Məhşər — İsa Muğannanın tarixi-fəlsəfi romanı.[1]
Məhşər | |
---|---|
![]() | |
Müəllif | İsa Muğanna |
Janr | Roman |
Mövzu | Tarix, Fəlsəfə |
Orijinalın dili | Azərbaycanca |
Ölkə |
![]() |
Nəşriyyat | Hədəf |
Bu əsər müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir.[2]
İsa Muğanna 2010-cu illərdə əsər üzərində yenidən işləyib və bu barədə bildirib: "Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. Oxucu altılığa daxil edilmiş bu ƏsƏrləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: "İdeal", "Məhşər" ("Ənşər-mən şər"), "Qəbirstan", "GurÜn", "İsahəq, Musahəq", "Cəhənnəm".".[3]
"Məhşər" romanı ilə Azərbaycan nəsrində Nəsimi obrazının ilk, mükəmməl nümunəsi yaranır.[4]
"Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük hümanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edir.
Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.
Roman ilk dəfə kiril qrafikalı Azərbaycan əlifbası ilə 1978-ci ildə, 2-ci dəfə isə 1982-ci ildə Bakıda, Gənclik nəşriyyatında, 296 səhifədə və 1989-cu ildə nəşr edilib.[5][6]
Əsər 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsa Muğannanın 6 cildlik Seçilmiş əsərlərinin 3-cü cildində Bakıda, Avrasiya press nəşriyyatında tam şəkildə 304 səhifədə nəşr edilib.[7]
Romanın müəllif tərəfindən edilən yeni düzəliş və əlavələrlə olan yeni forması 2013-cü ildə Hədəf Nəşrlərinin "XAN" (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində 327 səhifədə nəşr olunub.[8][9][10][11]
2013-cü il mayın 18-də Bakıdakı Atatürk Mərkəzində İ. Muğannanın 85 illik yubileyi münasibətilə ədibin "Hədəf nəşrləri" tərəfindən çap olunmuş romanlarının təqdimatı keçirilib. Müəllifin özünün də iştirak etdiyi mərasimdə "İdeal" silsiləsində işıq üzü görmüş 6 əsəri — "İdeal", "Məhşər", "İsahəq, Musahəq", "Qəbiristan", "GurÜn" və "Cəhənnəm" romanları son əlavələrlə, yeni çap üslubunda, yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının razılığı ilə baş tutub. Kitabların naşiri Müşfiq Xan, qrafik dizayneri isə Teymur Fərzəlidir.[12][13][14][15]
"Məhşər" romanının 2013-cü il nəşri "Kitabevim.AZ" kitab mağazasının 2016-cı ildə ən çox satılan kitablarının siyahısında "Bədii (Milli Azərbaycan Ədəbiyyatı Silsiləsi üzrə)" kateqoriyası üzrə 30 kitab arasında 18-ci[16][17][18], 2017-ci ildə isə "Ən çox satılan yerli ədəbiyyat" kateqoriyası üzrə 50 kitab arasında 26-cı olub.[19]
Roman AMEA Şərqşünaslıq İnstitutunun fəlsəfə doktoru Zülfiyyə Vəliyeva tərəfindən[20] türk dilinə tərcümə edilmiş, "MAHŞER: Hak Elçisi Seyyit Nesimi" adı ilə ilk dəfə 2004-cü ildə[21], 2-ci dəfə isə 2015-ci ildə "YURT KİTAP YAYIN" nəşriyyatında 328 səhifədə nəşr edilib.[22]
14 dekabr 2012-ci ildə Modern.az saytının "Şedevr" rubrikasında "İsa Hüseynovun "Məhşər" romanı məhşərə çəkildi — roman haqda fərqli RƏYLƏR" başlıqlı yazısında bir sıra azərbaycanlı yazıçıların "Məhşər" romanı barədə rəylərini təqdim edib.[23]
12 fevral 2014-cü ildə Kulis.az azərbaycanlı yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında sorğu keçirib. Sorğuda iştirak edənlərdən "Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı"nı seçmək xahiş edilib.[24] Nəticələrə əsasən "Məhşər" romanı 10 səslə 5-ci olub.[25]
Ədəbi tənqidçi Əsəd Cahangirin fikrincə Azərbaycan nəsrdə oyanışı İsa Muğannanın "Məhşər" romanında Nəsimi və Nəimiyə qayıdışında tapdı.[26]
Filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy 19 avqust 2019-cu ildə Kulis.az saytına verdiyi müsahibədə "Məhşər" romanını və əsərin müəllifi İsa Muğannanı tənqid edib.[27] Ardınca bir sıra azərbaycanlı yazıçılar F. Qurbansoyun bu sözlərinə münasibət bildirib.[28] Daha sonra İsa Muğannanın qızı, BDU-nun müəlliməsi, filoloq Sevinc Muğanna da Qurbansoyun bu fikirlərinə münasibət bildirib.[29]
Nəsimişünas alim Səadət Şıxıyeva 22 avqust 2019-cu ildə Kulis.az saytına verdiyi müsahibədə "Məhşər" romanı barədə də danışıb.[30]
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı "Dünya mənim sədəfimdir, mən dünyanın gövhəriyəm" məqaləsində "Məhşər" alt başlığında Nəsimi haqqında yazılan əsərlərin içərisində "Məhşər" romanını xüsusi qeyd etmişdir.[31]
Romanın əsasında 1973-cü ildə İsa Hüseynovun ssenaristliyi və Həsən Seyidbəylinin rejissorluğu ilə Nəsimi filmi çəkilib.[32] Film Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunub. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat, Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilib.[33]
Bakı Bələdiyyə Teatrı Nəsiminin 650 illiyi münasibətilə romanın motivləri əsasında xalq artisti Mərahim Fərzəlibəyovun rejissorluğu ilə "Nəsimi" tamaşası hazırlayıb və tamaşa 13 noyabr 2019-cu ildə Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilib. Əsərin səhnə variantının müəllifi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Çingiz Ələsgərli olub. Tamaşada Nəsimi obrazını Tural Əhməd, Nəimini — Əməkdar artist Aydın Əliyev, Fatma obrazını Əməkdar artist Hüsniyyə Mürvətova, Zəhra obrazını isə Zülfiyyə Qurbanova canlandırıb.[34][35]