nəticəsi Anadolu, Bolqarıstan, Misir, İordaniya, Mesopotamiya və Suriyanın bəzi ərazilərində Şimali Qafqaz diasporalarının yaranması oldu.
Mühacirlərin etnik tərkibi də müxtəlif idi. Şərqşünas və qafqazşünas, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri Adolf Berje mühacirət edən 16-ya qədər Şimali Qafqaz etnik qruplarının və onların sub-etnik qruplarının adını qeyd etmişdir. O, köç etmiş qruplar arasında Şapsuqları, Ubıxları, Natuxayları, Kuban Noqaylarını, Abazinləri, Abadzexləri, Adıqları, Çərkəzləri Çeçenləri, Kabardinləri və s. xüsusilə fərqləndirmişdir. Osmanlı imperiyasına mühacirət etmək istəyi, demək olar ki, Şimali Qafqazın bütün müsəlman xalqlarında yaranmışdır. Lakin mühacirət edənlər arasında ilk növbədə çərkəzlər, çeçenlər və noqaylar üstünlük təşkil etmişdir.
S. E. Badayev "mühacirlik" termininin Qafqaz xalqlarının köçürülməsinə tətbiq edilməsinin legitimliyini mübahisələndirir, çünki bu termin dini səbəblərə görə könüllü köçürülməni nəzərdə tutur. Dağlı xalqlara münasibətdə bu doğru deyil, çünki onlar Rusiya imperiyasının siyasəti nəticəsində doğma vətənlərini tərk etməyə məcbur olublar.[2] Türkiyəli tarixçi B. Həbiçoğlu isə Şimali Qafqazlıların Türkiyəyə mühacirliyinin beş mərhələsini müəyyən edib. O, Şimali Qafqaz xalqlarının 1858–1863, 1863–1864, 1865–1877, 1877–1878, 1878–1907-ci illərdə Osmanlı imperiyasına məcbur köç etdiklərini bildirib.[3]
Şimali Qafqaz xalqlarının Osmanlı imperiyasına mühacirətliyi 1858-ci illərdən başlayaraq, fasilələrlə 1920-ci illərə qədər davam edib. Bu proses xüsusilə 1864–1865-ci illərdə geniş vüsət alıb. Bir neçə rəsmi məlumatlara görə 1858–1865-ci illər ərzində 493,2 min nəfər və ya ümumi əhalinin 1/11-i Şimali Qafqazdan mühacirlik edib.[4] Amma qeyri-rəsmi məlumatlar köçənlərin sayının ən azı iki dəfə çox olduğunu deməyə əsas verib.[5] Qafqaz müharibəsinin sonuna qədər, Rusiyanın rəsmi statistikasına görə, 500 ilə 1800 min nəfər doğma yerlərini tərk edib. Çar hökuməti özü də Şimali Qafqaz xalqlarının mühacirət etməsində maraqlı idi və bəzən bunun üçün müəyyən şərait də yaradırdı. Rus ordusunun yerli əhaliyə qarşı terroru, habelə gürcü və kazak hərbi dəstələrinin özbaşınalığına göz yumulurdu. 1865-ci ildə isə bunun üçün xüsusi layihə də qəbul edildi. Rusiya ordusu generelı Musa Kunduxovun çar hökumətinə müsəlman osetinlərin, Kiçik Çeçenistan çeçenlərinin və karabulakların bir hissəsinin Osmanlı imperiyasına köçürülməsi (muhacirlik) layihəsini təklif etməsi müsbət qarşılandı. Bu prosesə rəhbərlik etməyi də elə Kunduxov öz üzərinə götürdü.
Osmanlı sarayı da Şimali Qafqazdan gələn mühacir axınına biganə qalmadı. Belə ki, bu mühacir axınları 1857-ci ildə "Mühacir Məcəlləsi"nin (türk. Muhacirin Kanunnamesi) qəbul edilməsinə səbəb oldu. Məcəlləyə görə, kapitalı 60 Osmanlı qızıl sikkəsindən az olan ən yoxsul ailələr dövlətdən torpaq alırdı. Onlar Rumelidə məskunlaşdıqda 6 il, Anadoluda yerləşdikdə isə 12 il müddətinə vergi və hərbi xidmətdən azad edilirdilər. Köçkünlərə din azadlığı və dini binalar tikmək hüququ təmin edilirdi. 1860-cı ildə Ticarət Nazirliyinin nəzdində Qaçqınlarla İş üzrə Komissiya (türk. Mühacirin Komisyonu) yaradıldı və sonrakı il o, müstəqil quruma çevrildi.
Qafqaz müharibəsindən sonra Rusiya istilasının nəticəsində Şimali Qafqaz xalqlarının Osmanlı imperiyasına məcburi etnik miqrasiyası bölgənin siyasi və etnik tərkibinə təsir göstərən mühüm sosial proses idi. Bu məcburi köç hərəkatı təkcə Şimali Qafqaz xalqlarının etnik qruplarının demoqrafik və ərazi mövqelərinə yox, həmçinin Şimali Qafqazdan olan köçkünlərin məskunlaşdığı bir sıra Osmanlı əyalətlərinin əhalisinin etnik tərkibinə də birbaşa təsir göstərdi. Həmçinin Şimali Qafqaz mühacirləri Osmanlı imperiyası və sonradan onun yerində yaranan dövlətlərin siyasi tarixində də mühüm rol oynadılar.
Çar IV İvan Qroznı Həştərxan xanlığını zəbt etdikdən sonra (1556) Şimali Qafqaz Rusiya dövlətinin ərazi və siyasi ekspansiya maraqlarına daxil oldu. Rusiya çarlığı (sonralar Rusiya imperiyası) ilə yanaşı, Qafqaza iddia edən əsas geosiyasi oyunçular Osmanlı imperiyası (Krım xanlığı ilə) və İran (Səfəvilər Əfşarlar və s.) idi. Şimali Qafqaz mühacirliyi dövründə — XIX əsrdə artıq Osmanlı imperiyası və İran tənəzzül dövrünü yaşayırdı, Rusiya isə əksinə, mühüm hərbi-siyasi uğurlar əldə edirdi. Əsrin əvvəlində o, iki Rus-Qacar (1804–1813 və 1826–1828) və iki rus-türk (1806–1812 və 1828–1829) müharibəsində qalib gəlsə də, yalnız Krım müharibəsindəki (1853–1856) məğlubiyyət XIX əsrdə Rusiyanın Şimali Qafqaza ekspansiyasını bir qədər cilovladı. Rusiya ilə müsəlman müqavimət hərəkatı (müridizm) arasında qarşıdurma Şimali Qafqaz imamlığının teokratik dövlətinin məğlubiyyəti və Şimali Qafqazın dağlıq bölgələrinin Rusiya tərəfindən işğalı ilə nəticələnən Qafqaz müharibəsi (1817–1864) ilə nəticələndi. Növbəti Rusiya–Osmanlı müharibəsi (1877–1878) yenidən Rusiya imperiyasının qələbəsi ilə yekunlaşdı.
Fasilələrlə davam edən rus-Qacar (1651–1911) və rus-türk (1568–1918) müharibələri, eləcə də Qafqaz müharibəsi nəticəsində Qafqazda hökmranlıq məsələsi faktiki olaraq Rusiya imperiyasının xeyrinə həll olundu. XIX əsrdə mərkəzi Tiflisdə olmaqla burada Qafqaz canişinliyi (ikinci) formalaşdı. Bölgəyə nəzarət etmək üçün Rusiya rəhbərliyi fəal surətdə istehkamlar və kazak kəndləri tikdi, kəndlər saldı və yollar çəkdi, keçidlər təşkil etdi və imperator qoşunlarını daim bütün bölgə ərazisində yerləşdirdi. Hakimiyyət orqanları müxtəlif kütləvi köçürmələr də həyata keçirdilər. Dağlılar düzənliklərə, noqaylar pristavlara, Azov, Kuban və Terek kazakları dağlıların və noqayların torpaqlarına yerləşdirildi.
Rusiya imperiyasının təzyiqi ilə Şimali Qafqazın müsəlman əhalisi arasında köçürmənin unikal forması — mühacirlik geniş yayılmağa başladı.[6] Onun mənası müsəlmanların qeyri-müsəlman dövlətindən çıxması idi. Belə ki, Şimali Qafqaz regionu üçün bu, onlara yad olan və Şimali Qafqaz torpaqlarını zəbt edən pravoslav Rusiyadan müsəlmanların həmkonfessiyalı Osmanlı imperiyası vətəndaşlığına köçməsi idi. Rusiya imperiyasında bu fenomen unikal deyildi — müxtəlif dövrlərdə Osmanlı dövlətinə və imperiyanın tutduğu digər bölgələrdən mühacirlik var idi. Məsələn, Krım tatarlarının Krımdan və ya Şimali Qara dəniz bölgəsindən noqayların köçürülməsi belə faktlardan idi. Tarixdə əhalinin Şimali Qafqazdan Osmanlı dövlətinə köçməsi faktı da var ki, bu da "mühacirlik" anlayışına — Pravoslav Köhnə İnanclı Nekrasov kazaklarının Kubandan mühacirətinə daxil deyil.[6]
Şimali Qafqaz mühacirliyi Qafqaz müharibəsinin son illərində (1817–1864) və başa çatdıqdan dərhal sonra mühüm xarakter almışdır. Bu dövrdə — 1858-ci ildən 1865-ci ilə qədər — təxminən yarım milyon insan (rəsmi olaraq 493 194 nəfər) Şimali Qafqazı tərk etdi. Bununla belə, köçürmə faktları müxtəlif intensivliklə 1858-ci ilə qədər, 1865-ci ildən sonra isə Birinci Dünya müharibəsinə qədər (1914–1918) baş verdi.[6][7][8] Kütləvi mühacirətdən əvvəl ayrı-ayrı mühacirlik halları çox vaxt Məkkəyə həcc adı altında baş verirdi.[6]
XIX əsrdə Şimali Qafqazın bir çox demokratikləşmiş cəmiyyətlərinin müxtəlif dövlət qurumlarının hakim dairələri və nüfuzlu şəxsləri düşərgələrə bölünmüşdü. Onlar ya Rusiya imperiyasının ekspansiyasını dəstəkləyir, ya da onun müstəmləkə siyasətinə qarşı çıxırdılar.[6] Mühacir hərəkatı hər iki tərəfə uyğun gəlirdi. Belə ki, Rusiya tərəfdarları köçürməni dəstəkləyirdilər, çünki bu mövqe onlara rəhbərlik edən Rusiya administrasiyası tərəfindən təbliğ edilirdi, həm də gedənlərin torpaqlarını ələ keçirmə ehtimalı var idi.[6] Pantürkizm ideyaları sovet tarix elmində Rusiyanın bəzi əleyhdarlarına aid edilirdi. Əsasən iqtisadi səbəblərə görə Türkiyəyə getməyi pisləyənlər də var idi. Şimali Qafqaz feodalları kəndlilərindən məhrum olurdular. Əsilzadələrin bir hissəsi də Osmanlı dövlətinə mühacirət edirdilər. Onlar çox vaxt özləri ilə asılı kəndliləri və kölələrini götürürdülər.[9]
İmperatorlar I Aleksandrın (1801–1825-ci illərdə hökmranlıq etdi) və I Nikolayın (1825–1855-ci illərdə hökmranlıq edib) hökumətləri müsəlmanların Rusiyadan köçürülməsinə və ümumiyyətlə, hər hansı əhalinin ölkəni tərk etməsinə mənfi münasibət bəsləyirdilər. Çünki müsəlmanların köçü araşdırılmış və qarşısının alınması üçün cəhdlər edilməsi faktları var. Lakin II Aleksandrın dövründə (1855–1881-ci illərdə hakimiyyətdə olub) Rusiya hökumətinin siyasəti dəyişdi — hakimiyyət əsas diqqətini Şimal-Qərbi Qafqaza cəmləyərək mühacirliyi fəal şəkildə təbliğ etməyə başladı. Rusiya administrasiyasının üsullarından biri Şimali qafqazlıların yaşayış əraziləri məsələsini kəskinləşdirməkdən ibarət idi. Onlar ya öz torpaqlarında məhdud idilər, ya da ümumiyyətlə yeni yerlərə (əsasən dağlardan düzənliklərə) köçməyə məcbur edilirdilər. Hökumət aktiv demilitarizasiya siyasəti yürüdürdü.
Azov və Kuban kazakları kütləvi şəkildə azad edilmiş ərazilərə köçürüldü. Qafqaz canişini, feldmarşal, knyaz A. İ. Baryatinskinin fikrincə, "Qərbi Qafqazda hakimiyyətimizi möhkəm bərqərar etmək üçün yeganə etibarlı vasitə silahlı kazak əhalisimizin dağlıq və dağətəyi əraziləri zəbt etməsidir…".[10] Mühacirçilik ideyasını dəstəkləyən Rusiya hakimiyyəti müsəlmanlar arasında (açıq və gizli) Osmanlı dövlətinə köçürülməyə çağırış kampaniyası aparır,[8] hətta çox vaxt hətta tamamilə "sakitləşmiş" kəndləri də tərk etməyə sövq edirdi.[6]
XIX əsrin rus maarifçi cəmiyyətində mühacirliyə ümumən mənfi münasibət formalaşmışdı, çünki bir çox savadlı insanlar Qafqazın fəthinə təkcə ərazilərin ələ keçirilməsi kimi deyil, onun imperiyanın tərkibinə tam daxil edilməsi kimi baxırdılar ki, bu da yerli əhali tərəfindən Rusiya vətəndaşlığı prinsiplərinin qəbul edilməsini nəzərdə tuturdu. "Qafqaz dağlıları haqqında məlumat məcmuəsi"nin (1868) müəlliflərindən birinin "zaman-zaman artan Osmanlı dövlətinə köçürmə epidemiyasının, ümid edirik ki, sağalması arzusunu ifadə etməsi göstəricisidir..."[11] Bəzi rus tədqiqatçıları da mühacirliyin Rusiya üçün məqsədəuyğun olmaması ilə bağlı iqtisadi əsaslandırmalar da irəli sürmüşlər, məsələn, rus tarixçisi, general-mayor R. A. Fadeyev hesab edirdi ki, "Türkiyəyə köçən dağlılara öz qullarını kütləvi şəkildə aparmağa imkan verməklə biz özümüzü özümüzdən çalışan əllər, son dərəcə zəhmətkeş, dinc və heç bir şəkildə təhlükəli olmayan insanları məhrum etmiş oluruq".[9]
Sultanlar II Mahmud (1808–1839), I Əbdülməcid (1839–1861) və Əbdüləziz (1861–1876) hökumətləri mühacir hərəkatını hər cür dəstəkləyirdilər. Osmanlı idarəsi böyük qaçqın dəstələrini qəbul etməyə razılaşmış, müxtəlif vədlər və dini şüarlar ehtiva edən elanlarla mühacirləri hər cür təşviq edirdilər.[7] Osmanlı administrasiyası köçkünləri torpaq sahələri və pul müavinətləri almağa təşviq edir, həmçinin Osmanlı torpaqlarına gələn müsəlmanlar üçün etiqad azadlığı, Rusiyada qalanlar üçün isə pravoslavlığın zorla qəbul edilməsi təhlükəsinin olduğunu təbliğ edirdi.[12][13]
Mühacirlərin əksəriyyətinin könüllü hicrət etmələrinə baxmayaraq, onların bir çoxu bu köçürmədən heç bir fayda görməmiş, yol boyu aclığa və xəstəliyə məhkum olurdular.[7]
Mühacirlik Rusiya imperiyasının Şimali Qafqazdakı müstəmləkəçilik siyasətinin nəticəsi idi. Əslində mühacirlik Rusiya hökumətinin dəstəyi sayəsində həyata keçirildi, həm də bu siyasətdən asılı olmayan bəzi səbəblər — iqtisadi, sosial və dini səbəblər var idi. Bu məsələni tədqiq edən bir sıra tədqiqatçılar Şimali Qafqaz mühacirliyinin səbəblərinin mürəkkəbliyini və müxtəlifliyini qeyd edirlər.[6][7]
Abxaz-adıq xalqları arasında nisbətən az sayda kabardalılar Osmanlı dövlətinə köç etdilər. Ən kütləvi və uzunmüddətli köçmə abxazlar, abazinlər və qərbi çərkəzlər (adıqlar) arasında olmuşdur. Qafqaz müharibəsindən sonra Çərkəzlər Rusiya hökumətinin dağlardan düzənliklərə köçmək təklifindən imtina etdilər və alternativə — Osmanlı dövlətinə mühacirətə üstünlük verdilər və nəticədə böyük Çərkəz köçü baş verdi.[7] Bəzən Qərb tarixşünaslığında bu hadisə Çərkəz soyqırımı kimi təqdim olunur.[18][19][20][21]
Çərkəz mühacirliyi[22][23][24][25][26] Rusiya imperiyası tərəfindən Çərkəz xalqının sistematik şəkildə kütləvi qətli, etnik təmizləməsi və deportasiyası idi. Çərkəz xalqının 80–97%-i,[27][28][21] təxminən 1,5 milyon insan bu hadisələr zərər görüb.[29][19][20] Qriqori Zass kimi rus generalları çərkəzləri "insanlıqdan kənar pislik" adlandırırdı və buna görə də onlara münasibət göstərilirdi.[30][31][32] İşğal zamanı mülki çərkəzlərin kütləvi şəkildə öldürülməsi hallarına rast gəlinir, onların əmlakları əllərindən alınırdı[30][31][32][30]
Sağ qalan və sürgün edilən çərkəzlər Osmanlı imperiyası yerləşdilər.[33][34] Osmanlı arxivləri göstərir ki, 1879-cu ildə Osmanlı ərazisinə təxminən 1 milyon çərkəz mühacir daxil olub, lakin onların təxminən yarısı yolda xəstəliklərdən dünyasını dəyişib.[35] Osmanlı arxivlərini tamamlayan 1897-ci il Rusiya siyahıyaalmasında cəmi 150.000 Çərkəz qeyd edilir ki, bu da ilkin sayın onda birini təşkil edir.[36][37] 1929-cu ilin yazında elmi araşdırmalar üçün Qafqaza gedən gürcü tarixçisi Simon Canaşia ilə rastlaşdığı 91 yaşlı qoca Qara dənizin "qarpız kimi" insan bədən üzvləri ilə dolduğunu, qarğaların isə burada qadınların saçları və kişilərin saqqallarından yuva qurduğunu deyirdi.[38]
Şimali Qafqazın müxtəlif türk xalqları bəzən fərqli siyasi və iqtisadi şəraitdə olduqları üçün Osmanlı imperiyasına mühacirət ideyasını fərqli qəbul edirdilər. Məsələn, balkarlar çətinliklə köçürdülər, noqaylar isə əksinə, Rusiyanı kütləvi şəkildə tərk etdilər.[7]
Noqaylar. Rusiya dövlətinin təbəliyinə keçən ilk Şimali Qafqaz noqaylarından biri də Terek-Sulak çayları arasında yaşayan Tərki şamxallığının hakimiyyəti altında olan köçəri noqay tayfaları idi.[13] Rusiya imperatoru I Pyotrun (1682–1725-ci illərdə hakimiyyətdə olub) Xəzər sahilinə yürüşləri (1722–1723) nəticəsində Tərki şamxallığı tabe edildi.[13] Lakin şamxallığın vassalları olan noqaylar Rusiya ilə dərhal əlaqələr qurmadılar. İmperiyaya ilk tabe olduqlarını bildirən Qaranoqaylar, sonra Aksayev və Kostekov Noqayları, Endireyevskilər isə zorla fəth edildi. 1735-ci ildə Rusiya I Pyotrun ordusunun zəbt etdiyi torpaqları Səfəvilər dövlətinə qaytardı. Nəticədə Rusiya imperiyası noqayları rus təbəliyinə keçməyə dəvət etdi, yalnız 1736-cı ilə qədər Qafqazda kiçik Rusiya ərazisinə köç edən Qaranoqaylar rus hakimiyyəti altında qaldı. Onlar Rusiyanın Qafqazda yeganə dayaq nöqtəsi olan Qızılyarda məskunlaşdı.[13]
Noqayların Osmanlı dövlətinə (və Krım xanlığına) ilk dəfə olaraq yeni əraziləri ələ keçirən Rusiya təbəliyindən kütləvi şəkildə köçürülməsi XVIII əsrin 60-cı illərində Edisan və Cambuylutsk ordasının gedişi hesab edilə bilər. O, zamanlar bu iki orda parçalanmış Böyük Noqay Ordasının bir hissəsi hesab olunurdu. Noqayların növbəti köçü Rusiya-Osmanlı müharibəsi (1768-1774) ilə bağlı idi. Bu noqayların həm Şimali Qafqazda — Kuban çayının o biri sahilinə getmələri, həm də Şimali Qara dəniz regionunda — Dnepr çayının arxasına keçmələri ilə baş verdi. Mühacirətə bir tərəfdən türk-krım təhrikçilərinin fəaliyyəti, digər tərəfdən isə Rusiya imperatriçası II Yekaterina hökumətinin (1762–1796-cı illərdə hakimiyyətdə olub) noqaylara qarşı təzyiq siyasəti şərait yaratdı. XVIII əsrin 70-ci illərində Rusiya hökuməti Edisan və Cambuylutsk ordalarının əksər noqaylarını yenidən Rusiya hakimiyyəti altına geri qayıtmağa inandıra bildi. Çünki onların Krım xanlığı ərazisindəki vəziyyəti heç də yaxşı deyildi və bəlkə də daha bərbad idi. Noqaylar Kubanın sağ sahilinə və yuxarı axarlarına, eləcə də onun qollarına — Laba və Zelençuk çayı sahillərinə geri döndülər. Onlar bu ərazilərdə XVI əsrin birinci yarısından başlayaraq burada məskunlaşan və Kiçik Noqay Ordasının bir hissəsi olan noqay tayfaları ilə birikdə yaşayırdılar.[13]
1771-ci ildə Krıma hücumdan sonra Rusiya II Sahib Gərayın hakimiyyəti və onun himayəsi altında Krım tatarları və noqaylardan ibarət bir bölgə (Kubandakı ərazilər də daxil olmaqla) təşkil etdi. 1774-cü ildə Kiçik Qaynarca sülhündən sonra bu ərazilər müstəqillik əldə etdi. Bu dövrdə yerli əhali, o cümlədən noqaylar arasında daim anti-Rusiya etirazları baş qaldırırdı. II Yekaterinanın 1783-cü ildə Krımın, Tamanın və Kubanın sağ sahilinin Rusiyaya birləşdirilməsi haqqında manifestindən sonra noqay tayfaları arasında etirazlar baş qaldırdı. Onlar yenidən Osmanlı ərazilərinə köçməyə başladılar (1783-cü il Noqay üsyanı). Rusiya hökuməti mühacirətin qarşısını zorla almağa qərar verdi və sentyabrın 29-da Laba çayının mənsəbində general-leytenant qraf Aleksandr Suvorovun başçılıq etdiyi rus qoşunları ilə noqaylar arasında döyüş baş verdi. Bu döyüşdə təxminən 10 min nəfər, qadın və uşaqlar da daxil olmaqla noqay qətlə yetirildi.[13]
1812-ci ildə Buxarest sülh müqaviləsi imzalandıqdan sonra müxtəlif dövrlərdə osmanlı misionerləri Rusiya ərazisində noqaylar arasında fəaliyyət göstərərək, dini dözümsüzlüyü fəal şəkildə qızışdırdılar və onları Osmanlı dövlətinə köçməyə təşviq edirdilər. Burada noqaylara torpaq və din azadlığı vəd edilirdi. Noqaylar arasında belə şayiə yayılmışdı ki, Rusiya hakimiyəti altında qalanlar pravoslavlığı qəbul etməyə məcbur ediləcək. 1813-cü ildə 27 min noqay Osmanlı imperiyasına — qismən osmanlı nəzarətində olan Kuban vadisi (Zakubanye) ərazisinə köç etdi. Lakin noqaylar rus administrasiyasının daim qəddarlığına və təhqirlərinə məruz qaldıqları üçün köçürülmə osmanlı agentləri tərəfindən deyil, I Aleksandr hökumətinin (1801–1825-ci illərdə hakimiyyətdə olub) hərəkətsizliyi ilə təhrik edilirdi. Noqay pristavı Kornilov və Qafqaz Xəttinin komandanı, general-mayor S. A. Portnyaginin noqaylara qarşı sui-istifadə halları məlumdur. Belə ki hər iki zabit sonradan bu əməllərinə görə məhkum edildilər. A. S. Portnyaginin qeyri-adi qəddarlığı onun noqaylara qarşı qanunsuz və amansız işgəncələrə yol verməsi və onların iğtişaşlarına səbəb olması idi.[13]
Mühacirlikdə çarizmin məqsədi "etibarsız" əhalidən xilas olmaq idi. Bu planın həyata keçirilməsi çərçivəsində 1865-ci ilin yayında 5 minə yaxın nax xalqlarına aid ailə (20 min nəfər) köçürüldü. Onların arasında 6187 qarabulak (çeçen azad cəmiyyətlərinin bir qolu) köçürülmüşdü.
Köçürmə ideyalarının yayılmasına həm də naxlar arasında hərbi xidmətə çağırış və ya kazaklara çevrilmənin tətbiqi ilə bağlı geniş yayılmış söz-söhbətlər idi. Muhacirətə təkan verən amillər həm də Osmanlı sultanının Rusiyaya köç etmiş ermənilərin torpaqlarını köçkünlərə vermək vədi, vergi güzəştləri və nağd pul şəklində yardım olunması şayiələri idi.[39].
Ümumilikdə Terek vilayətindən 4983 Vaynax ailəsi, 6262 arabada, 1120 baş iribuynuzlu mal-qara ilə, 4726 atla köç etmişdi. O cümlədən, çeçenlərdən — 3502 ailə, inquşlardan — 1454 ailə (o cümlədən, demək olar ki, bütün qarabulaklılar — 1366 ailə və Nazran sakinləri — 88 ailə),[40] mühacirliyə yollanmışdı. Mühacirlərin ümumi sayı 22491 nəfər təşkil edirdi.
1860–1870-ci illərdə 5857 çeçen vətəninə qayıtdı. 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsindən sonra çeçenlərin bir qismi geri döndü.
1868-ci ildə bir çox məşəqqətlərdən sonra aldadılan köçkünlər öz vətənlərinə qayıtmağa çalışsalar da, üsyan vəhşicəsinə yatırıldı.[41]
Rusiyanı tərk edənlərin bir qismi hazırda Türkiyədə məskunlaşıb. Digər qrup Colan təpələrində (Suriya), üçüncü qrup İordaniyaya köç edib. Dördüncüsü isə İraqda məskunlaşıb.
1874-cü ildə Kay, Valerik, Urus-Martan, Katar-Yurt, Qazi-Yurt və s. kəndləri tərk etmiş çeçenlərin geri qaytarılması xahişi ilə Qafqaz idarəsinə bir sıra ərizələr təqdim edilib. Vətənə qayıdan çeçenlər Saqopşi, Nasir-Yurt və başqa kəndlərdə məskunlaşdılar.[42] Bəzi çeçenlər 1920–1921-ci illər Fransa–Türkiyə müharibəsində Türkiyə tərəfində vuruşaraq həlak olublar.
2002-ci ilə qədər Türkiyədəki çeçen diasporu təxminən 25 min nəfər təşkil edirdi. 1935-ci ildə Türkiyə türk olmayanlara öz ana dillərində danışmağı qadağan edən qanun qəbul edildi. Bu da əcnəbidilli əhalinin türkləşməsinin sürətlənməsinə səbəb oldu.
Qeyd edək ki, kiçik istisnalar olmaqla inquşlar demək olar ki, doğma yerlərindən köç etmədilər.[7]
Mühacirlik Dağıstanlılar arasında da geniş yer alırdı.[15] Lakin ümumi mühacir edənlər arasında Dağıstan xalqlarının çəkisi elə də çox deyildi. Dağıstan xalqları arasından köç edənlər əsasən avarlar və andilər, qumuqlar, darginlər və qismən ləzgilər idi. Xüsusilə 1859-cu ildə Şeyx Şamilin əsir düşməsi bu prosesdə əsas hərəkətverici motiv oldu. Bu səbəbdən Dağıstan xalqlarının əsas köçü 1860-cı ildən başlayıb. 1860-cı ildə Dağıstan vilayətinin rəisi öz hesabatında qeyd edirdi ki, "Cənubi Dağıstanın bəzi yerlərinin sakinləri arasında Osmanlı dövlətinə getmək istəyi digərlərindən daha davamlıdır. Bu istəyin başında Başlı cəmiyyəti dayanırdı…". Vilayətin rəisi bu prosesdən çox narahat idi: "Bu cəmiyyətin Osmanlı dövlətinə köçü əhalinin qalan hissəsində belə bir reaksiya doğura bilər. Bu proses gələcək üçün təhlükəli və qarşısının alınmasının əhəmiyyəti böyükdür. Çünki, Dağıstanlılardan bəziləri oların arxasınca gedə bilər." Dağıstan vilayətinin administrasiyası Dağıstandan köçün qarşısını almaq üçün bir sıra tədbirlər görmüşdür. Hökumət bu mühacirliyi təbliğ edən bir neçə şəxsi həbs etmiş, bəzilərini Sibirə sürgün etmişdir. Vilayətin başçısının raportunda bu "profilaktik" tədbirlərdən sonra "1860-cı ilin sonuna qədər köçmək istəyinin tədricən azalmağa başladığı və böyük kütlənin Qafqazın digər yerlərində baş verən qaçılmaz fəlakətlərdən xilas olduğu yazılırdı".[43]
1865-ci ilin əvvəlində Dağıstan əhalisini yenidən köç əhval-ruhiyyəsi bürüdü. Belə ki, bu dəfə mühacirlik istəyi Dağıstanın şimal-qərb hissəsinin əhalisi arasında geniş yayılmağa başladı. Terek vilayətindən çeçenlərin mühacirliyi, onunla sərhəddə olan Dağıstanın Andi rayonun əhalisinə ciddi təsir göstərdi. Əhali bunun üçün Terek vilayətinə gedir, köç edən çeçenlərə qoşulurdu. Dağıstan vilayətinin rəisi adına yazılan 20 aprel 1865-ci il tarixli bir məktubda Andi rayonunda yaşayan 10–20 ailə Osmanlı dövlətinə köçmək üçün icazə istəmişdilər.[43]
Mühacirlərin çoxusu bunun üçün musa Konduxova müraciət edirdilər. Qeyd edək ki, Həcc ziyarətinə gedən az sayda dağıstanlı sonradan geri dönürdü. Onların çoxusu bu yolla Osmanlı imperiyasına mühacirət edirdilər. Dağıstanlı mühacirlər Osmanlı imperiyasına köçərkən əsasən quru yolundan istifadə edirdilər. Onlar Azərbaycan və ya Gürcüstan vasitəsilə Qars, Ərzurum, Muş şəhərlərinə gedirdilər. Çox az bir hissə isə Odessa, Poti, Batumi, Novorossiysk limanları vasitəsilə, Osmanlı dövlətinin liman şəhərlərinə İstanbul, Trabzon və Samsuna gedirdilər.[43]
Dağıstan vilayətinin başçısı bu köçün qarşısını almağa çalışırdı. O, 1865-ci ildə Qafqaz canişininə yazdığı məktubda qeyd edirdi ki, "Osmanlı dövlətinə köç edən avarların torpaqlarında nəinki kazaklar və kəndlilər, hətta Dağıstanın digər xalqları da məskunlaşdıra bilmirlər. Çünki torpaqsızlıq və sərt iqlim şəraiti buna imkan vermir". Vilayətin başçısının tələbi ilə Dağıstanlılar üçün köçmə kvotası müəyyən edildi. Belə ki, vilayətin ərazisindən hər il 150-yə qədər ailə gedə bilərdi. Üstəlik köçən ailələr vergiləri 10 il qabaqcadan ödəməli idilər. Müqavilələr imzalanırdı. Müqavilə köçən cəmiyyətin bütün üzvləri tərəfindən imzalanmalı idi. Xüsusən yetkin yaşına çatan kişilərin ayrılmasına icazə verildikdə, onlardan vaxt geri qayıtmamaq haqda iltizam alınırdı.[43]
1872-ci ildə Osmanlı dövlətinə gedənlər üçün kvotalar artırıldı. Dağıstan vilayətindən əvvəlcə 250 ailə, 1873-cü ildə isə 300 ailə köç edə bilərdi. 1865–1873-cü illər aralığında Dağıstandan Osmanlı imperiyasına 2 mindən çox ailə və ya təxminən 12–14 min nəfər mühacirət etmişdi.
Dağıstan bölgəsindən Osmanlı dövlətinə məcburi köçən əhali haqda Osmanlı arxivlərində maraqlı məlumatlar vardır. Arxiv məlumatlarına əsaslanaraq Türkiyəli tarixçi B. Həbiçoğlu 1860-cı ildə 130 Dağıstanlı ailənin Osmanlı imperiyasına köçdüyünü müəyyən edib. Bundan əlavə Osmanlı arxivlərindən 1864-cü ildə – 110 ailənin, 1872-ci ildə – 101 ailənin 1874-cü ildə – 554 nəfərin, 1890-cı ildə – 2514 nəfərin, 1901-ci ildə – 3146 nəfərin, 1902-ci ildə – 3361 nəfərin, 1903-cü ildə – 1392 nəfərin, 1905-ci ildə – 836 nəfərin mühacirət etdiyini müəyyən olunub.[3][44]
Osetinlər arasında köç edənlər əsasən Taqaur, Kurtatin və Diqor cəmiyyətlərinin nümayəndələri idi. Taqaurların və Kurtatinlərin torpaqları xüsusilə boşaldıldı. Bu gün Türkiyədə hələ də osetin mühacirləri tərəfindən tikilmiş kəndlər və məscidlər var.
Osetinlərin Şimali Qafqazdan Osmanlı torpaqlarına köç etməsinin əsas ideoloqu Rusiya imperiyası general-mayoru Musa Kunduxov olub. Osmanlı imperiyasına köçdükdən sonra isə o, Musa Kunduh Paşa adı ilə diviziya generalı olub.[45]
Musa Kunduxov çar hökumətinə müsəlman osetinlərin, Kiçik Çeçenistan çeçenlərinin və karabulakların bir hissəsinin Osmanlı imperiyasına köçürülməsi (muhacirlik) layihəsini təklif edib. O, bir çoxları üçün gözlənilməz olsa da bu prosesə rəhbərlik edib. Musa Kunduxov Osetin müsəlmanı Aldar Alxastın beşinci oğlu olub. 12 yaşında çar hökuməti tərəfindən əmanət olaraq Sankt-Peterburqa aparılıb. 1836-cı ildə Pavlovsk hərbi məktəbini bitirib. O, Əlahiddə Qafqaz Korpusunun tərkibində süvarilər üçün kornet təyin edilib. Kunduxov 1837-ci ildə I Nikolayı Qafqaz səfərində müşayiət edib. 1841-ci ildə kapitan rütbəsinə yüksəlib. Krım müharibəsi zamanı podpolkovnik rütbəsi ilə Kunduxov Zaqafqaziyada osmanlılara qarşı əməliyyatlarda iştirak etdiyi dağ süvari milislərinin təşkilinə rəhbərlik edib. 9 sentyabr 1853-cü ildə Kunduxova "İgidliyə görə" yazısı olan Qızıl Qılınc verilib.[46] Həmən ildə Musa Kunduxov polkovnik rütbəsinə yüksəlib. 1850-ci illərin sonunda o, Osetiya Ordusunun, daha sonra isə Terek bölgəsinin Çeçen milli rayonunun başçısı olub. 1860-cı ildə ona general-mayor rütbəsi verilib. Həmin il noyabrın 26-da zabit rütbələrində 25 illik xidmətinə görə IV dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif edilib.[47]
1865-ci il martın əvvəlində 5000 nəfərlik dağlı xalqları dəstəsi ilə Kunduxov Hərbi Gürcüstan yolu və Gürcüstandan keçərək quru yolu ilə Osmanlı dövləti istiqamətinə doğru yola düşüb. Kunduxovun rəhbərlik etdiyi mühacir karvanı iyunun 22-də Osmanlı ərazisi olan Qarsa çatıb. Onunla birlikdə oğulları Aslambek və Bəkirbəy (Türkiyənin gələcək xarici işlər naziri), Afako və Kazbulat qardaşları da Anadoluya gediblər.
Orada Musa Kunduxov Osmanlı vətəndaşlığını qəbul edib, paşa titulu və diviziya generalı rütbəsini alıb.[45]
1877–1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı o, 4 minə qədər atlıdan ibarət böyük türk süvari dəstəsinə komandanlıq edib. 1877-ci il mayın 17-dən 18-nə keçən gecə Qarsın şərqində, Bəyli Əhməd kəndi yaxınlığında gedən döyüşdə Kunduxovun dəstəsi mayor Kərim bəy Novruzovun komandanlığı altında Nijni Novqorod Draqun alayının 2-ci diviziyası tərəfindən məğlub edilib. Kərim bəy Novruzov döyüşdən sonra Musa Kunduxovun döyüş nişanını alıb.[48] Musa Kunduxov ömrünün son illərində Ərzurumda yaşayıb. Orada əvvəlcə o, yerli qarnizona komandirlik edib, sonra isə təqaüdə çıxıb. Musa Kunduxov Ərzurumda vəfat edib və orada Harman məscidinin ərazisində dəfn olunub.[45]
1860-cı ilə qədər demək olar ki, Kuban çayı və Laba çayı arasında yaşayan bütün dağlılar (çərkəzlər, adıqlar)[49][10]) və noqaylar, həmçinin Laba və Belaya çayları arasındakı kiçik icmalar Osmanlı dövlətinə köç etmişdilər.[10]
Rusiya hökuməti administrasiyası mühacirlərin ümumi sayını qeyd edirdi. Lakin bu məlumat dəqiqlikdən çox uzaq idi. Üstəlik, müharibə və müharibədən sonrakı dövrlərdə Rusiyanın işğal etdiyi ərazilərdə tərk etməyən əhalinin sayı təxminən məlum idi. Məsələn, məhkəmə icraçısı tərəfindən Kuban bölgəsinin yerli əhalisi haqqında məlumatlar və qoşunların komandirinin qərargahından alınan məlumatlar bəzən demək olar ki, yarıya qədər fərqlənirdi. Yerli hakimiyyət orqanları ciddi statistik işlər aparmaq üçün "imkanlarını çox üstələyirdilər". Yerli sakinlər çox vaxt kəndlərinin sayını (vergi haqqında söz-söhbət varsa) həddindən artıq çox az göstərirdilər və yaxud əgər hər hansı bir əlavə maliyyə yardımı təklifi olunanda isə, onların sayını avtomatik olaraq artırırdılar. Bu hallara siyahıda göstərilən sakinlərin sayına əsasən torpaq sahəsinin ayrılması haqqında qərar veriləndə də rast gəlinirdi. Şimali Qafqazda icmaların həddən artıq qapalı həyat sürməsini nəzərə alaraq, qonaqpərəstliyin[50] də müəyyən çərçivəyə malik olması səbəbindən… yerli əhalinin verdiyi məlumatları yoxlamaq mümkün deyildi.[9]
Qafqaz müharibəsindən sonra Osmanlı imperiyasına köçən mühacirlərin ümumi sayı M. E. Alekseyevə görə aşağıdakı kimi olmuşdur:[51]
Osmanlı imperiyasında mühacirlərə münasibət müxtəlif idi, yəqin ki, məskunlaşanlar arasında "Quranın qadağan etdiyi ticarətlə məşğul olmaqdan çəkinməyənlər" olmuşdur ki, bu da yerli əhali arasında tez-tez Şimali Qafqazlılara qarşı düşmənçilik yaradırdı.[15]
Osmanlı imperiyasına müsəlmanların köçü XVIII əsrin ikinci yarısından etibarən onun həyatının ayrılmaz hissəsinə çevrildi. İlk köçlər 1771-ci ildə, Rusiya-Türkiyə müharibəsi zamanı Krımın itirilməsi zamanı baş vermiş, lakin bu hadisə 1854–1856-cı illər Krım müharibəsi zamanı daha geniş vüsət almışdır. Krım tatarlarının mühacirətinə xristian dövlətinin hakimiyyəti altında qalmaq istəməməsi səbəbi idi. Krımdan gələn qaçqınların ümumi sayı, ehtimal ki, yarım milyon nəfəri ötmüşdü.[52] Osmanlı imperiyasına mühacirət edənlər təkcə müsəlmanlar deyildi. I Pyotrun və II Yekaterinanın islahatlarından qaçan yüzlərlə rus köhnə möminləri Dobrucada, Dunay boyunca və Qara dəniz sahillərində məskunlaşmışdılar. 1848–1849-cu illər inqilabları zamanı repressiyalardan qaçan minlərlə insan, xüsusən Macarıstan, Çexiya və Polşadan Osmanlı imperiyasına pənah gətirmişdi.[53]
Bu mühacir axınları 1857-ci ildə "Mühacir Məcəlləsi"nin (türk. Muhacirin Kanunnamesi) qəbul edilməsinə səbəb oldu. Məcəlləyə görə, kapitalı 60 Osmanlı qızıl sikkəsindən az olan ən yoxsul ailələr dövlətdən torpaq alır, Rumelidə məskunlaşdıqda 6 il, Anadoluda yerləşdikdə isə 12 il müddətinə vergi və hərbi xidmətdən azad edilirdilər. Köçkünlərə din azadlığı və dini binalar tikmək hüququ təmin edilirdi. 1860-cı ildə Ticarət Nazirliyinin nəzdində Qaçqınlarla İş üzrə Komissiya (türk. Mühacirin Komisyonu) yaradıldı və sonrakı il müstəqil qurum oldu.[53]
Daha böyük mühacirət dalğasına Qafqaz müharibəsi səbəb oldu. 1864-cü ildə Rusiya imperiyası Qafqazın dağlıq hissəsinə nəzarəti bərqərar etdi. Bütün tayfalar da daxil olmaqla 1,2 milyona qədər müsəlman Rusiya hökmranlığından xilas olmaq üçün Osmanlı imperiyasına qaçdı. Çox vaxt bu mühacirliyə rus ordusunun yerli əhaliyə qarşı terroru, habelə gürcü və kazak hərbi dəstələrinin qəddarlığı səbəb olurdu.[52]
1877–78-ci illər müharibəsinin nəticələri ərazisinin təxminən üçdə birini və əhalisinin 20%-dən çoxunu itirən Osmanlı imperiyası üçün fəlakətli oldu. Avropa güclərinin işğal etdiyi ərazilərdə müsəlmanların kütləvi şəkildə qətlə yetirilməsi başladı, nəticədə bir milyona yaxın qaçqın oldu, onların yalnız yarısı müharibə başa çatdıqdan sonra öz evlərinə qayıtdı. 260.000 adam öldürüldü və ya aclıqdan öldü. Krım və Şimali Qafqaz mühacirlərinin Osmanlı dövlətinin Avropa ərazilərində məskunlaşan keçmiş sakinləri üçün bu, ikinci köç oldu. Osmanlı imperiyasına sığınan 500.000 mühacirin bir hissəsi İstanbulda qaldı, qalanları Anadoluya, Balkanların imperiya nəzarətində olan hissəsinə, Krit və Suriyaya köçürüldü.[52][54]
Osmanlı imperiyası dağıldıqdan sonra onun ərazisində 10-dan çox müstəqil dövlət yarandı. İmperiyanın Yaxın Şərq torpaqlarında məskunlaşan Şimali Qafqazda mühacirləri hazırda Suriya, İraq, İsrail, İordaniya ərazisində yaşayırlar. Onlar burda yerli diasporalara malikdirlər. İraq ərazisinə gələn dağlı xalqları əsasən Kərkük, Diyalə, Bağdad, Mosul və Ənbər şəhərlərində və ətraflarında məskunlaşmışdılar.[55]
1859-cu ilə qədər İraqa köçürmə Dağıstandan Azərbaycan və İran vasitəsilə həyata keçirilirdi. Sonradan mühacirlik məcburi oldu. Fişxabur bölgəsi Şimali Qafqazdan İraqa köçənlərin təxminən 75%-ni təşkil edən çeçenlər üçün keçid məntəqəsi idi. Daha sonra onlar Mosuldan keçərək mərkəzi İraqa gediblər.[55] Köçkünlər Dahuk, Ərbil və Süleymaniyyə şəhərlərində məskunlaşdılar. Şimali Qafqazlıların indiki İraq ərazisinə köçü 1920-ci illərin əvvəllərinə qədər davam edib.[56]
Vaxtı ilə Osmanlı imperiyasının bir hissəsi olan İordaniya ərazisində hazırda təxminən 170 minə yaxın çərkəz yaşayır.[57] Onlar krallığın kiçik etnik azlıqlarından biridir. İordaniyada çərkəzlər sabitliyin əsas qarantı və hətta krallığın simvolu hesab olunurlar.[58] Çərkəzlər İordaniyada məskunlaşmağa hələ 1903-cü ildə, ilk 700 ailənin yaşayış olmayan ərazilərdə (Zərqa, Sveilax, Suxna, Azrak) yerləşdiyi vaxt başlamışdır. Müharibə zamanı çərkəzlər İordaniyanın müdafiəsində fəal iştirak ediblər. Birinci Dünya müharibəsi illərində Türkiyə Silahlı Qüvvələrinin tərkibində döyüşmüş, ingilis mandatı təsis edildikdən sonra mobil polis dəstəsinin tərkibinə daxil olmuş və müstəqil İordaniya Krallığının yaranması ilə Çərkəz Qvardiyası krallığın sadiq dəstəkçisinə çevrilmişdir. Çərkəzlərin Haşimilərə sədaqəti çoxsaylı "siyasi təlatümlər" nəticəsində belə olduğu kimi qalmışdır.[59]
Hazırda İordaniya ərazisində təqribən 16 min çeçen əsilli vətəndaş da yaşayır. Onlarda 1903-cü ildə çərkəzlərlə birlikdə buraya köçürülüblər. Çeçenlər çərkəzlərlə birlikdə burda Əz Zarqa şəhərinin əsasını qoyublar.[60] Osmanlı dövləti bu ərazilərə onları yerləşdirməklə bu bölgədə tikilən Hicaz Dəmiryolunun təhlükəsizliyini təmin etmək məqsədi güdürdü. Köçkünlərin bədəvi basqınlarına mane olmaları nəzərdə tutulurdu. Əz-Zarqada yaşayan çeçenlərin əksəriyyəti tikilməkdə olan dəmir yolunda çalışırdı.[60] Çeçenlərin bir hissəsi tədricən 1905–1907-ci illərdə — Suveylə (Əmmanın ətrafı), 1912-ci ildə — Əz-Zərqadan 10 km aralıda olan Əs-Suxna kəndinə, sonra Əzrək kəndinə köçdülər. Bu ərazilərdə hakimiyyət çeçenlərə 11 min donum torpaq sahəsi ayırmışdı.[60]
İordaniya çeçenləri öz ana dillərini və adət-ənənələrini qoruyub saxlaya biliblər. Onların arasında başqa millətlərin nümayəndələri ilə evlilik xoş qarşılanmır. İordaniyadakı ən böyük çeçen təşkilatı 1958-ci ildə yaradılmış Çeçen Xeyriyyə Cəmiyyətidir. Cəmiyyətin qərargahı Əz-Zərqa şəhərində yerləşir. Cəmiyyətin çeçenlərin kompakt məskunlaşdıqları ərazilərdə bölmələri var.[61] İordaniya parlamentində çeçenlərin iki deputat yeri var.[62] Yazılmamış qaydaya görə, İordaniyada yaşayan Qafqaz xalqlarının nümayəndələri hökumətin tərkibində və Senatda da yer alırlar. Adətən hökumətdə Qafqaz xalqları nümayəndələrindən bir nazir olur.[60]
Əvvəlcə Fələstin torpaqlarında məskunlaşdırılan, 1948-ci ildən isə İsrail ərazisində yaşayan çərkəzlərin hazırda sayı təxminən 4000–5000 nəfərdir. Onlar əsasən İsrailin iki şəhərində: Kfar-Kama (Кфар Кама) və Reyhaniyədə yaşayırlar.[63][64] Çərkəzlər 1870-ci illərdə Qalileyaya yerləşdirilən iki çərkəz diaspor qrupunun nəslindəndirlər.[65] 1930–1940-cı illərdə israilli çərkəzlər Britaniya hakimiyyətinin təqiblərinə baxmayaraq, Livan üzərindən Fələstinə qeyri-qanuni yəhudi miqrasiyasına fəal şəkildə kömək edirdilər.[66] Çərkəz kişilər 1956-cı ildən İsrail Müdafiə Qüvvələrində xidmət edirlər.[67] Rusiyalı Qafqaz ekspertlərinin fikrincə, israilli çərkəzlər digər xarici ölkələrdə yaşayan çərkəzlərlə müqayisədə öz etnik mədəniyyətlərini və xüsusən də ana dilini daha yaxşı qoruyub saxlayıblar.[68][69]
Şimali Qafqazda mühacirliklik edənlərin ən böyük hissəsi hazırkı Türkiyə Respublikası ərazisində yaşayır. 1.500.000 ilə 3 milyon arasında Türkiyə vətəndaşı Şimali Qafqaz kökənli şəxs sayılır. Türkiyədə çərkəzlərin sayına əslində çərkəz olmayan Abazinlər (10.000) və Abxazlar (39.000) kimi etnik qruplar daxildir.[70][71][72][73][74] Şimali Qafqazda mühacirlik edən əhali Türkiyə Respublikasının bir neçə bölgəsində kompakt halda yaşayırlar: