Şəcərəyi-tərakimə (Çağatayca: شجرهٔ تراکمه , ''Türkmənlərin soy ağacı") — Xivə xanı Əbülqazi Bahadır xan tərəfindən 1659-cu ildə tamamlanan Çağatay dilində yazılmış tarixi əsər.[1]
Şəcərəyi-tərakimə | |
---|---|
ərəb. شجرهٔ تراکمه | |
Müəllif | Əbülqazi Bahadır xan |
Orijinal dili | Türki dili |
Yazılma ili | XVII əsr |
“Şəcərəyi-tərakimə” qədim dövrlərdən başlayaraq türkmənlərin tarixini təsvir edir. Əsərdə bütün türkmənlərin və ümumilikdə bütün türkdilli xalqların əfsanəvi əcdadı və qəhrəmanı olan Oğuz Xaqanın həyatı, onun Avrasiya ölkələrini fəth etmək üçün apardığı yürüşlər və orta əsrlərdə Oğuz türkmən xanlarının hakimiyyəti haqqında məlumatlar yer alır. Əsər zəngin xalq nağılları, etnonimlərin mənşəyi, atalar sözləri və deyimlərlə doludur.[2]
Əbülqazi Bahadır xan 1603-cü ildə Ürgəncdə anadan olmuş, Xivə xanı və türk tarixinin tanınmış müəlliflərindən biri olmuşdur. Gənc yaşlarından siyasi çəkişmələrə qatılmış, atasının ölümündən sonra Buxaraya sığınmış, daha sonra isə Səfəvi sarayında – İsfahanda – on il yaşamışdır. Burada türk tarixinin ərəb və fars mənbələrini öyrənmiş, sonradan "Şəcərəyi-tərakimə" əsərini qələmə almışdır. 1643-cü ildə Xivə xanı olmuş və 21 il hakimiyyətdə qalmışdır. Hökmdarlığı dövründə xüsusilə türkmən tayfaları ilə münasibətlərdə ciddi qarşıdurmalar yaşamışdır. 1663-cü ildə vəfat etmişdir.[3]
Əbülqazi Bahadır xanın iki əhəmiyyətli əsəri var. Bunlardan biri “Şəcərəyi - Türk”, digəri isə “Şəcərəyi-Tərakimə”dir.[4]
Əbülqazi Bahadır xan tərəfindən 1659–1660-cı illərdə qələmə alınmış “Şəcərəyi- tərakimə” adlı əsər müəllifin tarixi-fəlsəfi dünyagörüşünü əks etdirən mühüm mənbələrdən biri hesab olunur.[5] Əsərin məzmununu formalaşdıran əsas qaynaqlar türkmən tayfaları arasında dolaşan şifahi rəvayətlər, bəzi din və tayfa başçılarının əlində qorunan şəcərə sənədləri, eləcə də yazılı tarixi mənbələrdir. Əbülqazinin bu baxımdan xüsusilə Rəşidəddin Fəzlullah Həmədaninin “Cəmi ət-təvarix” əsərində yer alan Oğuznamə mətnindən istifadə etdiyi araşdırmaçılar tərəfindən xüsusi qeyd olunur.[6]
Əbülqazi Bahadır xanın müəllifi olduğu “Şəcərəyi-tərakimə” adlı əsərin məzmunu əsasən üç hissəyə bölünür:[7]
Əfsanəyə görə, insan nəslinin başlanğıcı Adəmdən başlayır və Nuh peyğəmbərə qədər davam edir. Nuh Tufanından sonra üç oğlu – Ham, Sam və Yafəs yer üzünə yayılırlar. Ham Hindistana, Sam İrana, Yafəs isə İdil (Volqa) və Yayık (Ural) çayları sahəsinə göndərilir. Yafəsin səkkiz oğlu olur: Türk, Xəzər, Səqlab, Rus, Minq, Çin, Kəməri və Tarix. Ölümündən əvvəl Yafəs Türkü öz varisi elan edir.[7]
“Şəcərəyi-tərakimə”yə görə, Oğuz xanın altı oğlu olmuşdur. Hər bir oğlu birinci arvadından dörd, digər arvadlarından isə bir neçə oğul sahibi olur. Beləliklə, Oğuz xanın birinci arvadlarından olan nəvələrindən 24 əsas Oğuz tayfası yaranır. Bu tayfalar “aymaq” adlanan sosial birliklərin başçıları sayılır. İkinci arvadlardan doğulan oğullar isə bu əsas tayfalara birləşən alt tayfaların başlanğıcını qoyur.[7]
İki aimak birləşərək yüzlük adlanır. Yüzlüklər isə öz növbəsində iki böyük qrupa bölünür: Bozoxlar (böyük tayfalar) və Üçoxlar (kiçik tayfalar). Hər bir qrup 12 yüzlükdən ibarət olmuşdur və hər yüzlük iki aymaqdan təşkil olunurdu. Beləliklə, qədim türkmənlər Bozox və Üçox olmaqla iki əsas hissəyə bölünürdü.[9]
“Şəcərəyi-tərakimə”də qeyd olunan 24 Oğuz türkmən tayfası
Bozoxlar (Böyük oxlar) – Gün xan nəslindən:
Üçoxlar (Göy xan, Dağ xan, Dəniz xanın nəslindən)
Oğuz xanın ikinci arvadlarından olan nəvələrinin törətdiyi tayfalar
Bu alt tayfalar əsasən aşağıdakılardır:
Kənə, Günə, Türbətli, Gireyli, Soltanlı, Oxlu, Göklü, Qırğız, Suçlu, Xorasanlı, Yurçu, Camçı, Turumçı, Qumi, Sorxi, Qurcuk, Saracıq, Qaracıq, Təkin, Qazıqurt, Lələ, Mərdəşüy, Sayır və s.
Qədim və orta əsr türkmənlərinə aid digər tayfa birlikləri
Əsərdə həmçinin Oğuz xanın ordusunda mühüm vəzifə daşıyan, ona yaxın olan və türkmən adlandırılan bəzi tayfalar da qeyd edilir:[14]
Şəcərəyi-tərakimə əsərinin əvvəlində “səbəbi-tə’lif” (yazılma səbəbi) bölməsi yer alır. Bu bölmədə əsərin yazılma məqsədi belə izah olunur: Türkmən bəyləri və şeyxləri bir gün Əbülqazi xana müraciət edərək yeni bir tarix yazmasını rica etmişlər. Bildirmişlər ki, əllərində bir çox Oğuznamə var, lakin bunların heç biri bir-biri ilə uyğun gəlmir. Yeni bir tarix yazılarsa, daha faydalı olar. Əbülqazinin cavabı isə belə olmuşdur: “Bizdən əvvəl də tarix yazanlar olub, lakin onlar öz hünər və ustalıqlarını göstərmək üçün ərəb və fars sözləri işlədib, türkcə qafiyəli cümlələr qurublar. Biz bunların heç birini etmədik. Bu kitabı kim oxusa və ya dinləsə, asanlıqla anlayar. Türklərə türkcə danışmaq lazımdır.” Bu bölməni “Adəm əleyhissəlamın zikri” adlı hissə izləyir. Bu hissədə Qara xanın oğlu Oğuzun dünyaya gəlişinə qədər olan hadisələr təsvir olunur.[15]
Bu hissəni “Oğuz xanın dünyaya gəlişi” bölməsi izləyir. Bundan sonra aşağıdakı bölmələr ardıcıllıqla verilir:[16]
Əsərin ilk dövrlərdə yalnız beş nüsxəsinin mövcud olduğu qəbul edilmişdir. Lakin rus şərqşünas A. Kononovun apardığı araşdırmalar nəticəsində iki yeni nüsxə də üzə çıxarılmış və beləliklə, mövcud nüsxələrin ümumi sayı yeddiyə çatdırılmışdır. Türk Dil Qurumu tərəfindən 1937-ci ildə nəşr olunan Leninqrad (digər adı ilə Nuri İşan) nüsxəsinin girişində o zamana qədər məlum olan əlyazmalar haqqında ətraflı məlumat verilmişdir.[17]
Əldə olan məlumatlara əsasən, Əbülqazinin həyatda olduğu dövrdə yazılmış ilk nüsxə Daşkənd Ümumi Kitabxanasında aşkar olunmuş və uzun müddət bu nüsxənin tək olduğu güman edilmişdir. Sonralar Aşqabad kitabxanasında iki yeni nüsxə aşkar olunmuşdur ki, bunlardan biri 1900, digəri isə 1903-cü ilə aiddir. Hər iki əlyazma daha sonrakı dövrlərdə köçürülmüş variantlardır və məzmun baxımından Daşkənd nüsxəsi ilə fərqlənirlər. Bu əlyazmaların hər ikisi məşhur türkoloq professor Aleksandr Samoyloviç tərəfindən tapılmışdır. Tədqiqatçı həmin nüsxələrdən birini "Xocalı Molla nüsxəsi", digərini isə "Nuri İşan nüsxəsi" adlandırmışdır. Samoyloviç "Xocalı Molla" nüsxəsinin mətninə bir sıra əfsanəvi elementlərin əlavə olunduğunu qeyd etmiş və bu səbəblə onu təhrif edilmiş mətn kimi qiymətləndirmişdir. "Nuri İşan" nüsxəsi isə Leninqrad nüsxəsi adı ilə tanınmış və Samoyloviç tərəfindən SSRİ Elmlər Akademiyasına təqdim edilmişdir. Həmin nüsxənin eynisi Türk Dil Qurumu tərəfindən 1937-ci ildə çap olunmuşdur.[17]
A. Kononov, “Şəcərəyi- tərakimə” əsəri üzərində apardığı elmi tədqiqatda bütün məlum əlyazma nüsxələri haqqında geniş və sistemli məlumat vermişdir. Hazırda əsərin yeddi nüsxəsinin mövcud olduğu qəbul olunur.[18]
Kononovun təqdim etdiyi məlumatlara əsasən:[18]
“Şəcərəyi-tərakimə” üzərində ilk tədqiqat Tumanskiy tərəfindən aparılmışdır.[19] Əsərin rus dilinə tərcüməsindən ibarət olan bu tədqiqat «Родословная Тюркмен» adı ilə 1897-ci ildə Aşqabadda nəşr olunmuşdur.
Bu əsər üzərində aparılmış digər mühüm tədqiqat isə A. N. Kononova aiddir. «Родословная тюркмен. Сочинение Абул-гази» adlı bu iş 1958-ci ildə nəşr olunmuşdur.[20] Tədqiqat aşağıdakı bölmələrdən ibarətdir: Giriş, Rusca tərcümə, tərcüməyə dair qeydlər, şəxslər, yerlər və tayfa adlarının göstəricisi, əsərin dili, fonetika (səs bilgisi), morfologiya (formalar), sintaksis (cümlə quruluşu). İstinadlar (biblioqrafiya) bölməsi isə iki hissədən ibarətdir: rusca mənbələr və digər mənbələr. Mətn hissəsində yeddi fərqli nüsxəyə əsaslanaraq müqayisəli mətn tərtib edilmişdir. Kononovun bu tədqiqatı bir çox baxımdan yetkin və elmi cəhətdən yüksək səviyyəli hesab edilir. Xüsusilə, mətni hazırlayarkən bütün mövcud nüsxələrdən istifadə etməsi, həmin nüsxələrin yazı xüsusiyyətləri barədə aydın təsəvvür yaratmış və mətnin tamlığını təmin etmişdir. Qeydlər hissəsində əsasən şəxs və yer adları üzərində dayanılmış, digər sözlərə ayrıca izah verilməmişdir. Tədqiqatın yeganə çatışmazlığı, transliterasiyalı mətnin və indeksin yer almamasıdır.[21]
Kononovun hazırladığı müqayisəli mətnin tərcüməsini isə Məhərrəm Ergin həyata keçirmişdir. Bu tərcümə “(Şəcərəyi-tərakimə) Türklərin Soy Kütüyü” adı ilə “Tərcüman 1001 Temel Eser ” nəşriyyat seriyasında çap olunmuşdur. Məhərrəm Ergin bu tərcüməsində orijinal Çağatayca mətndən çox uzaqlaşmadan, öz ifadəsi ilə desək, “müəllifin üslubuna çox toxunmadan” mətnin tərcüməsini təqdim etmişdir. Kitabın arxa hissəsində isə Kononovun hazırladığı ərəb əlifbası ilə müqayisəli mətn yer alır.[22]