21 Azər soyqırımı, Güney Azərbaycanlıların soyqırımı, vəya 12 Dekabr soyqırımı (az.-əski. ۲۱ آذر سویقیریمی, İngiliscə: 21 Azar genocide, Farsca:نسلکشی ۲۱ آذر) — 12 dekabr 1946 ilində (21 Azər 1325 Günəş Hicri ilində) İranın Pəhləvi rejimi tərəfindən Güney Azərbaycan xalqına qarşı törədilən bir soyqırımdır. Güney Azərbaycanda baş verən bu soyqırımda 25 min Azərbaycanlı öldürülmüş və on minlərcə insan daha yaralanmış vəya qaçqın və məcburi köçgün düşmüşdür[1]. Pəhləvi rejimi bu cinayəti 12 dekabr 1946 dan başlayaraq Azərbaycan Milli Hökumətini aradan aparmaq bəhanəsiylə törətmişdir.
Zəncanı təhvil aldıqdan sonra şah qoşunları burada qırğınlar törətdilər.[2][3][4][5] İranın jandarm, qoşun və polisləri Zəncan şəhərini bir fateh kimi aldıqlarını iddia edərək demokratlara divan tutdular. Onlar Zəncanda silahsız əhalini öldürüb, uşaqları boğub ayaqları altına saldılar.[6] Sonradan baş verən bu hadisələr Zəncan faciəsi adını aldı.[7] Bu hadisələrdən sonra Təbrizdə və bir çox şəhərlərdə olanlara etiraz etmək məqsəfilə etiraz aksiyaları keçirildi.[8] Azərbaycan Universitetinin tələbələri Zəncan hadisələrinə etiraz etmək üçün universitetidən Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinə qədər yürüş keçirdilər.[9]
Mərkəzin qoşunu Təbrizə gələnədək Milli Hökumət dövründə fəallıq göstərmiş vətənpərvərlərə "mühacir" adı altında divan tutulmuş, yüzlərlə insan azadlıq mücahidi olduğuna görə küçələrdəcə qətlə yetirilmişdi.[10]
Komendant saatı elan olunub.[11]
Yazıçı Sayyad Heydəri doğma əmisi oğlunun dediklərinə istinad edərək yazır: "Biz Tehran qoşunu sırasında Zəngana daxil olarkən dəhşətli qətllərin şahidi olduq. Fədailərin və Firqə fəallarının boynuna qalın ip salıb hərəkətdə olan maşının arxasına bağlamışlar. Maşın hərəkətdə olarkən cəsədlərdən axan qan Zəncanın daş döşəməli xiyabanlarını al-əlvan qanla boyayırdı. Cəsədlərdən ayrılan ət parçaları — qol, qıç elə xiyabanda da qalırdı"[12]
Noyabr ayının sonlarından etibarən 50 minlik qoşun, 50-yə qədər təyyarə, 174 top, 3 minə yaxın pulemyot və başqa silahlarla 3 istiqamətdə Azərbaycana hücum başladı.[13] Vüqar Əhmədə görə bu hadisələrdə 50 min insan öldürülüb.[14] Cəmil Həsənliyə görə isə 30 minə qədər insan öldürülüb.[15]
Baş verən qırğınlarda şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[16][17][18]
Vilyam Duqlasa o dövrdə İranda gördüklərinə əsasən "Qəribə torpaqlar və mehriban insanlar" kitabını yazıb. Kitabda qeyd edib ki, İran ordusu Azərbaycan şəhərlərinə daxil olanda burada qarətlərlə məşğul olub dağıntılar törədiblər. Kəndlilərin saqqallarını yandırıb, qadın və qızlarını zorlayıblar.[19]
Qəzet və jurnallar bağlandı, Azərbaycan dilində təlim və tədris qadağan olundu.[20]
Azərbaycan türkcəsində yazılan kitablar elə şəhərlərin mərkəzi meydanlarına toplanaraq yandırılırdı.[17][21][22][23][24]
Firidun İbrahimi ilə eyni kamerada saxlanılan Müseyid Muradxaninin qızı Mahirə Muradxaninin xatirələrinə görə 23 may tarixində Təbrizdə Saat qabağı meydanında dar ağacları qurulub. Şah qoşunları Təbriz əhalisi edam səhnəsinə baxsın deyə meydanda musiqi qoşublar.[25]
Minlərlə insan İranın cənub bölgələrinə sürgün edildi.[26]
Mirzə Rəbi Kəbiri Marağada asılıb.[27] Urmiyada demokrat Bəhram Nəbi edamdan qabaq Azərbaycan himnini, 70 yaşlı Nurulla xan Yekani isə Səttarxana həsr edilmiş şeiri oxuyub.[28][29]
İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[30][31] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[31] Bu dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[31] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[30] 1946-cı ilin dekabrın 12-də Azərbaycan Milli Hökumətinin quruluşunun bir ili qeyd olunmadı.[30]
Səttarxanın, Bağırxanın heykəlləri dağıdılıb.[22]
"Mərdom" qəzetinin 1947-ci il iyulun 5-də çıxan sayına görə bir neçə ay ərzində Azərbaycanda 760 nəfər asılıb və ya güllələnib.[32]
Mirzə İbrahimovun yazdıqlarına görə Mərənd şəhərinə daxil olan şah qoşunları bir qrup demokratı şəhər mərkəzinə gətirərək onları daşlayıb öldürüblər. Daha sonra Milli Hökumətin zabiti olan Alanini güllələdikdən sonra nəşini yandıraraq şəhər boyu gəzdiriblər.[33]
21 Azər hərəkatının iştirakçısı, şair Əli Tudə Azərbaycan türkcəsində nəşr olunmuş kitabların yandırılması haqqında şeir yazıb.[34] Bu hadisəyə Səməd Vurğun da "Yandırılan kitablar" şeirini həsr edib.[17]
Milli Hökumət dağılqdıqdan sonra işgəncələrə, həbsə və sürgünə məruz qalan Gəncəli Sabahi “İnsanı azdıran” hekayəsində baş verən qırğınlar haqqında da məlumat verir.[35]
3041-8690