Bu səhifənin Əbu Mansur əl-Maturidi olaraq adlandırılması təklif edilir. Səhifənin adının dəyişdirilməsi ilə bağlı müzakirədə iştirak edərək fikirlərinizi bölüşə bilərsiniz. Lütfən, müzakirə bitənə qədər səhifədən şablonu çıxarmayın. |
Əbu Mənsur əl-Maturidi (ərəb. ابو منصور الماتريدي) və ya Məhəmməd ibn Məhəmməd ibn Mahmud Əbu Mənsur əl-Səmərqəndi əl-Maturidi əl-Hənəfi (təq. 852[1] – 944[2][1][…], Səmərqənd, Mavəraünnəhr, Abbasilər xilafəti) — Hənəfi fiqhi məzhəbindən olanların əksəriyyətinin etiqad (inanc) imamı, tanınmış alim, türk, islam filosofu, Maturidiyyə (maturidilik) etiqadi məzhəbin banisi.
Əbu Mansur Maturidi | |
---|---|
ərəb. أبو منصور محمد بن محمد بن محمود الماتريدي السمرقندي | |
![]() | |
Doğum tarixi | təq. 852[1] |
Vəfat tarixi | 944[2][1][…] |
Vəfat yeri | |
Elm sahələri | islam etiqad məzhəbləri[d], kəlam, təfsir, Əsli dəlillər |
![]() |
Əbu Mənsur əl-Maturidinin doğum tarixi haqda mənbələrdə heç bir məlumata rast gəlinmir, lakin onun doğum tarixini təxmini də olsa müəyyən etmək mümkündür. Belə ki, onun müəllimlərindən olan Nuseyr ibn Yəhya əl-Bəlxi hicri 268-ci ildə (təq. 899) vəfat etmişdir. Bu da onu göstərir ki, əl-Maturidi hicri 250-ci ildən (təq. 864) öncə dünyaya gəlib. Digər şeyxi Məhəmməd ibn Muqatil ər-Razinin hicri 248-ci ildə (təq. 862) vəfat etdiyini nəzərə alsaq əl-Maturidinin təxminən 230–235-ci illər (təq. 845–850) ətrafında dünyaya gəldiyini demək olar ki, bu da vəfat etdiyi zaman yaşının yüzə yaxın və ya yüzdən çox olduğunu təxmin etməyə imkan verər.[3]
Əbu Mənsur əl-Maturidi, Abbasilərin parçalanma və zəifləmə dövründə yaşamışdır. Bu dövr, türklərin Abbasi dövlətinin idarə sistemində çoxluq təşkil etdikləri dövr olduğundan bu dövrə "Türk Mühafizləri dövrü" mənasına gələn "Əsrul-Hərasit Turki" deyilir. Bu dövrdə daxili çəkişmələr artmış, xəlifə formallaşmış, xilafət içində müstəqil dövlətlər qurulmuşdur. Əbu Mənsur əl-Maturidinin yetişdiyi Səmərqənd şəhəri də bu formada Samanilərin hakimiyyəti altında idi. Bu dövrdə etiqadi məzhəb olaraq meydanda Əhlis-Sünnədən əlavə, Hənəbilə, Kərramiyyə, Rəvafid və Mötəzilə məzhəbləri var idi. Xüsusən Mötəzilə məzhəbi bu dövrdə olduqca fəal idi. Əbu Mənsur əl-Maturidi, Səmərqənddə ənənəvi Hənəfi mühitində yetişmişdir. Hənəfi dəsti-xəttinə sadiq müəllimlərdən dərslər almış, onların yanında yetişmiş və onlar vasitəsilə həm etiqadi, həm də fiqhi hənəfiliyi mənimsəmişdir. Əbu Mənsur əl-Maturidinin hənəfi olmayan bir şeyxdən dərs alıb-almadığı haqda dəqiq məlumat yoxdur, lakin kitablarda adı çəkilən müəllimləri, eləcə də tələbələri hamısı Hənəfi məzhəbinə mənsubdur.[3]
Əbu Mənsur əl-Maturidi, müxtəlif məzhəblərin yayıldığı və kəlam mübarizəsinin yüksək həddə çatdığı bir dövrdə, Səmərqənddə, ənənəvi Hənəfilər arasında yetişmişdir. Ən çox faydalandığı və yanında yetişdiyi şeyxi, Əhli Rəy imamlarından Əbu Nasr Əhməd ibn əl-Abbas ibn əl-Hüseyn əl-İyadidir. Əbu Mənsur əl-Maturidinin bu şeyxi, həm də onunla birgə Əbu Bəkr əl-Cüzcanidən elm almışdır. Dərs aldığı müəllimlərdən bir digəri, Əhməd ibn İshaq əl-Cüzcanidir. Əbu Mənsur əl-Maturidi, Əbu Hənifənin "əl Alim vəl-Mutəallim" kitabını məhz bu şeyx vasitəsilə rəvayət etmişdir. Nuseyr ibn Yəhya əl-Bəlxi də onun müəllimlərindən biridir. O, həmçinin görkəmli alim Məhəmməd ibn Muqatil ər-Razidən də elm almışdır.[4]
Ondan Əbu Hənifənin kitablarını rəvayət etmişdir.[5] Əbu Mənsur əl-Maturidiyə də Əli ibn Səid ər-Rustuğfəni,[6][7] İshaq ibn Məhəmməd əs-Səmərqəndi, Əbu Əhməd əl-İyadi[8] və Əbdülkərim ibn Musa əl-Bəzdəvi[9] kimi alimlər tələbəlik etmişdir.
Əbu Mənsur əl-Maturidi hicri 333-cü ildə (təq. 945) vəfat etmişdir. Vəfat etdiyi zaman yaşı yüzdən çox idi. Qəbri Səmərqənd şəhərindədir. Məzarı üstündə məşhur bir türbə var.[3]
Əbu Mənsur əl-Maturidinin Əhli Rəydəki yeri olduqca mötəbərdir. Bu istər etiqad və kəlam, istər fiqh, istərsə də üsul elmlərində belədir. Əbu Mənsur əl-Maturidinin, Əhli Rəy kitablarında, hidayət imamı mənasına gələn "İməmul-Hudə" adlandırılmışdır.[3]
Əbu Mənsur əl-Maturidi, Əbu Hənifənin etiqadi görüşlərini heç kəsin edə bilməyəcəyi şəkildə təhrir etmiş, onları əsaslandırmış və müxaliflərə rəddiyə vermişdir. Bu haqda Bəyadizadə belə deyir:
"Əbu Hənifənin o kitablarını imam Əbu Mənsur Məhəmməd ibn Məhəmməd ibn Mahmud əl-Maturidi əl-Ənsari Əbu Bəkr Əhməd ibn İshaq əl-Cüzcani və Əbu Nasr Əhməd əl-İyadi — Əbu Süleyman əl-Cüzcani — Əbu Yusif və Məhəmməd sənədi ilə rəvayət etmişdir. Həmçinin Nuseyr ibn Yəhya və Məhəmməd ibn Muqatil ər-Razi — Əbu Muti əl-Həkəm ibn Abdullah və Əbu Muqatil Hafs ibn Sələm əs-Səmərqəndi — İmamlar imamı Əbu Hənifə sənədi ilə rəvayət etmişdir. Bu kitablarda keçən üsulları öz kitablarında qəti dəlillərlə təhqiq etmiş, onlardan çıxan məsələləri yəqini bürhanlarla gözəl şəkildə qeyd etmişdir."[10]
Əhli Rəyin etiqadi və kəlami görüşlərini təhqiq və təhrir edən digər məşhur alim Əbul-Muin ən-Nəsəfi, məhz bu üzdən Əbu Mənsur əl-Maturidi haqda:
"Əbu Hənifənin (etiqadi) məzhəbini ən dərin biləndir."[11]
- demişdir.
Fiqhə və fiqh üsuluna gəlincə, Əhli Rəyin Səmərqənd mədrəsəsinin şeyxi, məhz imam Əbu Mənsur əl-Maturididir. Əhli Rəyin fiqh və fiqh üsulu kitablarında, Əbu Mənsur əl-Maturididən gətirilən nəqllər olduqca çoxdur.
Əbu Mənsur əl-Maturidinin Əhli Rəyin kəlam və əqidə sahəsində imaməti, onun fiqh üsulu sahəsində imaməti deməkdir. Şübhə yoxdur ki, fiqh üsulu elmi, elə kəlam elminin uzantısıdır. Bu üzdən imam Aləuddin əs-Səmərqəndi, özünün "Mizənul-Usul fi Nətəicil-Uqul" kitabını "Şəkk yoxdur ki, fiqh və əhkam üsulu elmi, kəlam üsulu elminin bir şaxəsidir" sözü ilə başlayır.[12]
Əhli Rəy üsulçularından Əbus-Səna əl-Lamişi də Əbu Mənsur əl-Maturidinin, Səmərqənd şeyxlərinin ən böyüyü olduğunu açıq şəkildə ifadə etmişdir.[3]
Kəlam tarixi ilə bağlı mənbələr Sünni kəlamının banisi olaraq Əbül-Həsən əl-Əşarini göstərsələr də, günümüzə qədər gəlib çatan əsərlər əsasında bu qurucunun əslində Əbu Mənsur əl-Maturidi olduğunu demək daha doğru olar.
əl-Əşarinin bizə qədər gəlib çatan və birbaşa öz görüşlərini əks etdirən əsas əsəri "əl-Lumə" adlı risalədir. Bu kiçik həcmli əsərdə yalnız ilahiyyat mövzularına, onun daxilində də qədər məsələsinə və təxminən beş səhifədə imanın tərifi və sərhədlərinə, üç səhifədə isə imamət məsələsinə yer verilmişdir. Lakin bu əsərdə epistemologiya (məlumatın əldə olunması yolları), nübüvvət (peyğəmbərlik) mövzuları, axirətə dair məsələlər, digər kəlam mövzuları, İslam firqələri və digər dinlərə, axınlara dair inanc və baxışlara kifayət qədər toxunulmamışdır.
əl-Maturididən təxminən yetmiş il sonra yaşamış İbn Furək tərəfindən yazılmış bir əsərdə əl-Əşarinin görüşlərinə yer verilmişdir. Lakin bu əsərdə də çox vaxt əl-Əşarinin əsərlərinə istinad edilmədən və hər hansı bir rəvayət zənciri göstərilmədən, "belə deyirdi, bunu qəbul edirdi" şəklində fikirlər sıralanmışdır. "əl-Lumə"dan fərqli olaraq burada epistemologiya ilə bağlı bəzi izahlar verilmiş, on səhifədən çox həcmdə bəzi nübüvvət və axirət məsələlərinə toxunulmuşdur.[13]
Əbu Mənsur əl-Maturidinin "Kitabut-Təvhid" adlı əsəri isə daha sonra Sünni kəlam əsərlərinin əsas quruluş planını təşkil edəcək olan üç əsas sütunu — ilahiyyat, nübüvvət və axirət mövzularını ehtiva edir. Hərçənd ki, bu plana bənzər bir quruluşu Əbu Hənifənin əqaid risalələrinin birləşdirildiyi əsərlərdə də görmək mümkündür.[14] Lakin həmin risalələrdə mövzular sistematik şəkildə deyil, daha çox dağınıq şəkildə və qismən işlənmişdir.
əl-Maturidinin kəlamla bağlı fikirləri yalnız "Kitabut-Təvhid"lə məhdudlaşmır. Onun "Təvilatul-Quran" əsərinin müxtəlif hissələrində də bu fikirlərə yer verilmişdir.[15]
Əbu Mənsur əl-Maturidi haqqında bir çox alimlər və mütəfəkkirlər müsbət fikirlər söyləmişlər. Onun elm, əqidə və məntiq sahəsindəki dərinliyi, İslam düşüncəsinə verdiyi töhfələr səbəbilə yüksək qiymətləndirilmişdir. Bəzi tanınmış alimlər və tədqiqatçılar onun barəsində aşağıdakı fikirləri söyləyiblər:
Müəllimi Əbu Nasr əl-İyadi, əl-Maturidi məclisə gəlmədən öncə dərsə başlamazdı. Onu uzaqdan gördüyü zaman təəccüblə ona baxar və "Rəbbin dilədiyini yaradar və seçər" ayəsini[17] oxuyardı.[18]
Tələbəsi Əbül-Qasım əl-Həkim əs-Səmərqəndi, əl-Maturidi vəfat edərkən qəbrinin üzərinə bu cür yazılmasını söyləmişdir:
"Bu qəbir, nəfəsi ilə elm saçan, elmi yaymaq və öyrətmək yolunda bütün gücü ilə çalışan, dində saldığı izləri sevilən və ömrü bərəkətli keçmiş birisinin məzarıdır."[19]
Əhli Rəy mütəkəllimlərindən Əbul-Yusr Pəzdəvi deyir:
"Zahid imam, şeyx Əbu Mənsur əl-Maturidi əs-Səmərqəndinin Əhlis-Sünnə vəl-Camaat yolu üzərə Tövhid elmində qələmə aldığı kitabları var. O, Əhli Sünnə vəl Camaatın rəislərindən idi və kəramətlərə sahib birisi idi. Atam şeyx imam mənə babası zahid imam şeyx Əbdülkərim ibn Musadan onun (Əbu Mənsur əl-Maturidinin) kəramətlərini nəql etmişdir."[20]
Əhli Rəy alimlərindən Kəfəvi, imam Əbu Mənsur əl-Maturidi haqda deyir:
"Hidayət imamı, Əhli Sünnənin öndəri, hidayət rəhbəri, Əhlis-Sünnət vəl-Camaatın bayrağını yüksəldən, fitnə və bidətin kökünü qazıyan, şeyx, imam Əbu Mənsur Muhəmməd bin Muhəmməd bin Mahmud əl Maturidi. Mütəkəllimlərin imamı, müsəlmanların etiqadını təshih edib düzəldən bir zatdır. İslamı müdafiə uğrunda Allah onu doğru yolla dəstəkləmişdir. Dəyərli kitablar yazmış və batil etiqad sahilərinin rəylərini dəf etmişdir."[21]
Hafiz Murtəda əz-Zəbidi belə deyir:
"O, doğru etiqadın yardımçısı və bidəti kökündən söküb atan birisidir. Şəriəti dirildən bir zatdır. Necə ki, künyəsi ("Mənsur" sözünü qəsd edir. Mənsur, ərəbcə yardım edilmiş deməkdir) də buna dəlalət edir".[22]
"Maturidi, İslam teologiyasını əqli əsaslarla sistemləşdirən mühüm fiqurlardandır. Onun əsərləri, Hənəfi məzhəbinin əqidəvi baxışlarını müdafiə edən intellektual cəhdin nümunəsidir."[23]
"Əl-Maturidi, əqli və nəqli tarazlaşdırmağa çalışan rasionalist kəlamçıdır. O, insanın ağıl gücünü əsas tutaraq, əqidə məsələlərini dərin təhlilə çəkmişdir."[24]
"Maturidi, Hənəfi hüquq sistemini müdafiə etməklə yanaşı, bu məzhəbin əqidə əsaslarını da rasional əsaslara söykənərək izah etmişdir. Bu, onu həm hüquqçu, həm də kəlamçı kimi ön plana çıxarır."[25]
Danyel Jimare:
"əl-Maturidinin "Kitab ət-Təvhid"i, İslam kəlam tarixində rasional yanaşmanın ən dəyərli nümunələrindən biridir. O, xüsusilə Allahın sifətləri və insanın azad iradəsi məsələlərində Əşaridən fərqli olaraq daha əqli mövqedə dayanır."[26]
Rudolf Ştrotman:
"Maturidilik, əqli və nəqli birlikdə dəyərləndirən bir məktəb olaraq İslam düşüncəsində mühüm bir mövqeyə sahibdir. Bu məktəb, xüsusilə Mərkəzi Asiyada və Osmanlı coğrafiyasında uzun əsrlər hakim olmuşdur."[27]
əl-Maturidiyə aid olduğu dəqiq bilinən on üç əsərdən on ikisinin adını (başqa əsərlərinin də olduğunu qeyd edərək) Əbül-Muin ən-Nəsəfi qeyd etmişdir. "Şərhul-Cəmiis-sağir" adlı əsərin mövcudluğu isə etibarlı klassik mənbələrdə verilmiş sitatlardan öyrənilir.[15] əl-Maturidi təfsir, fiqh və kəlamla bağlı əsərlər qələmə almışdır. Ərsəyə gətirdiyi əsərlər müxtəlif tarixlərdə alman, ingilis və türk dillərinə tərcümə edilmişdir. Onun qələmə almış olduğu əsərlər aşağıdakılardır:
Təfsirlə bağlı əsərləri:
Kəlamla bağlı əsərləri:
Fiqh bağlı əsərləri: