Qulamrza İlhami (1904, Təbriz) — siyasətçi, ictimai xadim, fədai. Pəhləvilər dövründə İsfahanın və Təbrizin meri, Azərbaycan Milli Hökuməti qurulduqdan sonra isə Maliyyə naziri olub.
Qulamrza İlhami | |
---|---|
![]() | |
12 dekabr 1945 – 13 iyun 1946 | |
aprel 1944 – oktyabr 1945 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1904 |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
![]() |
Qulamrza İlhami 1904-cü ildə Təbriz şəhərində anadan olub.[1][2] 1934-cü ildə İsfahanın, 1944-cü ilin aprel ayından 1945-ci ilin oktyabr ayınadək isə Təbriz şəhərinin meri olub.[3][4][5][6]
Təbriz şəhərində demokratlara loyal münasibət bəslədiyi üçün Tehrana çağırılıb və vəzifəsindən kənarlaşdırılıb.[7][8]
1945-ci il oktyabrın 2-də Təbrizdə Azərbaycan Demokrat Firqəsinin birinci təsis qurultayında iştirak edib.[5][9] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı.[10][11][12] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[13][14] Qulamrza İlhami də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[14][15] 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[13][16][17] Təbrizdə keçirilən seçkilər nəticəsində Qulamrza İlhami səs toplayaraq Azərbaycan Milli Məclisinə Təbrizdən nümayəndə seçilib.[18][19]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.[20] Qulamrza İlhami qurulmuş hökumətdə Maliyyə naziri seçilib.[21][22][23][24] Milli Məclisin birinci iclası da dekabrın 12-də keçirilib.[25][20] Bura seçilən nümayəndələrdən 26 nəfəri xidmətdə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilməyiblər. Onlardan biri də Qulamrza İlhami olub.[26] Təbriz şəhərinin şah qoşunlarından azad olunmasına rəhbərlik edən 7 fədaidən biri olub.[26][27]
Maliyyə naziri olduğu dövrdə bir çox islahatlar aparıldı və vergi qanunlarına yenidən baxıldı.[28] Nazirliyin büdcəsindən Təbriz Universitetinin binası üçün 2 milyon 500 min tümən, Hüquq və Siyasi məktəbinin təşkili və təsisi üçün 1 milyon 500 min tümən, Təbriz bələdiyyəsinə 1 milyon 500 min tümən, Azərbaycan şəhərlərinin abadlığı üçün 2 milyon tümən, Təbriz, Urmiya, Ərdəbil, Marağa, Zəncan, Xoy, Əhər şəhərlərində tərbiyə evləri açmaq üçün 1 milyon 500 min tümən ayrılıb.[28] 1946-cı il aprelin 4-də Azərbaycan Milli Məclisinə təqdim etdiyi büdcə layihəsində büdcənin 49,82 faizi maarif, səhiyyə, əkinçilik və abadlıq işləri üçün nəzərdə tutulub.[28]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[29][30] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[30] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[30][29] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[29][31] Azərbaycan Milli Hökuməti süqut etdi.[32][33] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[34][35][36] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[37][38] Bundan sonra da qırğınlar və talan davam etdi.[31][37]
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Azərbaycana mühacirət edib.[39] 1947-ci ildə Bakıda Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi bərpa olundu.[40] 1953-cü ilin oktyabr ayında Azərbaycan Demokrat Firqəsinin Azərbaycan SSR ərazisində yaradılmış təşkilatlarının konfransı keçirilib.[41] Bu konfransda Qulamrza İlhami firqənin təftiş komissiyasına üzv seçilib.[42][41] 1955-ci ildə ADF Mərkəzi Komitəsində aparılan müzakirələrdən Tudə Partiyası ilə Azərbaycan Demokrat Firqəsinin birgə hərəkət komitəsinin təşkil edilməsinə səs verən 16 nəfərdən biri olub.[41] Qulamrza İlhami ömrünün sonuna qədər partiyada fəaliyyət göstərib.[43]