I-dle (hanqıl: 아이들; YR: Aideul) və ya keçmiş adı ilə (G)I-dle (hanqıl: (여자)아이들; YR: Yeoja Aideul) – "Cube Entertainment" tərəfindən 2018-ci ildə yaradılmış Cənubi Koreya qız qrupu. Qrup beş üzvdən ibarətdir: Miyon, Minni, Soyon, Uqi və Şuhua. Qrup yaradılarkən 6 üzvdən ibarət olsa da, Sucin 14 avqust 2021-ci ildə qrupdan ayrılmışdır. Qrup musiqililiyinə, çoxistiqamətliliyinə və stereotipləri qırdığına görə bəyənilmişdir. Qrup buraxdığı mahnıların çoxunu özü yazması və bəstələməsinə görə tanınır. Debüt etdikləri vaxtdan etibarən Cənubi Koreyanın ən uğurlu qız qruplarından biri hesab olunur.
I-dle | |
---|---|
![]() | |
![]() "I-dle" 2024-cü ildə Soldan sağa: Minni, Miyon, Soyon, Uqi və Şuhua. | |
Əsas məlumatlar | |
Üslub | K-pop |
Fəaliyyət illəri | 2018–hazırda |
Ölkə | Cənubi Koreya |
Leybl | Cube Entertainment[d] |
Heyət | |
Keçmiş üzvlər | |
![]() |
"(G)I-dle" 2 may 2018-ci ildə "I Am" minialbomu və "Latata" mahnısı ilə debüt etmişdir. Bir neçə orta dərəcədə uğurlu olan buraxılışlardan sonra 2022-ci ildə "I Never Die" albomu ilə buraxılmış "Tomboy" mahnısı qrupa şöhrət gətirmişdir. Mahnı Circle Digital hit-paradında birinci yerə yüksəlmişdir. Qrupun növbəti mahnısı olan "Nxde" də hit-paradda birinci yeri tutmuşdur. Nəticədə, "(G)I-dle" 2022-ci ildə iki mahnısı "mükəmməl tam ölüm" edə bilmiş yeganə qrup olmuşdur.
Qrupun 2023-cü ildə buraxılmış "I Feel" minialbomuna daxil olan "Queencard" mahnısı qrupun ardıcıl üçüncü dəfə Koreyada birinci yerə yüksəlmiş sinqlı olmuşdur. Albom onların Cənubi Koreyada 1 milyon satışı keçən ilk albomları olmuşdur. Qrupun ikinci studiya albomu "2" (2024) də uğurlu olmuş və 1 milyondan çox nüsxəsi satılmışdır. Alboma daxil olan "Super Lady" və "Fate" mahnıları hit-paradlarda yüksək yerlərə çıxmışdır.
5 aprel 2018-ci ildə "Cube Entertainment" yeni yaradacağı qrupunun adının "(G)I-dle" olacağını açıqlamışdır.[1] Qrupun adının ideyası Soyona məxsusdur. O, yazdığı "Idle Song" mahnısından təsirlənərək qrupa "Idle" adını təklif etmişdir.[2][3] Lakin "idle" sözü ingilis dilində işdən yayınmanı bildirdiyi üçün qrupun adı "(G)I-dle" kimi müəyyənləşdirilmişdir.[4][5] Qrupun tərkibi Hondae bölgəsində baş tutmuş küçə performansı tədbiri zamanı açıqlanmışdır.[6]
"(G)I-dle" 2 may 2018-ci ildə "I Am" minialbomu və albomun əsas mahnısı olan "Latata" ilə debüt etmişdir.[7][8] "Latata" mahnısının klipi ilk həftədə 5,9 milyon baxış almışdır.[9][10] Mahnı "Circle Digital" hit-paradında 35-ci yerdə debüt etmişdir.[11] "(G)I-dle" ilk musiqi verilişi qalibiyyətini 22 may 2018-ci ildə SBS MTV-nin "The Show" verilişində əldə etmişdir.[12][13] 14 avqustda qrupun ilk rəqəmsal sinqlı "Hann (Alone)" buraxılmışdır.[14][15] Mahnının klipi 24 saat ərzində YouTube-da 4,9 milyon baxış toplamışdır.[16] Sentyabrda qrup Tailandda keçirilmiş "KCON" musiqi festivalında iştirak etmişdir.[17] 2018-ci ilin noyabrında Riot Games "K/DA" virtual qrupu üçün "Pop/Stars" mahnısını buraxmışdır. Miyon və Soyon bu qrupda Ahri və Akali personajlarının vokallarını ifa etmişdirlər.[18] "(G)I-dle" 2018-ci ildə Asiya Sənətçi Mükafatı, Qızıl Disk Mükafatı, Melon Musiqi Mükafatı kimi mükafatları qazanmışdır.[19][20][21][22][23]
26 fevral 2019-cu ildə qrupun ikinci minialbomu olan "I Made" buraxılmışdır.[24] Əsas mahnısı Soyon tərəfindən yazılmış "Senorita" olan bu minialboma 5 mahnı daxil idi.[25] 26 iyunda "(G)I-dle" ikinci rəqəmsal sinqlı olan "Uh-Oh" mahnısını buraxmışdır.[26] Mahnı 2019-cu ilin ilk yarısında "NetEase Cloud Music China" hit-paradında 35-ci yeri tutmuş və onlar bu hit-paradda yer alan yeganə K-pop qrupu olmuşdurlar.[27] İyulda qrupun ABŞ-dəki ilk konserti baş tutmuşdur.[28] Onlar 2019-cu ildə ilk dəfə "Queendom" verilişində yarışmışdırlar.[29] 31 iyulda qrup "Latata" minialbomu ilə Yaponiya debütünü gerçəkləşdirmişdir.[30] Sentyabrda qrupun ilk fanatlarla görüş tədbiri baş tutmuşdur.[31] 25 oktyabrda qrup "Lion" sinqlını buraxmışdır.[32] Mahnı üçün 4 noyabrda yayımlanmış klip 2 gün ərzində 5 milyon baxışı keçmişdir.[33][34] 21 dekabrda qrup Tayvanın Taynan şəhərində çıxış etmişdir.[35]
28 yanvar 2020-ci ildə qrup 32 şəhəri əhatə edən "I-Land: Who Am I" adlı ilk dünya turunu açıqlamışdır.[36] Lakin COVID-19 pandemiyasına görə Banqkokda baş tutmalı olan açılış şousu təxirə salınmışdır.[37][38] 6 apreldə qrupun üçüncü minialbomu "I Trust" və albomun əsas mahnısı "Oh My God" buraxılmışdır.[39][40] Minialboma 5 mahnı daxil idi.[41] Üç gün ərzində minialbomun 100.000 fiziki nüsxəsi satılmışdır.[42][43] "I Trust" "Gaon" albom hit-paradında birinci yerə yüksəlmiş və qrupun Cənubi Koreyadakı ilk bir nömrəli albomu olmuşdur. Albom "Billboard" albom hit-paradında 4-cü yeri tutmuşdur.[44] "Oh My God" mahnısının klipi ilk gün ərzində 17 milyon baxış toplamışdır.[45] Klip 2020 MTV Musiqi Videosu Mükafatında "Ən yaxşı K-pop videosu" nominasiyası əldə etmişdir.[46] 15 mayda qrup "Latata" mahnısının rəsmi ingiliscə versiyasını buraxmışdır.[47] 7 iyulda qrup "I'm the Trend" sinqlını və klipini buraxmışdır. Qrupun fanatlarına həsr olunmuş bu mahnı Minni və Uqi tərəfindən bəstələnmişdir.[48][49] 3 avqustda "(G)I-dle" ilk sinql albomunu – "Dumdi Dumdi" albomunu və albomun eyniadlı əsas sinqlını buraxmışdır.[50] "Dumdi Dumdi" ən yaxşı satılan ikinci qız qrupu sinql albomu olmuşdur.[51] Mahnı isə "Gaon Digital" hit-paradında 8-ci yerə qədər yüksəlmişdir.[52] Mahnının klipi bir gün ərzində 17,6 milyon baxış yığmışdır.[53] Mahnı "Show Champion", "M Countdown" və "Inkigayo" verilişilərinin qalibi olaraq qrupun ən çox mükafat qazanan mahnısı olmuşdur.[54] 26 avqustda qrup Yaponiyada "Oh My God" minialbomunu buraxmışdır.[55] Alboma "Oh My God", "Uh-Oh", "Senorita", "Dumdi Dumdi" mahnılarının yaponca versiyaları və Minni tərəfindən bəstələnmiş orijinal "Tung Tung (Empty)" mahnısı daxil idi.[56][57] "(G)I-dle" 2020-ci ildə Spotify-də ən çox dinlənilmiş 10-cu K-pop sənətçisi olmuşdur.[58]
11 yanvar 2021-ci ildə qrupun dördüncü minialbomu "I Burn" və albomun əsas sinqlı "Hwaa" buraxılmışdır.[59] "I Burn" "Hanteo" albom hit-paradında birinci yerdə debüt etmişdir.[60] "Hwaa" klipi 29 saat ərzində 10 milyon YouTube baxışı yığmışdır. Qrup tarixində ilk dəfə olaraq bir alboma daxil olan bütün mahnılar "Melon" hit-paradında yer almışdır.[61] "Hwaa" 10 musiqi verilişi qalibiyyəti əldə edərək bu baxımdan qrupun ən uğurlu mahnısı olmuşdur.[62] 27 yanvarda "(G)I-dle" mahnının rəsmi ingiliscə və çincə versiyalarını buraxmışdır.[63] Çincə versiyanın sözlərini Uqi yazmışdır. 5 fevralda qrup mahnının Dimitri Vegas & Like Mike tərəfindən remiks edilmiş versiyasını buraxmışdır.[64] Bu, qrupun xarici sənətçilərlə ilk əməkdaşlığı olmuşdur. 4 martda Sucinin keçmiş sinif yoldaşları tərəfindən səsləndirilən bullinq ittihamları səbəbilə fəaliyyətinə fasilə verdiyi açıqlanmışdır.[65] 29 apreldə qrup "Last Dance" mahnısını buraxmış, Sucin fasilədə olduğu üçün onun mahnıdakı hissələri digər beş üzv arasında bölüşdürülmüşdür.[66] 13 mayda Uqi "A Page" albomunu buraxmış və qrupun solo debüt edən ikinci üzvü olmuşdur.[67] 14 avqustda "Cube Entertainment" Sucinin qrupdan ayrıldığını[68] və qrupun beş üzvlə davam edəcəyini açıqlamışdır.[69]
17 yanvar 2022-ci ildə qrup Dubayda ilk dəfə beş üzvlə çıxış etmişdir.[70] 14 martda qrupun ilk studiya albomu "I Never Die" və əsas sinqlı "Tomboy" buraxılmışdır.[71] "Tomboy" qrupun həm "Gaon Digital", həm də "K-pop Hot 100" hit-paradında birinci yerə yüksəlmiş ilk sinqlı olmuşdur.[72][73][74][75] 24 martda qrup bu mahnı ilə "mükəmməl tam ölüm" əldə etməyi bacarmışdır.[76][77] Albomun B-tərəf treki olan "My Bag" qrupun hit-paradlarda ən yaxşı nəticə göstərən mahnısı olmuşdur. "Tomboy" mahnısının uğuru və populyarlığı "Tomboy sindromu" ifadəsinin yaranmasına səbəb olmuşdur.[78][79][80] Mahnının klipi 50 gün ərzində 100 milyon baxışa çatmışdır.[81] Mahnının xareoqrafiyası böyük populyarlıq əldə etmiş, mahnı sentyabrda Spotify-də 100 milyon dinlənməyə çatmışdır.[82] "Time" jurnalı "I Never Die" albomunu ilin ən yaxşı albomlarından biri seçmiş, "Tomboy" mahnısını ilin ən uğurlu K-pop mahnılarından biri adlandırmışdır.[83] 17 iyunda qrup "Just Me ( )I-dle" adlı ilk dünya turuna başlamışdır.[84] 17 oktyabrda qrupun beşinci minialbomu "I Love" buraxılmışdır.[85] Merilin Monro konsepsiyasında olan[86] bu albomun əsas sinqlı "Nxde" qrupa ilin ikinci "mükəmməl tam ölüm" uğurunu gətirmişdir. Beləliklə, "(G)I-dle" K-pop tarixində eyni ildə bu uğuru birdən artıq qazana bilmiş dördüncü qrup olmuşdur.[87][88] Albom kommersiya baxımından böyük uğur gətirmiş, "Nxde" mahnısı 12 musiqi verilişi qalibiyyəti əldə etmişdir.[89] 16 dekabrda qrup Stiv Aoki ilə əməkdaşlıq edərək mahnının remiks versiyasını buraxmışdır.[90]
2023-cü ildə qrup Tayvan televiziyasında debüt etmişdir.[91] 16 may 2023-cü ildə qrupun altıncı minialbomu "I Feel" buraxılmışdır.[92] 17 iyunda qrup "I Am Free-ty World Tour" adlı ikinci dünya turuna başlamışdır.[93] "I Feel" albomunun əsas sinqlı "Queencard" "Circle" hit paradında birinci yeri tutmuş, qrupun "mükəmməl tam ölüm" etmiş üçüncü mahnısı olmuşdur.[94] "I Feel" 2023-cü ildə ən çox satılan 14-cü albom olmuşdur. 5 oktyabrda qrup 88rising ilə əməkdaşlıq edərək ingiliscə olan ilk minialbomunu – "Heat" minialbomunu buraxmışdır.[95] Minialbomun ilk mahnısı "I Do" 13 iyunda buraxılmışdır.[96]
29 yanvar 2024-cü ildə qrupun ikinci studiya albomu "2" buraxılmışdır.[97] Alboma daxil olan "Wife" sinqlı 22 yanvarda buraxılmışdır.[98] Albomun digər mahnısı olan "Fate" TikTok-da populyar olmuş və gözlənilmədən uğur qazanaraq "mükəmməl tam ölüm" etmişdir. Beləliklə, "(G)I-dle" ardıcıl dörd geri dönüşdə "mükəmməl tam ölüm" edə bilmiş ilk K-pop qız qrupu olmuşdur.[99] 8 iyulda qrupun yeddinci minialbomu "I Sway" və əsas sinqlı "Klaxon" buraxılmışdır.[100][101] 3 avqustda qrup üçüncü dünya turuna başlamışdır.[102]
2 may 2025-ci ildə – qrupun yeddi illiyində qrup rebrendinq edərək adını "Id-le" olaraq dəyişdirmişdir.[103] Eyni gün "We Are I-dle" adlı xüsusi minialbom buraxılmışdır. Xüsusi minialboma qrupun əvvəlki 9 mahnısının 5 üzvlük (Sucinsiz) versiyaları daxildir.[104] Qrupun səkkizinci minialbomu "We Are" 19 mayda buraxılacaq.[105]
"I-dle" musiqililiyinə və çoxistiqamətliyinə görə bəyənilmişdir.[115][116] Qrup buraxdığı mahnıların çoxunu özü yazması və bəstələməsinə, eləcə də, unikal konsepsiyalarına görə tanınır.[117][118] Qrup qarşı cinsə xitab etmək yerinə qadın və qızlardan ibarət fanat bazası yaratmışdır. Qrupun fandomu rəsmi olaraq "Neverland" kimi tanınır.[119] "BBC World Service" qrupu gender stereotiplərini qıran qrup kimi təsvir etmişdir. "(G)I-dle" Hyuna və "BTS"dən ilham aldıqlarını açıqlamışdır.[120]
"(G)I-dle" mahnıları mumbaton ("Latata", "Hann (Alone)" və "Dumdi Dumdi"), latın popu ("Senorita"), bum-bap ("Uh-Oh") və urban hip-hop ("Oh My God") kimi müxtəlif üslub və janrlardadır.[121][122][41][123] İdol mahnılarının çoxu vəda və sevgi mövzularında olsa da, qrupun "Lion" mahnısı şəxsin ləyaqətini şirinki ilə müqayisə etmək haqqındadır.[124] "I Trust" albomu özünəinam və özünü sevmə mövzularına toxunur.[125] "Melon" jurnalı qrupun unikal musiqisini qrupun "ən güclü silahı" adlandırmışdır.[121] "Dumdi Dumdi" mahnısı yay mahnılarının irsini davam etdiyi üçün bəyənilmişdir.[126]
Qrupun bəzi mahnıları cizgi filmlərdən, kitablardan və seriallardan təsirlənmişdir.[127] "Senorita" mahnısı 2017-ci ildə buraxılmış "Despacito" mahnısından təsirlənərək yazılmışdır.[128] "Lion" mahnısı qrupun Yaponiyadakı debütü zamanı "Kral Aslan" filmi izlədikdən sonra ərsəyə gəlmişdir.[129] "Dumdi Dumdi" mahnısı "Heyvanlar diyarı" animasiyasından təsirlənərək yazılmışdır.[130] "Tomboy" mahnısı Kruella De Vil personajından təsirlənərək yazılmışdır..[131]
Vikianbarda I-dle ilə əlaqəli mediafayllar var. |