Mir Rəhim Vilayi və ya Mir Rəhim Abdullayev (1916, Təbriz – 1976, Bakı)
Mir Rəhim Vilayi | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1916 |
Doğum yeri | |
Vəfat tarixi | 1976 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, tarixçi |
|
|
Təltifləri |
![]() ![]() |
![]() |
Mir Rəhim Əbdüləli oğlu Vilayi 1916-cı ildə Təbriz şəhərində anadan olub. 1917-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İbtidai təhsilini Bakıda fəaliyyət göstərən İran məktəbində alıb.1932–1934-cü illərdə axşam məktəbini, 1934 −1935-ci illərdə bir illik hazırlıq kursunu bitirib. 1936-cı ildə fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirib. 1938-ci ildə İrana sürgün olunub və orada həbs olunaraq "Qəsri-Qacar" həbsxanasına salınıb. 1941-ci ildə müttəfiq orduları İrana girdikdən sonra həbsdən azad olunub.[1] Həbsdən çıxdıqdan sonra Təbrizə gəlib və burada Azərbaycan Ziddi-faşist Təşkilatına üzv olub.[2] Tezlilkə təşkilatın sədr müavini və onun mətbuat orqanı olan "Yumruq" qəzetinin redaktoru olub.[3][4] Bundan başqa Təbrizdə nəşr olunan "Azərbaycan", "Vətən uğrunda",[5] "Fəryad", "Ədəbiyyat səhifəsi", "Yumruq"[6] kimi qəzetlərdə də məqalələri ilə çıxış edib. 1942-ci ilin yanvar ayında yaradılmış Azərbaycan Zəhmətkeşlər Təşkilatının Mərkəzi Komitəsinin üzvü olub.[7][8] 1945-ci ildən Tudə Partiyasının Azərbaycan təşkilatının MK üzvü olub.
Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra firqəyə üzvü olub və onun birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib.[9] 1945-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin redaktoru olub. 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb.[10][11][12] Mir Rəhim Vilayi konqresin katibi seçilib.[11] ADF-nin Təbriz şəhər komitəsinin sədr müavini olub.[13][14]
1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[15][16][17] Mir Rəhim Vilayi də Azərbaycan Milli Məclisinə Mərənddən nümayəndə seçilib.[18] Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib.[19][20][21] Bu iclasda Mir Rəhim Vilayi Azərbaycan Milli Məclisinin katibi[22][23] və Azərbaycan Milli Məclisinin Rəyasət Heyətinin üzvü seçilib.[24][25] Eyni zamanda Təbriz şəhərinin şah qoşunlarından təmizlənməsində iştirak edən 7 fədai başçısından biri olub.[26]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib.[27]
1946-cı il dekabrın 11-də Azərbaycan Demokrat Firqəsinin Təbrizdə baş tutmuş son iclasında Məhəmməd Biriya müvəqqəti olaraq Azərbaycan Demokrat Firqəsinin I katibi seçilir.[28][29][30] Firudin İbrahimi və Mir Rəhim Vilayi isə onun müavinləri seçilirlər.[31][32] 1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[33][34] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[34] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[33][35] Azərbaycan Milli Hökuməti süqut etdi.[36][37] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[38][39][40] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[41][42] Bundan sonra da qırğınlar və talan davam etdi.[35][43] Mir Rəhim Vilayi bir müddət Təbrizdə gizli yaşayıb.[44] Bir neçə ay sonra isə 1947-ci ildə Bakıya mühacirət edib.[45]
1947–1951-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1947–1949-cu illərdə ADF-nin orqanı olan "Azərbaycan" qəzetində siyasi — ədəbiyyat şöbəsinin müdiri, 1949–1953-cü illərdə "Azərbaycan" qəzetinin redaktoru vəzifəsində çalışıb. 1952–1956-cı illərdə aspirantura təhsili alıb. 1953-cü ilin iyun ayında ADF MK-nın üzvü seçilib.[46] 1953–1957-ci illərdə ADF-nin təbliğat — təşviqat şöbəsinin müdiri, 1957–1959-cu illərdə ADF MK-sının sədri Mirqasım Çeşmazərin müavini vəzifəsində çalışıb.[47] 1959–1968-ci illərdə Azərnəşrdə siyasi ədəbiyyat şöbəsində böyük redaktor, 1968-ci ilin iyun ayından etibarən isə Azərbaycan Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran tarixi şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərib.[48] 1975-ci ildə "Azərbaycan Milli Hökumətinin dövründə mətbuat" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.[48][49]