Firudin İbrahimi (21 noyabr 1919, Astara, Gilan ostanı – 1947, Təbriz) — jurnalist, hüquqşünas, siyasətçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Hökumətinin baş prokuroru, repressiya qurbanı.
Firudin İbrahimi | |
---|---|
![]() | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 noyabr 1919(1919-11-21) |
Doğum yeri | |
Vəfat tarixi | 1947 |
Vəfat yeri | |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi |
|
|
Təltifləri |
![]() |
![]() |
"Azərbaycan", "Ajir", "Rəhbər", "Zəfər", "Mərdom" qəzetlərində yazıları çap olunub. "Azərbaycanın qədim tarixi haqqında", "Sülh uğrunda" kitablarını yazıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizi tərk etməyib. Bir neçə gün döyüşüb daha sonra isə həbs olunub. 1947-ci ildə Gülüstan bağında asılıb.
Firidun Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də Astara şəhərində anadan olub.[1][2] 9-cu sinifə qədər Astara şəhərində təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün Ənzəli şəhərinə köçüb.[2][3] 10 və 11-ci sinifləri də Ənzəlidə oxuduqdan sonra Təbrizə köçüb və 12-ci sinfi Firdovsi məktəbində oxuyub.[2][3] 1941-ci ildə məktəbi bitirdikdən sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub.[4] 1945-ci ildə Tehran Universitetinin hüquq fakültəsini bitirib.[5][6] Bu illər ərzində fars, fransız və ərəb dillərini mükəmməl öyrənib.[7][8]
Universitetdə oxuduğu dövrdə Tudə Partiyasına üzv olub.[4][9] Mir Cəfər Pişəvəri 1943-cü il mayın 23-dən etibarən Tehranda "Ajir" qəzetini nəşr etdirməyə başlayıb.[10] Tələbə olan Firudin İbrahimi də qəzetin redaksiya heyətinə seçilib.[1][11] Bu dövrdə o, həm də Tudə Partiyasının rəsmi orqanı olan "Rəhbər", Fəhlə və Zəhmətkeşlər Birliyinin Birləşmiş Mərkəzi Şurasının orqanı olan "Zəfər", "Mərdom" və digər qəzetlərdə də məqalələri ilə çıxış edib.[7][12] Tehran Universitetini bitirdikdən sonra İran Xarici İşlər Nazirliyindən və digər dövlət qurumlarından iş təklifləri alsa da bunu qəbul etməyib və Təbrizə gedib.[9][13] Təbrizdə Tudə Partiyasının əyalət komitəsinin nəzarəti altında nəşr olunan "Xavəre-no" qəzetində yazmağa başlayıb.[4]
Tudə Partiyasını tərk etdikdən sonra Azərbaycan Demokrat Partiyasına üzv olub və partiyanın Mərkəzi Komitəsinə seçilib.[14] 1945-ci il sentyabrın 5-də Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı kimi Təbrizdə nəşr edilən "Azərbaycan" qəzetində yazmağa başlayıb.[7] Oktyabrın 1-də Təbrizdə öz işinə başlayan ADF-nin I qurultayına seçilmiş 237 nəfər xalq nümayədəsindən biri olub.[15] Mir Cəfər Pişəvəri tərəfindən Cənubi Azərbaycanın tarixi haqda materialları toplayıb kitab hazırlamaq Firudin İbrahimi və Zeynalabidin Qiyamiyə tapşırılıb.[16][17] Firudin İbrahiminin Azərbaycan qəzetində yazdığı "Azərbaycan danışır…İftixarlı tariximizdən bir neçə parlaq səhifə" adlı silsilə məqalələri 1945-ci il 31 oktyabr — 21 noyabr tarixləri arasında qəzetin 42-ci sayından başlayaraq 60-cı sayı da daxil olmaqla ayrı-ayrı başlıqlar altında çap olunub.[8] Bu məqalələrdə o, apardığı araşdırmalar əsasında Azərbaycanın qədim tarixi, əhalisi, onların milli kimliyi, mədəniyyət tarixi, ədəbiyyatı, dili, siyasi təşkilatları, məzhəbləri, geyimləri, adət-ənənələri haqda yazıb.[18][19] 1946-cı ildə məqalələr toplu şəkildə "Sovet Mədəniyyəti Evi" tərəfindən "Azərbaycanın qədim tarixi haqqında" adı ilə Təbrizdə, Azərbaycan dilində, ərəb əlifbası ilə çap olunub.[20] Firudin İbrahimi bu toplunu tərtib etməkdə əsas məqsədini belə açıqlayıb:
Bu xatirələri yazmaqda ilk məqsədim budur ki, Tehran boşboğazlarını yerində oturdum. İkincisi, azadlıqsevər və iftixarlı millətimin hüququnu, tarixini və parlaq mədəniyyətini müdafiə etməklə göstərim ki, o, kimdir, tarixi keçmişi nədir və ulu babaları kimlər olub və öz milli heysiyyətlərini qorumaq üçün hansı fədakarlıqları etmişlər? İstəyirəm ki, azad və demokratik bir cəmiyyətdə özünə aid yerini və mövqeyini əldə etmək üçün ayağa qalxmış Azərbaycan millətinin həqiqi kimliyini bütün dünyaya bildirəm.[21][22] |
1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin katibi seçilib.[23] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[24][25] Firudin İbrahimi də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[26][3][27] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Milli Hökumətin tərkibində baş prokuror vəzifəsinə təyin olunub.[28][29][30][31] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[32] Bu komissiyaya Firudin İbrahimi də daxil olub.[33][34] 1946-cı il aprelin 28-də Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Tehrana danışıqlar üçün gedən nümayəndə heyətinin üzvü olub.[3][35][36]
1946-cı il 29 iyul-15 oktyabr tarixlərində "Paris Beynəlxalq Sülh Konfransı"nda iştirak edib və burada Azərbaycan Milli Hökumətini təmsil edib.[37][38] Bu konfransın iclaslarında iştirakın nəticəsi olaraq Firidun İbrahimi Azərbaycan Demokrat Firqəsinin orqanı olan "Azərbaycan" qəzetinin 9 noyabr — 10 dekabr 1946-cı il tarixləri arasında çıxmış 23 sayında "Sülh uğrunda" başlığı altında Paris Sülh Konfransı barədə geniş hesabat xarakterli silsilə məqalələrini çap etdirib.[39][40] Bu məqalələri həm də Tehranda çıxan "İrane-ma" qəzetində fars dilinə çevrilərək çap olunurdu.[41]
İran hökumətinin verdiyi vədlərdən sonra may ayında SSRİ ordusu bölgəni tamamilə tərk edir.[42] Tehran hökuməti isə "Şuralar Məclisinə azad seçkilər keçirilməsini təmin etmək" bəhanəsi ilə Cənubi Azərbaycana qoşun yeritmək istəyir.[42][43] Bu qoşuna müqavimət göstərib-gəstərməmək məsələsində Azərbaycan Demokrat Firqəsinin rəhbərləri arasında fikir ayrılığı yaranır.[44] Bəziləri Azərbaycan SSR-yə çəkilib oradan mübarizə aparmağı təklif etsələr də Firudin İbrahimi qalıb şah ordusuna qarşı döyüşməyin tərəfdarı olur.[44][45][46] 1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı.[47] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[48][49] Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[50][51] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[52][48][50] Firudin İbrahimi "Babək" könüllü dəstələrinin təşkil olunmasında iştirak edib.[53] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[51][54] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[48][55] Lakin bu istəyi cavabsız qaldı.[56] 1946-cı il dekabrın 11-də Azərbaycan Demokrat Firqəsinin Təbrizdə baş tutmuş son iclasında Məhəmməd Biriya müvəqqəti olaraq Azərbaycan Demokrat Firqəsinin I katibi seçilir.[43][57][58] Firudin İbrahimi və Mir Rəhim Vilayi isə onun müavinləri seçilirlər.[59][60]
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[61][62] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[62] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[62][61] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[61][63] Azərbaycan Milli Hökuməti süqut etdi.[64][59] Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[65][66][67] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[68][69] Bundan sonra da qırğınlar və talan davam etdi.[63][68] Şah qoşunu Təbrizə daxil olduqdan sonra Firudin İbrahimi və 4 fədai Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin binasında səngər quraraq bir neçə gün onlara və qarətçilərə qarşı döyüş aparıblar.[38][70][71] 1946-cı il dekabrın 15-də güllələri bitdiyi üçün mübarizəni davam etdirə bilmirlər.[70] Nəticədə həbs olunurlar. Firudin İbrahimi həbs olunduqdan sonra Tehrana aparılıb.[3][72] Burada bir neçə ay işgəncələrə məruz qalıb.[38] 1947-ci ilin may ayında Tehrandan Təbrizə aparılıb. 1947-ci il mayın 23-də isə Təbrizdə, Gülüstan bağında asılıb.[73][74][75][76] İnsanlara göz dağı vermək üçün bir neçə gün nəşi dar ağacında saxlanılıb.[77] Bir neçə gün keçdikdən sonra onun nəşi fədailər tərəfindən götürülərək dəfn olunub.[77] Firudin İbrahiminin asılmasına şahid olan Fərhad Azəri və Ələddin Ələkbərinin xatirələrinə görə, onu asmaq üçün Gülüstan bağına gətirəndə insanlar buna etiraz ediblər və şah qoşunlarına hücum etmək istəyiblər.[37][38] Firudin İbrahimi isə xalqın itki verəcəyindən ehtiyatlanaraq onları sakitləşdirib və bunları deyib:
Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın dogma Ana Vətənimiz Azərbaycan! |
Firudin İbrahiminin atası Qəni İbrahimi Fatimə Şirvani ilə ailə qurub. Bu evlilikdən 3 qız 2 oğlan övladları olub.[78] Qəni İbrahimi siyasətlə məşğul olub.[79] 1918-ci ildə Ədalət Partiyasının Astara şöbəsini təsis edib.[80][81] 1920-ci il iyul ayında Ənzəli şəhərində Ədalət partiyasının ilk konqresində iştirak etdikdən sonra İran Kommunist Partiyasının Astara şöbəsini təsis edib.[79][81] Siyasi fəaliyyətinə görə daim təqib olunub. 1931-ci ildə həbs olunub. Ərdəbilədə saxlanıldığı müddətdə işgəncələrə məruz qalıb. Sirr verməsin deyə özünü yandıraraq intihar edib. Amma onu xilas edə biliblər.[82][83] Daha sonra isə Təbrizə aparılıb.[79] Bir müddət Təbrizdə həbsxanada cəza çəkdikdən sonra Tehranda yerləşən Qəsri Qacar həbsxanasına köçürülüb.[79] 2 il sonra xəstələndiyi üçün Nəhavənd şəhərinə sürgün edilib.[2] Sürgündə olmasına baxmayaraq fəaliyyətini davam etdirib.[79] 1941-ci ildə Tudə Partiyası qurulduqdan sonra partiyanın Nəhavənd şöbəsini yaradıb.[81] 1946-cı ilin dekabr ayında yenidən həbs olunub.[84] Həbsdə ikən ağır işgəncələrə məruz qalıb.[79] 1958-ci ilin dekabr ayında azadlığa buraxıldıqdan sonra zəhərlənərək öldürülüb.[79]
Firudin İbrahiminin qardaşı Ənuşirəvan İbrahimi də siyasətlə məşğul olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizə gəlib və burada Polis Akademiyasında təhsil almağa başlayıb.[85] Firudin İbrahimi ilə birlikdə "Babək" könüllü dəstələrinin təşkilatçılarından biri olub.[86] Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Şimali Azərbaycana mühacirət edib.[86] Burada təhsilini davam etdirib və alimlik dərəcəsi alıb.[87] 1979-cu ildə İran İslam İnqilabından sonra Tudə Partiyasının İcraiyyə Heyətinin üzvü kimi İrana gedib.[88] Burada bütün ölkə ərazisində şəhər, vilayət və əyalət təşkilatlarını bərpa etmək istiqamətində işlər görüb.[89] 1982-ci ilin əvvəllərində 3000-dən çox firqə üzvü, eləcə də Ənuşirəvan İbrahimi həbs olunub. 1987-ci il Sentyabrın 13-də Tehranda yerləşən Evin həbsxanasında edam olunub.[89]
Firudin İbrahimi Təbrizin İmamiyə qəbiristanlığında dəfn olunub.[90] Sinə daşının üstünə Seyid Məhəmməd Təbatəbainin "Seçici fələk çəmənə daha çox gözəllik verən gülə aman verməz…" kəlamı həkk olunub.[91][92]
2007-ci ildə fransalı yazıçı və rəssam Mərcan Satrapi tərəfindən çəkilmiş və bir neçə beynəlxalq mükafata layiq görülmüş "Persepolis" cizgi filmində, Azərbaycan Milli Hökuməti və Firudin İbrahimidən bəhs olunub.
2017-ci il mayın 24-də Bakı şəhərində "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyi və Azərbaycan Demokrat Firqəsinin təşkilatçılığı ilə Firidun İbrahiminin şəhadətinin 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.[93]
Azərbaycan Yazıçılar İttifaqının sədri, yazıçı Mirzə İbrahimov 1948-ci ildə Firudin İbrahimi haqda "Gələcək gün" romanını yazıb.[94][95][96] Bu əsərdə yazıçı Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsini, Firudin İbrahiminin bu hərəkatdakı fəaliyyətini təsvir edib.[94] Azərbaycan SSR əməkdar incəsənət xadimi, şairə Mədinə Gülgün Firudin İbrahimiyə poema yazıb.[97] Bu poema 1963-cü ildə Bakıda kitab kimi nəşr olunub.[98][99] Sonrakı illərdə Arif Səfa, Balaş Azəroğlu, Əli Tudə,[100] Fəthi Xoşginabi, Haşım Tərlan,[101] Həbib Sahir[102] Söhrab Tahir, Xəlil Rza, Tariyel Ümid[103] əsərlərində onun poetik obrazını yaradıblar.[97]
2017-ci ildə Azərbaycanın Əməkdar jurnalisti Rəhim Hüseynzadənin redaktorluğu ilə Firudin İbrahiminin qələmə aldığı və ilk dəfə 1946-cı ildə Təbrizdə çap edilmiş "Azərbaycanın qədim tarixi" adlı kitabı latın qrafikasına çevrilərək Bakıda nəşr olunub.[8]
2018-ci ildə Firudin İbrahiminin 100 illik yubileyi ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə onun Paris Sülh Konfransında iştirakından bəhs edən "Sülh uğrunda" kitabı latın qrafikasında yenidən nəşr olunub.[104]