Ryoko Kui (九井諒子, Kui Ryoko?) – yapon manqaka. 2014–2023-cü illərdə "Enterbrain" nəşriyyatının "Harta" jurnalında nəşr olunmuş "Delicious in Dungeon" manqa seriyasının müəllifi kimi tanınır.
Ryoko Kui | |
---|---|
yap. 九井諒子 | |
Komiks fəaliyyəti | |
Sahəsi | manqaka |
Əsas işləri | |
Sayt | nisiryu.blogspot.com/?zx… |
Ryoko Kui yaradıcılığına "Pixiv" və Comitia üçün işlər hazırlamaqla başlamışdır. 2008–2012-ci illərdə öz şəxsi bloqunda "UORIR: Amble"[a] adlı veb-komiks seriyasını yayımlamışdır.[1] O, saytındakı fentezi manqasını öz hesabına nəşr etdirərək Comitia tədbirində nümayiş etdirmişdir. "East Press" nəşriyyatından bir redaktor onun manqasını nəşr etdirmək istəsə də, manqanın yaxşı satılmayacağını düşünüb qısa hekayələr toplusu kimi nəşr etdirməyə qərar vermişdir.[2] Kui 2011-ci ildə "Ryuu no Gakkou wa Yama no Ue Kui Ryouko Works"[b] adlı qısa hekayələr toplusu ilə manqaka kimi debütünü gerçəkləşdirmişdir.[3] 2012-ci ildə "Seven Little Sons of the Dragon: A Collection of Seven Stories"[c] adlı işi buraxılmışdır.[4] Manqa redaktoru Masaru Hiroi onun "Pixiv"də əriştəni burnu ilə yeyən oğlandan bəhs edən "Hana kara soba o taberu"[d] manqasını gördükdən sonra onunla email vasitəsilə əlaqə saxlamış və manqa çəkməyi təklif etmişdir.[2]
Kui 2013-cü ildə "Terrarium in Drawer" manqasına görə Yaponiya Media İncəsənəti Festivalının Manqa bölməsi üzrə Mükəmməllik Mükafatının qalibi olmuşdur.[5] 2014-cü ildə ilk uzun işi olan "Delicious in Dungeon" manqa seriyası serializasiya olunmağa başlamışdır. Kui bu manqasına görə 2015-ci ildə Comic Natalie Mükafatının qalibi olmuşdur.[6] 2024-cü ildə manqa seriyasının anime serialı adaptasiyası çəkilmiş və Kui animenin istehsal prosesində yaxından iştirak etmişdir.[7]
Kui bir müsahibəsində özünü əjdahalarla assosiasiya etdiyini bildirmiş və əsərlərinin çoxunda əjdaha mövzusundan istifadə etmişdir.[4] O, yeməklərlə arasının yaxşı olmadığını və uşaqlıqdan yemək seçdiyini bildirmişdir. Kui insanların qarşısında yemək yeməkdən və yemək yeyən insanları görməkdən nifrət etdiyi üçün yeməyini tualetdə yeyirdi.[2]
Kui videooyunların və stolüstü oyunların fanatıdır. O, balaca olanda atasının necə "Wizardry" oynadığını izləmişdir. İlk oyun konsolu valideynlərinin bir lotereyada udduqları Famicom olmuşdur. Lakin imtahanlara hazırlaşdığı üçün oyunlardan uzaqlaşmışdır. O, təkrar oyun oynamağa "Delicious in Dungeon" manqası üçün araşdırma apararkən başlamış və rol oyunları ilə tanış olmuşdur. O, "Disco Elysium" kimi yuxarıdan aşağı prespektivə, həyəcanlı hekayəyə və ağır mətnlərə malik olan, eləcə də, oyunçuların seçimlərinin böyük təsirə malik olan oyunları bəyəndiyini qeyd etmişdir.[2] "Papers, Please" onun ilk indi oyun təcrübəsi olmuşdur. O, "Gorogoa" və "Superliminal" kimi indi pazl oyunlarını bəyənir.[8] Kui öz bloqunda "Planescape: Torment", "Pathfinder: Kingmaker", "Baldur's Gate 3", "Pathfinder: Wrath of the Righteous" kimi videooyunların fanartlarını çəkmişdir.[9][10]