Yusif Əzima (1911, Təbriz) — siyasətçi, hüquqşünas. Azərbaycan Milli Hökuməti dövründə Ədliyyə naziri və Azərbaycan Milli Məclisinə Sərabdan seçilən nümayəndə.
Yusif Əzima | |
---|---|
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1911 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Yusif Əzima 1911-ci ildə Təbrizdə anadan olub.[1] İxtisasca hüquqşünas olub.[2] Tudə partiyasının üzvü olduqdan sonra İran Milli Məclisinə keçirilən XIV seçkilərdə Urmiyadan namizəd olub.[3]
1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[4][5][6] Keçirilən seçkilər nəticəsində Yusif Əzima Azərbaycan Milli Məclisinə Sərabdan nümayəndə seçilib.[7] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[8][9] Yusif Əzima qurulmuş hökumətdə Ədliyyə naziri təyin olunub.[10][11][12][13][14][15]
Milli Hökumət qurulduqdan sonra Yusif Əzima Rizaiyyə qarnizonunun komandiri Zəngənə ilə danışıqlarda iştirak edib. 18 dekabr tarixində polkovnik Zəngənə və Yusif Əzima arasında Rizaiyyə qarnizonunun tərksilah olunaraq Azərbaycan Milli Hökumətininh tabeliyinə keçməsi haqda müqavilə imzalanıb.[16]
1945-ci il dekabrın 21-də baş nazir Mir Cəfər Pişəvəri, ədliyyə naziri Yusif Əzima və daxili işlər naziri Salamulla Cavid Pəhləvilər dövründə həbs olunmuş və İran hökuməti tərəfindən siyasi məhbus kimi saxlanılan azərbaycanlıların amnistiyası ilə bağlı təkliflə çıxış ediblər.[17] Bu təklifə əsasən həbs müddəti 1 ildən az olanlar həbsdən azad olunmalı, həbs müddəti 1 ildən çox olanların həbs müddəti yarıya qədər azaldılmalı, ömürlük həbs olunanların həbs müddəti 15 ilə qədər azaldılmalı, ölüm hökmü alanların isə həbs müddəti 10 ilə qədər azaldılmalı idi. Bu amnistiya həm də Azərbaycanda mühakimə olunub Tehranda və ya Azərbaycan Milli Hökumətindən kənarda saxlanılan məhbuslara da şamil olunurdu.[17]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[18][19] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[19] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[19][18] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[18][20] Azərbaycan Milli Hökuməti süqut etdi.[21][22] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[23][24][25] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[26][27] Bundan sonra da qırğınlar və talan davam etdi.[20][26] Yusif Əzimanın sonrakı həyatı ilə bağlı fikirlər müxtəlifdir. Bəzi məlumatlara görə Yusif Əzima şah qoşunları tərəfindən həbs olunub, 1948-ci ildə isə həbsdən buraxılıb.[28] Başqa məlumatlara görə isə Milli Hökumət dağıldıqdan sonra öldürülüb.[3]