Əli Şamil oğlu Rasizadə (ing. Alec Rasizade; 21 may 1947, Naxçıvan) — Azərbaycan əsilli ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasibətlər üzrə çoxsaylı əsərlərin müəllifidir.[1] Neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" ixtiraçısıdır. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsidir.
Əli Rasizadə | |
---|---|
![]() Əli Rasizadə 2000-ci ildə ABŞ pasportunda | |
Doğum tarixi | 21 may 1947(1947-05-21) (78 yaş) |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Atası | Şamil Rasizadə |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yerləri | Bakı Dövlət Universiteti, SSRİ Elmlər Akademiyası, Kolumbiya Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Kolumbiya Universiteti (New York) |
Elmi rəhbəri | Tadeuş Svetoxovski |
Tanınır | Rasizadə alqoritmi ilə |
![]() |
Əli Rasizadə 1947-ci il Mayın 21-də Naxçıvan şəhərində dövlət qulluqçusu Şamil Rasizadənin ailəsində anadan olub. Bakının 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1969-cu ildə onu fərqlənmə ilə bitirmişdir. 1969–1970-ci illərdə SSRİ-nin Moskva hava hücumundan müdafiə dairəsinin raket hücumundan müdafiə qüvvələrində xidmət edib. 1970–1974 illərində Moskva Dövlət Universitetinin tarix fakültəsində ABŞ tarixi üzrə aspiranturanı bitirib və, "Truman Doktrini" mövzusunda dissertasiyanı müdafiə edərək, oradaca tarix elmləri namizədi elmi dərəcəsini alıb.[2] Aspiranturanı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunda işə dəvət olunub, lakin Moskvada yaşamaq qeydiyyatı olmadan, Bakıya dönməli oldu.[3]
Bakıya qayıdaraq, 1974–1980 illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əvvəlcə dosent, sonra isə ümumi tarix kafedrası professoru vəzifəsində çalışıb. Orada Avropa və Amerikanın yeni və müasir tarixi üzrə mühazirələr oxumuşdur, Azərbaycanda ilk olaraq Amerikaşünaslıq məktəbini qurub, birinci milli Amerikaşünas kadrları hazırlamişdır.[4] Universitetdən əlavə, Əli Rasizadə paralel olaraq Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Pedaqoji İnsitutunda və Xarici Dillər İnsitutunda Qərbin müasir tarixi və beynəlxalq münasibətlər üzrə mühazirə kursları aparırdı.
Lakin, totalitar Sovet rejimin ali məktəblərindəki tədris prosesində burjua təbliğinin tam qadağan olduğundan, ABŞ alimləri və diplomatları ilə ünsiyyət aparmasına görə, nəhayət tələbə və həmkarlarının tez-tez dövlət təhlükəsizlik orqanlarına xəbərçilik etməsi ilə əlaqədar, Əli Rasizadə elmi iş imkanlarından məhrum olunub, onun dərs dediyi Amerika və Avropa ölkələrinə elmi və təcrübə ezamiyyətlərinə getməyə imtina edilirdi. Ona görə də o, universitetdə müəllimlik işini qoyub, 1981-ci ildə elmi iş aparmaq üçün Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutuna keçdi.
1980-ci illərdə bu institutda işlədiyi dövrdə, onun direktorları (əvvəlcə akademik Ziya Bünyadov, sonra isə Aida İmanquliyeva) Əli Rasizadənin elmi işləri üçün ən əlverişli şərait yaratmışdırlar. 1983-cü ildə, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Həsən Abdullayevin təşəbbüsü ilə, Əli Rasizadə Moskvadaki SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktoranturasına göndərilir və oradaca 1990-cı ildə "NATO sistemində Türkiyə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.[5]
1983–1990 illərində Moskvada olarkən, həmin institutun direktoru akademik Primakovun tövsiyəsi ilə, Əli Rasizadə Sovet İttifaqı Kommunist Partiyası MK və SSRİ Xarici işlər nazirliyinin müşavirlər qrupunun tərkibində işləmişdir. 1989–1991 illərində, o zaman baş verən Yenidənqurmanın fəal iştirakçısı olaraq, SSRİ Konstitusiyasını nəzərdən keçirmək üçün SSRİ Ali Soveti nəzdində yaradılmış mütəxəssislər işçi qrupun tərkibində yeni İttifaq müqaviləsi layihəsi üzərində çalışmışdır.[6] 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində, Əli Rasizadə Cənubi Florida Universitetinin dəvəti ilə Moskvadan ABŞ-nin Tampa şəhərinə köçür.
1991-ci ildən başlayaraq, Əli Rasizadə Cənubi Florida Universitetində "adjunct professor" vəzifəsində "Yenidənqurma və SSRİ-nin dağılması" mövzusunda mühazirə kursu oxumuşdur və 1995-ci ildə həmin mövzuda doktorluq dissertasiyasını müdafiə etmişdir.[7] Nəticədə o, Monmouth universitetində "associate professor" vəzifəsini tutur. Eyni zamanda 1990-cı illər ərzində, Fulbright təlim proqramları professoru vəzifəsində, Əli Rasizadə müxtəlif ABŞ universitetlərində həmin mövzuda mühazirə kursları oxumuşdur: Kaliforniya Universitetinin Los Anceles və Berkli bölmələrində, Stanford, Harvard, Johns Hopkins və Braun universitetlərində.[8][9] Elmi işlərini davam etdirmək üçün 1996-cı ildə Əli Rasizadə Nyu-Yorkdaki Kolumbiya Universitetinin Harriman adına Sovetşünaslıq Institutuna dəvət olunur və orada akademik fəaliyyətini davam etdirir.[10]
2000-ci ildə Əli Rasizadə Vaşinqtondaki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "research fellow" vəzifəsinə işə düzəlib, orada ABŞ-nin dövlət və ictimai orqanları üçün analitik arayışlar hazırlamaqla məşğul olub. Amma, elmi işlərinin davam etdirilməsi naminə, 2004-cü ildə Vaşinqtonda yerləşən ABŞ Milli Elmlər Akademiyasının nəzdindəki Historical Research Center akademik mərkəzinə keçib, orada "senior associate" vəzifəsində çalışmışdır.[11] Məhz bu illərdə onun Azərbaycan, Rusiya, Qafqaz və Orta Asiyanın postsovet tarixi üzrə ən fundamental əsərləri yazılmışdır.[12] Bu təşkilatın 2013-cü ildə bağlandığından sonra, təqaüdə çıxıb, hazırda Vaşinqtonun ətraflarındaki Silver Spring adlı bir qəsəbədə yaşayır. Əli Rasizadə həmçinin öz sahəsində dünyanın bir sıra aparıcı elmi jurnallarının məşvərət və ya redaksiya heyətlərinin üzvüdür.[13]
Professor Rasizadənin ən böyük nailiyyəti və ona ümumdünya şöhrət qazandırmış "Rasizadə alqoritmi" adlı neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modelidir. O, 2008-ci ildə neftin dünya qiymətlərinin zirvəsində bu nəzəriyyəni ümumiləşdirmişdir və sonrakı illərin hadisələri onun tam düzgünlüyünü sübut etdilər. Ümumi şəkildə alqoritm belə bir domino effekti kimi görünür: neft və qaz hasilatının və ya qiymətlərinin aşağı düşməsi > xəzinəyə neft dollarları axınının sinxron azalması > yerli valyutanın devalvasiyası > dövlət büdcəsinin gəlir və xərclərinin dollar hesablanmasında azalması > dövlət aparatında ştatların, idarə və təşkilatların ixtisarı > əhalinin alıcılıq qabiliyyətinin düşməsi > məhsullar, mallar, xidmətlər və daşınmaz əmlak qiymətlərinin dollar ekvivalentində azalması > idxalın və gömrük yığımlarının azalması > özəl sektorunda ümumi müflisləşmə və işçilərin kütləvi ixtisarı > vergi bazasının sıxılması > büdcə işçilərin maaşları və sosial müavinətlərin kəsilməsi > kütləvi işsizlik və əhalinin yoxsullaşması > ölkənin üçüncü dünya dövlətləri arasındaki qanuni yerinə düşməsi.[14]
Rasizadə alqoritmi rifahı xammal ixracından asılı olan dövlətlərdə sənayesizləşmə, yoxsullaşma, deqradasiya və həyat səviyyəsinin aşağı düşməsi prosesində biri qaçılmaz olaraq digərinə gətirib çıxaran hadisələrin təbii ardıcıllığını izah edən tipoloji bir modeldir. Rasizadə alqoritmi (və ya Rasizadə paradoksu) dünyanın aparıcı universitetlərinin iqtisadiyyat fakültələrinin tədris proqramlarına daxil edilib.[15] Həmçinin belə ölkələrin inkişaf perspektivlərini qiymətləndirmək üçün elmi seminarlarda və maliyyə simpoziumlarında öyrənilir.[16] Alqoritm ilk dəfə nəzəri olaraq onun müəllifi tərəfindən 2008-ci ilin qlobal iqtisadi böhranı ərəfəsində "Contemporary Review" Oksford elmi jurnalında dünya neft və qaz qiymətlərinin yüksəlişinin zirvəsində, heç kimin neft üçün geri dönməz nəticələrlə gözlənilən ucuzlaşmasını gözləmədiyi bir vaxtda ixrac edən ölkələr təsvir edilmişdir.[17] Bundan əvvəl neft bumu nəticəsində ixrac edilən faydalı qazıntıların qiymətlərinin qalxmasının milli valyutanın real məzənnəsinin möhkəmlənməsinə və onların ixracatçılarının iqtisadi inkişafına təsiri yalnız "Holland xəstəliyi" nəzəriyyəsi ilə təsvir edilirdi. Bu termin ilk dəfə 1977-ci ildə London Economist jurnalı tərəfindən istifadə edilmişdir.[18]
Bununla belə, "Holland xəstəliyi" nəzəriyyəsi dünya bazarında neftin qiyməti aşağı düşməyə başlayandan sonra hadisələrin sonrakı gedişatını təsvir etmirdi: neft bumu başa çatdıqdan sonra bu, neftdən asılı ölkələr üçün necə nəticələnəcək? 2008-ci ildə neftin qiyməti ilin ortasındakı 147 dollardan ilin sonunda 75 faiz ucuzlaşaraq 32 dollara düşdüyü zaman məhz belə oldu. İxrac edən ölkələrdə çaxnaşma və iqtisadi böhran başladı — heç kim bunu gözləmirdi və buna hazır deyildi. Məhz bu məqamda Əli Rasizadənin hələ 2008-ci ilin yayında, neftin qiymətinin pik həddə çatdığı və onun düşməsindən əsər-əlamət qalmadığı bir vaxtda onun yazdığı məqalə nəşr olundu. Məqalənin ortaya çıxması o qədər vaxtında idi ki, orada tərtib edilmiş payız alqoritmi elmi ədəbiyyatda nəzəriyyənin müəllifindən sonra "Rasizadə alqoritmi" kimi götürüldü.[19] O, XXI əsrin əvvəllərindəki Xəzər neft bumu nümunəsindən istifadə edərək, onun əvvəlki işlərinin nəticələrini nəzəri cəhətdən ümumiləşdirmiş və elm aləmində təqdim etmişdir.
Vikianbarda Əli Rasizadə ilə əlaqəli mediafayllar var. |