Haşım Tərlan (1923, Bakı – 16 noyabr 2014, Tehran) — şair, ədəbiyyatşünas, 21 Azər hərəkatının iştirakçısı.
Haşım Tərlan | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Janr | şeir |
Üzvlüyü |
|
![]() |
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra həbs edilərək sürgün olunub. Azadlığa çıxdıqdan sonra Tehranda yaradılmış "Azərbaycan Cəmiyyəti"nin və "Dostlar görüşü" ədəbi məclisinin aktiv üzvü olub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Mir Haşım Həsən oğlu Həsənzadə 1923-cü ildə Bakı şəhərində anadan olub.[1][2] İlk təhsilini Bakıda 10 saylı orta məktəbdə alıb.[3] Kiçik yaşlarından şeir yazmağa başlayıb. İlk şeiri o beşinci sinifdə oxuyarkən "Pioner" qəzetində nəşr edilib.[2][3] 1938-ci ildə ailəsi ilə birlikdə İrana sürgün olunub.[2][4] Sərab şəhərinin yaxınlığında olan Zancilabad kəndinə köçürlər.[5] 1941-ci ildə Tehrana köçüb, bir müddət dülgər işləyib daha sonra isə tikiş fabrikində işə düzəlib.[3][5] Yaradıcılığa başladıqdan sonra özünə "Tərlan" ləqəbi götürüb.[2] 1941-ci il oktyabr ayının 11-dən etibarən Təbrizdə "Vətən yolunda" qəzeti nəşr olunmağa başlayıb.[6][7] Haşım Tərlan da öz yazdıqları şeirləri qəzetdə çap olunması üçün qəzetin redaksiyasına göndərir.[1][3] 1943-cü ildə ailə qurub[8] və bu evlilikdən 6 övladı olub.[9] 1945-ci il yanvarın 3-də "Vətən yolunda" qəzetinin nəzdində yaradılmış[10] "Şairlər məclisi"nin üzvü olub.[11]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[12][13] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[13] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[13][12] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[12][14] Azərbaycan Milli Hökuməti süqut etdi.[15][16] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[17][18][19] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[20][21] Bundan sonra da qırğınlar və talan davam etdi.[14][20]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Haşım Tərlan həbs olunaraq sürgün edilib.[1] Cəzası bitdikdən sonra yaradıcılığını gah açıq gah da gizli şəkildə davam etdirib.[1][5] Behzad Behzadinin təşkilatçılığı ilə nəşr olunan, "Bəşiri ayəndə" və "Bəşəriyyət" qəzetlərində şeirləri çap olunub.[22] 1952–1953-cü illərdə Tehranda yaşayan azərbaycanlı şair və yazıçılar tərəfindən yaradılmış "Azərbaycan Cəmiyyəti"nin işlərində[22] və 1964-cü ildən etibarən Salamulla Cavidin Tehranda təşkil etdiyi "Dostlar görüşü" ədəbi məclisinin iclaslarında iştirak edib.[1][5] 1979-cu ildə "Alovlu şerlər" adlı ilk şeir kitabı nəşr olunub.[3][22]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.[23] 2007-ci ildə "Gümüşü pencək" adlı avtobioqrafik kitabı nəşr olunub.[24] 2014-cü il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Haşım Tərlanın 90 illik yubileyi qeyd edilib.[25]
2014-cü il noyabrın 16-da Tehranda vəfat edib.[26] Noyabrın 17-də Tehranda Behişti-Zəhra qəbiristanlığında dəfn edilib.[27]