Kərki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidində kənd. Kərki Sədərək kəndinin 8–10 kilometrliyində, Arpaçayın sahilində, Tejkar dağının ətəyində yerləşir. Kərki Azərbaycanın 4 eksklav ərazisindən biridir,[a] yəni onun Naxçıvan Muxtar Respublikası ilə fiziki əlaqəsi yoxdur və Ermənistan ərazisi ilə tam əhatə olunmuşdur.[2][3] Kəndin ümumi ərazisi təxminən 960 hektardır və ərazisindən Ermənistanın şimal ilə cənubunu birləşdirən M-2 magistral yolu keçir.
Kərki | |
---|---|
![]() | |
39°47′08″ şm. e. 44°56′37″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Sədərək rayonu |
Tarixi və coğrafiyası | |
İlk məlumat | Tunc dövrü |
Sahəsi |
|
İqlimi | kontinental |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 154 (2011, Ermənistan) və ya 986 (2019, Azərbaycan) nəfər |
Milli tərkibi | azərbaycanlılar (1990-cı ilə qədər), ermənilər (1990-cı ildən sonra) |
Rəsmi dili | |
![]() |
Kərki kəndi tarixi baxımdan qədim irsə malikdir. Kəndin qərbində Tunc dövrünə aid yaşayış məskəni, müdafiə qalası və qədim nekropol yerləşir. Arxeoloji tədqiqatlar zamanı nekropol sahəsində daş qutu şəklində qəbirlər, keramika nümunələri və digər maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. Kərki nekropolunda tapılan boyalı qablar Naxçıvan ərazisindəki digər arxeoloji abidələr üçün səciyyəvi xüsusiyyətlər daşıyır. Eyni zamanda, kənd ərazisində Birinci Dünya müharibəsi dövründə həlak olmuş Osmanlı əsgərinin məzarı da mövcuddur.
1920-ci illərdən başlayaraq Azərbaycan SSR və Ermənistan SSR arasında sərhəd məsələləri ilə bağlı mübahisələr Kərki kəndinin inzibati statusuna təsir etmişdir. Kənd Qarabağ müharibəsi zamanı, 19 yanvar 1990-cı ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş, onun azərbaycanlı əhalisi məcburi köçkün vəziyyətinə düşmüşdür. Kərki kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş və Qarabağ regionundan kənarda yerləşən 4 yaşayış məntəqəsindən biridir.[b] İndiki dövrdə Kərki kəndi Ermənistanın Ararat mərzinin inzibati ərazisinin bir hissəsi kimi idarə olunur və Ermənistan tərəfindən Tiqranaşen adlanır, lakin o, beynəlxalq hüquqa əsasən, Azərbaycan Respublikasının ərazisi hesab edilir.
Oykonim kərki tayfasının adı ilə bağlıdır. Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınmışdır. Türkmənistan ərazisində Kerki adlı şəhər, rayon, qəsəbə və Kerkidağ adlı dağ mövcuddur.[5] Buna baxmayaraq, Türkmənistan mənbələrin bu adın farsmənşəli olduğu və "dağ qalası" mənasını daşıdığını bildirilir.[6] Həmçinin, Xankəndi şəhərinin inzibati ərazi vahidində yerləşən Kərkicahan qəsəbəsi ilə eyni etimologiyaya malikdir.[7] Azərbaycanlı tədqiqatçılar kəndinin adını İraqda yerləşən Kərkük şəhəri ilə də əlaqəli ola biləcəyini irəli sürmüşdülər.[8]
Kərki Qızıldaş dağı da adlanan[9] Tejkar dağının ətəyində, Arpaçay sahilində,[10] Azərbaycanın paytaxtı Bakı şəhərinin 470 kilometr cənub-şərqində,[11] Sədərək kəndinin 8–10 kilometrliyində,[12] Naxçıvan Muxtar Respublikası–Ermənistan sərhədindən təqribən 5 kilometr məsafədə yerləşir.[13] Kənd 960 hektara yaxın ərazini əhatə edir.[12] Kərki kəndi otlaq və düzənlik ərazidə yerləşir,[14] iqlimi kontinentaldır. Orta temperatur 14 °C-dir. Ən isti ay avqust, 32 °C, ən soyuq ay isə −6 °C ilə yanvardır.[15] Orta illik yağıntı 436 mm-dir. Ən yağışlı ay 71 mm yağıntı ilə may, ən quraq ay isə 7 mm ilə avqustdur.[16] Onun ərazisindən Ermənistanın cənubu ilə şimalını, İran və Gürcüstan ilə olan sərhədlərini birləşdirən M-2 magistral yolu keçir.[17][18][19]
Kərki kəndi tamamilə Ermənistan ərazisi ilə əhatə edilmişdir. Kəndin cənub-şərqində Paruyr Sevak, şimalında Birəli, şimal-qərbində Keşişverən və Çanaxçı kəndləri yerləşir. Bundan başqa, kəndin şimal-qərbdə Urts dağları, cənub-qərbində Tejkar dağı, cənubunda isə Aratso dərəsi yerləşir.[20] Bəzi məlumatlara görə, hündürlüyü 1735 metr olan[21] Tejkar dağında qızıl yataqları mövcuddur.[9]
Kəndin yaxınlıqlarında Kərki düzü yerləşir. Bu, tarixən Sədərəkdən yaylaqlara doğru hərəkət edən obaların yolu kimi rol oynamışdır. XIX əsrdə yaşamış Azərbaycan aşığı Aşıq Əli Xanxanımoğlu öz şeirində buradan bəhs etmişdir.[22] Şeirin sözügedən bəndləri aşağıdakı kimidir:
Hamıdan göyçəkdir əmimin qızı,
Elə bir doğubdu bir dan ulduzu. Səndən xəbər alım "Kərkinin düzü", Aşan yollar yar yanına gedirmi?[23] |
Kərki kəndinin qərbində Tunc dövrünə aid arxeoloji abidə mövcuddur. Sahədə geniş tədqiqat aparılmamışdır. Kompleksin tərkibində e.ə. III–I minilliklərə aid yaşayış məskəni, müdafiə qalası və qədim nekropol var. Kobud yonulmuş iri qaya parçalarından hörülmüş qala divarlarının qalıqları saxlanılmışdır. Yerüstü materiallar dən daşları, sürtgəclər, çəhrayı və boz rənglərdə bişirilmiş gil məmulatından ibarətdir. Çəhrayı qablar qırmızı anqobla ilə örtülərək qara rənglə naxışlanmışdır. Boz rəngli gil qab qırıqları çölmək tipli qablarla təmsil olunmuşdur.[10]
Nekropolun sahəsi 2 hektardır. Daş qutu qəbirlərin kənarları iri sal daşları ilə qurulmuş, üzəri iri daş plitələr ilə örtülmüşdür.[24] Daş qutu şəklində hazırlanmış qəbirlərdə keramika məmulatları aşkar edilmişdir.[25] Bəzi qəbirlərin ətrafında kromlexlərə rast gəlinir. 1979-cu ildə ərazidə aparılan təsərrüfat işləri zamanı bir neçə qəbir dağıdılmış, əsasən, monoxrom boyalı küpə və kasalardan ibarət əldə olunan qəbir materialları Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir. Kərki nekropolunda tapılan boyalı qablar Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Çalxanqala, Nəhəcir, Yaycı, II Kültəpə kimi arxeoloji abidələr üçün səciyyəvidir.[24][26]
Kərki ərazisindəki şəhidlikdə Birinci Dünya müharibəsi zamanı burada gedən döyüşlərdə həlak olmuş Osmanlı əsgərinin məzarı var.[27] Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlar nəticəsində, 1919-cu və 1922-ci il siyahıyaalmalarına əsasən, kəndin əhalisi yox idi. Siyahıyaalma zamanı Kərki Vedi kəndləri sırasına daxil edilmişdir.[28] 13 oktyabr 1921-ci ildə Türkiyə, Rusiya SFSR, Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında imzalanmış Qars müqaviləsində Azərbaycanın protektoratı altında Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verilməklə müəyyən edilmiş sərhəddə Kərki kəndi Ermənistan SSR-nin içərisində yox, Azərbaycan SSR ərazisi daxilində mövcudluğu qeyd edilmişdir.[29] Buna baxmayaraq, Ermənistan SSR-nin 1926-cı ilə aid xəritəsində kənd Ermənistanın tərkibində kimi göstərilmişdir.[30] Hər halda, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan MSSR-nin Kərki kəndinin ətrafında yerləşən 900 hektardan artıq ərazi Ermənistan SSR-yə verilmişdir. Beləliklə, Kərki kəndi Azərbaycanın eksklavı olmuşdur.[12][31] Azərbaycan mənbələrində qeyd olunmuşdur ki, bu torpaqların Ermənistana verilməsi haqqında protokolu o zaman Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində işləyən iki erməniəsilli şəxs – Qadakçiyan və İsaakyan imzalamışdılar.[32] Bundan sonra, 1968-ci ilin may ayında kənd ərazisinin başqa bir hissəsi Ermənistan SSR-yə verilmişdir.[10] Ermənistan SSR-nin nəzarətinə köçürülən ərazilər arasında Kərki düzü, Həsənqulu bağı, Bağırsaq dərə, Qaraağac, Bəzirxana, Köhnə Kərki, Dem, Nabat bulağı, Qızıl daş, Ağıldərə və s. vardır.[33]
Sovet hakimiyyəti illərində Kərki sakinləri ilə ətrafda yaşayan ermənilər arasında çoxlu insidentlər və gərginliklər baş tutmuşdur.[10][34] Həmin dövrdə Kərki kəndi nisbətən kasıb bir yaşayış məntəqəsi kimi tanınırdı. Kənddən nə rayon mərkəzi olan Şərur şəhərinə, nə də Sədərək kəndinə hər hansı ictimai nəqliyyat marşrutu mövcud deyildi. Kənddə xəstəxana, çörəkxana və hamam kimi əsas sosial obyektlər də yox idi. Bununla yanaşı, kənd əhalisi ciddi şəkildə işsizlik problemi ilə üzləşirdi.[35][36] Ermənistan şairi Paruyr Sevak 1971-ci ildə Kərki düzü adlı ərazidə maşın qəzasından həlak olmuşdur və qəza yerində xatirə kimi simvolik qəbir salınmışdır.[12][37] Çox keçməmiş, 1978-ci ildə ərazidə Sevanakan kəndi yaradılmışdır. İndiki dövrdə həmin kənd Paruyr Sevak adlanır.[38]
Kərki kəndi Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən təzyiqlər altında qalmışdır. 1980-ci illərdən başlayaraq, Kərki kəndinin işıq və rabitə xətləri mütəmadi kəsilmiş, mal-qara arasında oğurluq halları baş tutmuşdur. Artıq 1988-ci ildən başlayaraq, Ermənistan SSR ərazisindən Kərki kəndi hücumlar həyata keçirilmişdir.[10] Kəndin yerli əhalisi döyüşə yararlı 45 nəfəri siyahıya alaraq onları silahlandırmış, hər birində 15 nəfər olmaqla kəndin üç yerində post yaratmışdı.[39] 1989-cu ilin mart ayının sonlarında, 94 hektar sahəni əhatə edən Həsənqulu bağında, Əjdəkan dağının arxasından başlayaraq Kərki düzünə qədər uzanan ərazilərdə Ermənistan tərəfinin şum işləri apardığı barədə məlumatlar yayılmışdır. Bu vəziyyət Sədərək kəndinin sakinləri arasında narazılığa səbəb olmuş, lakin yerli sovet hakimiyyəti etirazların qarşısını almışdır. Nəticədə, ərazidəki ərik ağacları buldozerlər vasitəsilə məhv edilmişdir. Buna cavab olaraq, yerli azərbaycanlılar etiraz aksiyaları təşkil etmiş və hadisəni törədən ermənilərə qarşı hücumlar baş vermişdir. Bu insident nəticəsində ölən və yaralananlar qeydə alınmışdır.[40][41] 1989-cu ilin son aylarında Kərkiyə Sədərəkdən gələn avtomobil yolunda gediş-gəliş ermənilər tərəfindən tamamilə dayandırılmışdır.[42][9] 24 avqustda Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin baş direktoru Tofiq İsmayılov helikopter ilə Kərki kəndinə səfər etmişdir. Kəndə avtomobillə getməyin mümkün olmadığını müşahidə etdikdən sonra o, həmin gün Kərkinin müdafiəçilərinə ərzaq, yanacaq və digər zəruri ehtiyacların çatdırılması üçün xüsusi bir vertolyot ayrılmasını təmin etmişdir.[43] 28 sentyabr tarixində SSRİ Daxili Qoşunlarının üç zabitini Kərkidəki vəziyyətlə tanış olmaq üçün Naxçıvan MSSR Daxili İşlər Nazirliyinin xətti ilə Kərkiyə aparan "Volqa" markalı avtomobil maşın geri qayıdarkən ermənilər tərəfindən atəşə tutulmuşdur, lakin heç bir itki olmamışdır.[44]
Artıq 1990-cı ilin əvvəllərində kənd ərazisində Azərbaycan və Ermənistan silahlı dəstələri arasında döyüşlər də baş tutmuşdur.[45] 14 yanvar 1990-cı ildə, səhər saatlarında Ermənistan SSR-nin silahlı dəstələri Kərki kəndində yerləşən dərənin sağ sahilindəki asfaltdan, Şırran körpüsü, "O tay", "Köhnə Kərki" və Sənəm zağası ərazilərindən 115 ədəd avtomobildə 2,000–3,000 nəfərlik silahlı qüvvə ilə döyüş əməliyyatı başladılmışdır. Kəndin müdafiəsi əvvəlcədən hazırlanan mövqelər və təchizat sayəsində müəyyən qədər təşkil olunmuşdu, lakin ermənilərin hücumu qəflətən və çox sayda həyata keçirilmişdi, bu səbəbdən də kəndin sayca az olan, yerli əhali, həmçinin Şərurdan və Sədərəkdən gələn könüllülərdən ibarət müdafiəçiləri çətinliklərlə üzləşmişdilər. Kərki kəndinin ən yüksək nöqtələrində yerləşən mövqelərdən atəş açılaraq erməni silahlı dəstələrinin kəndə girməsinin qarşısı alınmışdı. Azərbaycan tərəfinin kəndin aşağı hissəsinə səkkiz top mərmisi atəş etməsi nəticəsində Ermənistan tərəfində çoxlu sayda itkiyə səbəb olmuşdu. Bu top həmin ilin əvvəlində ermənilərin çəkdiyi bir kinofilmin çəkiliş meydanında tapılmış və sonradan kəndin müdafiəsi üçün uyğunlaşdırılmışdı. Çox keçməmiş, kəndin ətrafında gedən atışmalar və mühasirə nəticəsində müdafiəçilər çətin vəziyyətə düşmüşdülər. Erməni silahlı dəstələri Kərki kəndinin müxtəlif yerlərindəki evləri yandırmışdı.[39] Baş tutan döyüşlərdə Azərbaycan tərəfindən naməlum sayda döyüşçü həlak olmuşdur. Kərki kəndi Sədərək döyüşləri zamanı, SSRİ Silahlı Qüvvələrinin hərbçilərinin səyləri nəticəsində 15 yanvar tarixində boşaldılmışdır.[12][10][46] Kəndin əhalisi ermənilərin hücumundan sonra Şurut dərəsi vasitəsilə Sədərək kəndinə doğru çəkilmişdilər.[39] Növbəti gün erməni silahlıları Kərki kəndinə hücum edərək evləri yandırmışdılar,[47] kənd xarabalıq halına düşmüşdür.[18] Kərki kəndi 19 yanvar 1990-cə ildə erməni silahlıları tərəfindən işğal edilmişdir.[27] Nəticədə, Kərki kəndinin bütün azərbaycanlı əhalisi məcburi köçkün vəziyyətinə düşmüşdür.[48] 28 aprel 1990-cı ildə Naxçıvan MSSR Ali Soveti Kərki kəndində fövqəladə vəziyyət elan etmişdir və SSRİ rəhbəri Mixail Qorbaçovdan kəndin nəzarətinin Azərbaycan SSR-yə qaytarılmasını xahiş etmişdir.[49]
Ermənistan hökuməti kəndə Ermənistan krallığının zirvə dövründə padşahı olmuş II Tiqranın şərəfinə[11] Tiqranaşen adını vermişdir.[50][51] Kərki kəndinin məcburi köçkün vəziyyətinə düşmüş əhalisi sonrakı dövrlərdə Azərbaycan cəmiyyətində stiqmaya məruz qalmışdır.[39] Bundan sonra kəndin didərgin düşmüş 96 ailəlik əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınmışdır. Məcburi köçkünlərin çoxu Yeni Kərki kəndində, digər ailələr isə Azərbaycanın başqa ərazilərində məskunlaşmışdılar.[52][27] Kərki kəndi beynəlxalq hüquqa görə, Azərbaycan Respublikasının ərazisidir və Azərbaycan hökuməti əcnəbi vətəndaşların əraziyə getməsini qəti şəkildə qadağan edir. Həmin əraziyə daxil olan əcnəbi vətəndaşların Azərbaycan Respublikasına girişinə birdəfəlik icazə verilməyəcək və onlar "Arzuolunmaz şəxslər siyahısı"na daxil ediləcəklər.[53]
1992-ci ilin may ayından Kərki kəndi Ermənistan tərəfindən Ararat mərzinin bir hissəsi kimi idarə olunur.[54][55][56] 1995-ci ildə qəbul edilmiş "Ermənistanın inzibati ərazi bölgüsü haqqında" qanuna əsasən, Kərki Paruyr Sevak kəndinə daxil edilmişdir.[34][57] Ermənistan hökumətinin 1998-ci il tarixli "Ermənistan Respublikasının sərhəd icmalarının siyahısının təsdiq edilməsi haqqında" fərmanına əsasən Kərki Ararat mərzinin Paruyr Sevak kəndinin rayonu kimi təqdim olunur.[34][58] Ermənistan hökumətinin 2001-ci il "Ermənistan Respublikasının yaşayış məntəqələrinin baş planlarının işlənib hazırlanması üzrə mərhələli proqram haqqında" fərmanına əsasən Kərki Ararat mərzinin ayrıca yaşayış məntəqəsi kimi təqdim olunur.[34][59] 2002-ci ildə qəbul edilmiş "Ermənistan Respublikasının sərhədyanı rayonlarının inkişafı üzrə Kompleks Proqramın təsdiq edilməsi haqqında" qanunda Kərki Ararat mərzinin Paruyr Sevak kəndinin rayonu kimi təqdim olunur.[34][60]
İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə imzaladıqları üçtərəfli bəyanatın ilkin variantında bir sıra əlavələrlə Qarabağın bir neçə rayonunun, Ermənistanın Tavuş və Ararat mərzlərinin tərkibində idarə olunan, lakin Azərbaycanının eksklavları olan ərazilər Azərbaycana verilməli idi. Daha sonra eksklavlarla bağlı bənd müqavilədən çıxarılmışdır, lakin müxtəlif platformalarda bununla bağlı müzakirələr davam etmişdir. Müxtəlif dövrlərdə dərc olunan nəşrlər Nikol Paşinyanın Kərki kəndini Azərbaycan Respublikasına verməyə hazırlaşdığını iddia etmişdir, lakin bu, Ermənistan hökuməti tərəfindən təkzib edilmişdir.[61][62]
22 may 2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan Kərkini Azərbaycan Respublikasının bir hissəsi kimi tanıdığını elan etmişdir.[63] Paşinyan bildirmişdir ki, 1975-ci ilin sovet xəritələri Azərbaycan və Ermənistan arasındakı sərhədin çəkməsi üçün nəzərdə tutulan nümunə olmalıdır və xəritədə Kərki Azərbaycanın bir hissəsi kimi göstərilmişdir. Bu bəyanat Ermənistanda müxalifət partiyalarının tənqidinə səbəb olmuşdir. Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı qaldırılan başqa məqam Kərki ilə Naxçıvanın qalan hissəsi arasında keçmiş Laçın dəhlizinə oxşar bir dəhlizin yaradılmasının mümkünlüyü olmuşdur.[64] Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev 9 mart 2024-cü ildə bəyan etmişdir ki, Kərki kəndi də daxil olmaqla "dörd anklav kəndinin azad edilməsi ilə bağlı məsələlər" Ermənistanla delimitasiya və demarkasiya prosesi çərçivəsində həll olunmalıdır.[65]
"Qafqaz təqvimi"nin 1910-cu il nəşrinə görə, Kərki kəndində 1908-ci ildə əsasən tatar (azərbaycanlı) olan 244 nəfər yaşayırdı.[66] Bu say 1911-ci ildə bir qədər artaraq 245 nəfərə çatmış,[67] lakin 1914-cü ildə 242 nəfərə enmişdir.[68] Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qətliamlar nəticəsində, 1919-cu və 1922-ci il siyahıyaalmalarına əsasən, kəndin əhalisi yox idi.[28]
1990-cı ilin məlumatına görə, Kərki kəndində 350-yə yaxın və ya 500 nəfərdən çox insan yaşayırdı.[12][49] 2019-cu ilin məlumatına görə, kəndin azərbaycanlı əhalisi 986 nəfərdir[69] və onların hamısı məcburi köçkündür.[9] İndiki dövrdə kənddə əsasən ermənilər yaşayır. Onlar arasında həm ermənistanlılar, həm də Azərbaycandan qaçqın düşmüş ermənilər məskunlaşmışdır.[70] Onların çoxu Bakı və Gəncə şəhərlərindəndir.[71] 2011-ci ildə kəndin əhalisi 154 nəfər idi.[72] 2022-ci ilə olan məlumata görə, Kərki kəndində ümumilikdə 200 erməni və ya 40 ailə yaşayır.[32]
Tarixi əhali | |
---|---|
İl | Əh. |
1908 | 244[66] |
1911 | 245[67] |
1914 | 242[68] |
1920 | 0[28] |
1990 | 350–500[12][49] |
2019 | 986[69] |
2011 (Ermənistan) | 154[72] |
2022 (Ermənistan) | 200[32] |