Azərbaycan tayfaları — azərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır.
Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir.[1] Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi.[2]
Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir.[3] Dağıstandakı Bərəkəy kəndində tərəkəmələr XIII–XIV əsrlərdən əvvəl məskunlaşmışdır.[4] İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunlu və ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur.[5]
Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir. Bu etnoqrafik qruplardan bəziləri XIX əsrin son rübünə qədər mövcudiyyətini saxlamışdır.[6]
Səfəvilər dövründə qızılbaşlar (şamlı, ustaclı eli, türkman, təkəli, əfşar, qacar eli, zülqədər, qaramanlı, qaradağlı, bayat, rumlu, varsaq tayfalarının birliyi) Azərbaycan dilində danışan türk tayfaları birliyi idi.[7] Səfəvilər dövründə mövcud olmuş tayfalar arasında qızılbaşlar xüsusi imtiyazlar əldə edir, ən yaxşı otlaqlara sahib olurdular. Bunlara İrəvan əyalətində qacar-axçalı, ustaclu, bayat, Naxçıvanda ustaclı-kəngərli, Azərbaycan əyalətində (Azərbaycan Respublikasının bəzi cənub rayonları və İran Azərbaycanı) türkmən, şamlı, qaradağlı, Urmiyada əfşarlar (XVII əsrin əvvəllərindən etibarən), Qarabağda qacar-ziyadlı və digər oymaqlar, şəmsəddinli (Şəmsədil), qazaxlı, Şirvan əyalətində rumlu, alpaut, bayat və s. daxildir. Səfəvilər dövründə oturaq əhalinin mövqeyinin zəifliyi köçərilərin oturaq həyata keçməsini yavaşladırdı. XVII və XVIII əsrlər ərzində bəzi tayfalar yarımköçəri həyat tərzinə keçir, həm əkinçiliklə məşğul olur, həm də yayda sürüləri ilə yaylağa köçürdü.[8] Qacarlar dövləti dövründə Azərbaycan dili Azərbaycan tayfalarından təşkil edilmiş[9] ordunun dili idi.[10][11][12][13]
Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi ərazisində fəaliyyət göstərən tayfalar iki böyük tayfa ittifaqını — otuziki və iyirmidördləri yaratdı[14]. Daha sonra yaranmış Qarabağ xanlığında yaşayan türk tayfaları cavanşir, kəbirli, otuziki idi.[15] Əhməd bəy Cavanşirə görə Pənahəli xanın vaxtında püsyan, qaraçarlı, cinli, dəmirçihəsənli, qızılhacılı, səfikürd, boyəhmədli saatlı, kəngərli və s. köçərilər Qarabağ xanlığına köçmüşdür.[16] Qarabağın azərbaycanlılar yaşayan kəndlərində cavanşirlər, Arazsahili isə cəbrayıl eli fəaliyyət göstərirdi.[17]
İrəvan xanlığında yaşayan türk tayfaları bayat, kəngərli, ağqoyunlu, qaraqoyunlu, ayrım, qacar və qarapapaq idi. İrəvan xanlığının şimal və mərkəzindəki otlaq əraziləri idarə edən türk tayfaları arasında ən böyük tayfa ittifaqları qarapapaqlar (5000 şəxs) və ayrımlar (3000 köçəri) idi. Daha sonrakı yerləri böyük çobankərə, saatlı, seyidli-axsaxlı, muğanlı və qacarlardan şahdili və sədərəkli tuturdu.[18]
Bəylərbəyliklər, xanlıqlar və sultanlıqların hakim sülalə və tayfaları | ||
---|---|---|
El/sülalə | Tayfa | İdarə edilən ərazilər |
Ziyadoğlular sülaləsi | Bayat boyundan qacarlar |
|
Şahsevənlər | Cavad xanlığı | |
Naxçıvanskilər | Bəydilli boyunun ustaclı tayfasından kəngərlilər | Naxçıvan xanlığı |
Cavanşirlər | Əfşarlar | Qarabağ xanlığı |
Sərkərlər | Xançobanı | Şirvan xanlığı |
Müqəddəmlər | Bayat boyundan müqəddəmlər | Marağa xanlığı |
Zülqədərovlar | Zülqədərlər | Şəmşəddil sultanlığı |
Rusiya-İran müharibəsindəki məğlubiyyətdən sonra (1828-ci il) Abbas Mirzə türk tayfa nümayəndələrinin döyüş qabiliyyətinə dəyər verdiyi üçün onları Arazın cənubunda yerləşdirməyə təşviq edir, bunun üçün mükafat olaraq münbit torpaqlar təklif edirdi. Belə tayfalardan biri olan ayrımlar Gümrüdəki ata-baba torpaqlarından Makunun qərbindəki əraziyə köçdülər.[19]
S. Zelenskinin verdiyi məlumata görə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında 7 azərbaycan tayfa qrupu var idi: sofulu, dərzili, saralı, puşanlı, giyili, xocamusaqlı, baharlı.[20] Etnoqraf və qafqazşünas Mark Kosven[rus.] qeyd edir ki, keçmişdə azərbaycanlılar arasında aşağıdakı qruplaşmalar fərqləndirilə bilərdi: cavanşir, dəmirçihəsənli, təklə və muğanlıya bölünənlər, daha sonra — cəbrayıllı, sarcalı, sofuli, gəyili, xocal-səhli, ciyilli, dələgərdə, kəngərli, imirli və s.[21] A. D. Yeritsovun Qazax qəzasında qeyd etdiyi və digər qəzalarda da qeydə alınan tərəkəmə (köçəri) tayfalar bunlar idi: ayrımlı, bayat, qədirli, qaraqoyunlu, qaraxanlı, kəngərli, salaxlı, sofulu, tatlı.[22]
Sovet Azərbaycanında 4 köçəri qrup (ayrımlar, padarlar, şahsevənlər, qarapapaqlar) mövcud idi.[23] Ayrımlar Azərbaycanın qərbində, şahsevənlər isə Azərbaycanın cənubunda, İran sərhədi boyunca yaşayırlar.[24]
İran azərbaycanlıları üçün tayfa mənsubiyyəti sosial əlaqələr baxımından böyük əhəmiyyət daşımırdı. Ancaq türk və ya kürd olmağından asılı olmayaraq, İran Azərbaycanında böyük çoxluğun tayfa əlaqələri mövcud idi. Ən vacib türk qrupları Meşkin və Ərdəbilin şahsevənləri, Urmiya və Sainqalanın əfşarları, Makudakı bayat və digər tayfalardır.[25]
Azərbaycanda tarixi hun-xəzər qrupları və ya türk-monqol tayfaları üçün bax: XI əsrə qədər Cənubi Qafqaz və tarixi Azərbaycan ərazisində hun və türk fəaliyyəti#Azərbaycanlılar və Azərbaycan–monqol mədəni əlaqələri#Tayfaların məskunlaşma bölgələri
Elxani dövrü alimi Fəzlullah Rəşidəddinin "Cəmi ət-Təvarix" əsərində türk boylarının mənşəyi, həmçinin Oğuznamə, Oğuz xanın əfsanəsi haqqında məlumat verilir.[103] Bu əsər yazılarkən türk xalqlarının və tayfalarının tarixi üçün istifadə edilən əsas mənbələr həm Azərbaycanın yerli türk mühitində mövcud olmuşdur, həm də Orta Asiyadan və Şərqi Türküstandan çoxsaylı mühacirlərin gətirdikləri şəcərə əfsanələri istifadə olunmuşdur.[104]
Ağqoyunlu hökmdarı Uzun Həsən Oğuz xanın və onun nəvəsi Bayandur xanın soyundan gəldiyini iddia edirdi. O, Bayandur tamğasının (möhürünün) Ağqoyunlu imperiyasında dövlət simvolu olaraq istifadəsini başlatmışdır. Buna görə də Bayandur tamğası Ağqoyunlu sikkələrində, rəsmi sənədlərində, kitabələrində və bayraqlarında vardır.[105][106] Ağqoyunlu sultanları dövründə yazıya alındığı düşünülən "Kitabi-Dədə Qorqud" dastanında Bayandur xanın nəsli Oğuz xanın oğlu Göy xandan yox, başqa yerlərdə adı keçməyən Qam xandan gəlir.[107] Uzun Həsənin əmri ilə yazılmış "Kitabi-Diyarbəkriyyə"də isə Ağqoyunluların əcdadlarının adları olaraq Oğuz əfsanəsi və hökmdarlarına aid adlar istifadə olunur.[108]
Oğuz şifahi geneoloji ənənələri ya Anadoluda, ya da Azərbaycanda yazıya alınmışdır.[109] XV əsrdə Azərbaycan türk mühitində Oğuz şəcərə əfsanələrinin yayılması haqqında sübutlardan biri də oğuz bayat tayfasından olan Həsən ibn Mahmudun "Oğuznamə"dən bəhrənələrək yazdığı "Cam-i Cəm-ayin" əsəridir. O, Məkkəyə Oğuznamənin əlyazmasını aparmışdır. Müqəddəs yerlərə səfər etmiş bir Azərbaycan türkünün yanında oğuz geneoloji ənənəsinə aid əlyazma nüsxəsinin olması faktının özü belə ədəbiyyatın böyük nüfuzundan xəbər verir.[110]
Oğuz xan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boz oxlar | Üçoqlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Gün xan" Qayı Bayat Alaevli Qaraevli | "Ay xan" Yazır Döyər Dodurğa Yaparlı | "Ulduz xan" Əfşar Qızıq Bəydili Qarğın | "Göy xan" Bayandur Peçeneq Çuvaldar Çəpni | "Dağ xan" Salur Ayrım Alayuntlu Yüreğir | "Dəniz xan" İğdir Büğdüz Yıva Qınıq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Onqonu Şahin | Onqonu Qartal | Onqonu Dovşancıl | Onqonu Sunqur | Onqonu Uçquş | Onqonu Çaxır | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
"Kitabi-Dədə Qorqud" dastanında oğuz bəylərinin həyatı və fəaliyyəti təsvir edilmişdir. Dastandakı hadisələrin bir hissəsi Mərkəzi Asiyada baş versə də, dastan ənənələrinin Anadolu və Azərbaycana gəlib çatması nəticəsində əsərdəki hadisələr bu ərazilərdə baş vermiş kimi yazıya alınmışdır, hətta dastana bu ərazilərdə yaradılmış yeni boyların (əsərin hissələri) əlavə edilməsi də mümkündür.[111] Dastanın əsas qəhrəmanlarından olan, salur boyunun nümayəndəsi Qazan xan IX–X əsrlərdə, Orta Asiyada "kafir" peçeneqlərlə mübarizə aparmış, bəzən udmuş, bəzən uduzmuş bir oğuz xanı ola bilər. Bütün döyüşlər onun dövründə baş verməsə də, dövr keçdikcə Qazan xan oğuz–peçeneq mübarizəsi dövrünün ümumi bir qəhrəmanına çevrilmişdir.[112]
Bəkil oğlu Əmranın boyu. Kitabi-Dədə Qorqud[113]
"Cam-i Cəm-ayin" Xəlifə Məmun dövründə oğuz xanlarından Toxtemurun Gürcüstan və Ruma hücum etdiyini bildirir, "Kitabi-Diyarbəkriyyə" isə hələ İslam peyğəmbərinin vaxtında bayandurların Azərbaycana gəldiyini qeyd edir. "Bəhrul-ənsab" da bayandurların Azərbaycan və Şərqi Anadoluda məskunlaşmaqlarını eyni dövrə aparıb çıxardır. Buna baxmayaraq, səlcuqlardan əvvəlki türk axınlarının Kitabi-Dədə Qorqudun tarixi nüvəsini təşkil etdiyi iddia edilə bilməz. Sadəcə olaraq, bu mənbələrin verdiyi məlumatlar dastan hadisələrinin Sırdəryanın şimalından çıxarılaraq Şərqi Anadolu və Azərbaycana tətbiq edilməsini asanlaşdırmışdır.[114] Dastana bu əsərdəki cəmiyyətdən kənar olan, digər türklərlə oğuzlar və digər millətlərə aid folklorik mövzular və motivlər, oğuzların məskunlaşdığı yerlərin köhnə sakinlərinə və ya qonşularına aid ünsürlər, oğuzların Böyük Səlcuq axınından əvvəl Anadolu və Azərbaycana girməsi ilə bağlı tarixi xatirələr qatışmış ola bilər.[115]
Oğuzların Sırdəryanın şimalında peçeneq və qıpçaqlarla mübarizəsi və münasibətləri haqqındakı tarixi yaddaş Anadoluya köçəndən sonra "Kitabi-Dədə Qorqud" dastanı vasitəsilə gürcülər və abxazlara tətbiq edilmişdir. XIII əsrin ortalarından başlayaraq, türklərin, xüsusilə Ağqoyunluların Şərqi Anadolu və Azərbaycanda gürcülər, abxazlar və Trabzon yunanlarına qarşı yürüşləri və qarşılıqlı münasibət dastanda Bayandur xan adı ətrafında göstərilmişdir.[111][116]
Ağqoyunlu hökmdarı Uzun Həsənin vaxtında yazılmış rəsmi mənbələrdə qeyd edilir ki, onun əcdadı olan Qara Yuluq Osman bəy Oğuz xanın nəslindəndir və İslam peyğəmbərinin dövründə Qara Yuluq Osmanın əcdadı Sunqur Türküstandan qıpçaq ölkəsinə, oradan Arrana və daha sonra Göyçə dənizi ətrafına köçmüş, Qara Yuluq Osmanın digər əcdadı Şəktür Xəlifə Məmunun vaxtında Əlincə qalasını gürcülərdən alaraq fəth etmişdir. Bu faktların dəqiq sübut edilməsi mümkün olmasa da, Kitabi-Dədə Qorqudda da eyni hadisələrin İslam peyğəmbərinin dövrünə yaxın baş verməsi dastanla Ağqoyunlu rəsmi mənbələri arasında mövcud olan uyğunluğu göstərir.[116]
Bayburtlu Osmanın "Təvarih-i cihan"ında Bayandur xanla bağlı verilən məlumatlar bir-biri ilə ziddiyyət təşkil edir. Mənbədə əvvəlcə qeyd edilir ki, Bayandur xan İsa peyğəmbərin dövründən az sonra Xorasandan Azərbaycana və Şərqi Anadoluya gəlmişdir, daha sonra isə onun fəaliyyəti İslam peyğəmbərinin dövrünə aid edilir. Buna baxmayaraq, mənbə Kitabi-Dədə Qorqudla daha çox oxşarlığa malikdir. Burada Qazan Bayandur xanın vəziridir və Qorqud Ata da onların dövründə yaşayan bir İslam mürşididir. Bu rəvayət Bayandur–Salur birliyini təsvir edən Anadolu ənənələrinin daşıyıcısıdır və Bayandur xandan sonra onun nəslindən gələn Uzun Həsənin Əcəmə hökmdar olduğunu qeyd edərək Ağqoyunlu tarixinə keçid edir.[116]
Qafqaza gələn səyyahlar "Kitabi-Dədə Qorqud" qəhrəmanları ilə bağlı məlumatlar vermişdir. 1638-ci ildə alman səyyahı və şərqşünası Adam Oleari Dərbənddə olarkən Dədə Qorqud hekayələrini eşitmiş və burada Qazan xanın həyat yoldaşı Burla xatunun, eləcə də Dədə Qorqudun özünün qəbrinin olduğunu qeyd etmişdir.[117] Adam Olearinin nəql etdiyi rəvayətlərdə Təbriz camaatı Qazan xan və arvadının qəbirlərini qədim oğuz dastan ənənələri ilə əlaqələndirirdilər. Burla xatunun qəbrinin qırx addım boyunda fikirləşilməsi də bu qadının dastanda və "Şəcərəyi tərakimə"də "Boyu uzun Burla xatun" adlandırılması baxımından ayrıca bir mənaya malikdir.[115] Osmanlı səyyahı Övliya Çələbi "Səyahətnamə"sində Dədə Qorqudun məzarının Dərbənddə olduğunu, şirvanlılar tərəfindən ona hörmətlə yanaşıldığını qeyd etmişdir. "Dərbəndnamə"də də Dədə Qorqudun Dərbənddəki məzarı haqqında yazılıb.[118]
Sovet dövründə ayrımların türkləşmiş və müsəlmanlaşmış qafqaz albanları olması ilə bağlı nəzəriyyə irəli sürülmüşdür.[35] Bu nəzəriyyə tarixi faktlarla təsdiqlənmədiyi üçün tənqid edilmişdir.[119] "Kitabçe-i taife-i ayrumlu" abidəsinə görə, Hülakü xanın dövründə bu tayfa Mərkəzi Asiyadan Suriyaya köçürülmüşdür. Əmir Teymur isə tayfanın nümayəndələrini Kiçik Asiyaya (Ruma) köçürmüş, beləcə tayfa "ayrumlu" adını almışdır.[120]
Qacarların mənşəyi haqqında onların XIII əsrdə İrana, daha sonra da Cənubi Qafqaza gəldiyi,[121] Hülakü xanın ordusundakı türk tayfalarından birinin də qacarlar olduğu nəzəriyyəsi mövcuddur.[122] İranda hakimiyyətə gələn Qacarlar sülaləsi mənşələrini monqol dövrünə aparan hekayəni qəbul etmişdir.[123] Qacarların adının monqol başçısı Qacar Noyandan gəldiyi haqqında əfsanə vardır.[124] Mirzə Həsən Zonuzi Xoyiyə görə, qacarların mənşəri Türküstan monqollarıdır.[125] Ancaq digər mənbələr qacarların xəzər mənşəli olduğunu,[126] xəzərlərin yaxın qohumu olduğunu qeyd edir.[127]
Padar tayfası Elxanilər dövründə Azərbaycanda yerləşdirilmişdir. Adlarının mənşəyi ilə bağlı fikirlərdən birinə görə, "padar" adı Çığatay xanın oğlu Baydarın adının fonetik təhrifidir.[128] XIX əsrdə Qazax bölgəsi haqqında verilən məlumatda qeyd edilirdi ki, burada güclü və bədənli olan böyük Qazax tayfası yaşayır. Məlumata görə, onlar Çingiz xanın dövründən burada məskunlaşan qirgis qazaxlarının nəslindən gəlirlər və geydikləri papağa görə "qarapapaq" adlandırılırlar.[129]
İran Azərbaycanında tayfa qrupları mahiyyət etibarilə siyasi qruplar idi və dominant əsas təbəqənin adlarını daşıyırdı. "Qara camaat" bir tayfa ilə uzun müddət əlaqədə olaraq, çox vaxt həmin tayfanın başçılarının dilini və mədəniyyətini mənimsəyir və ola bilsin ki, nəslin vahid əcdadı "ixtira" edilirdi. Ancaq başçıların tez-tez bağlı olduqları tayfaları dəyişən "qara camaat"la mədəniyyət və ya şəcərə cəhətdən bağlı olması mütləq deyildi. Bütün bir tayfanın bəzən, xüsusən də linqvistik və ya dini azlıq kimi yeni əraziyə köçürüldükdə kimliklərini dəyişməsi müşahidə edilirdi.[25]
K. Qaraqaşlının müşahidələrinə görə, ayrımlar zahiri cəhətdən çox müxtəlifdir. Onların arasında qaragözlü kürənlər və mavi gözlü sarışınlar var. Ayrımların antropoloji görünüşünün başqa bir xüsusiyyəti boy fərqlərinin böyük olmasıdır. Onlardan ən uzun olanları Çıraqlı kəndində yaşayır.[130]
Dağıstan tərəkəmələri antropoloji cəhətdən Kaspi yarımtipinin nümayəndələridir. Onların antropoloji tipi qarışıqdır. Antropoloji xüsusiyyətləri əsasən azərbaycanlılara və qismən də cənub qumuqlarına (xüsusən Kayakent kəndinin sakinlərinə) oxşardır. Bundan başqa, azərbaycanlılarla müqayisədə, Dağıstan tərəkəmələri daha hündürdür, daha geniş üzlərə malikdir, bir qədər az piqmentlidir, daha az dalğalı saçları, daha az dolğun dodaqları və daha az qalın qaşları var.[131]
Ayrımlar Azərbaycan dilinin qərb dialektinin ayrım ləhcəsini danışırlar.[132] Ayrım ləhcəsi özündə Azərbaycan dilinin qədim dövrünün xüsusiyyətlərini qoruyub saxlayır,[133] bu ləhcədə qıpçaq təsiri də hiss olunur.[134] Hüseynzadə qeyd edirdi ki: "…ayrumlar təkcə dillərinə görə deyil, həm də bütün mənəvi və maddi mədəniyyət və məişət ənənələrinə görə azərbaycanlıdırlar və bu günə qədər öz mühitlərində oğuz folklor motivlərini qoruyub saxlayırlar".[120]
Əfşar dilinin ayrıca bir dil olması[135] və ya Azərbaycan dilinin dialekti olması ilə bağlı fikirlər vardır.[77] Əfşarların öz xalça sənətləri vardır.[136] 2025-ci ildə Azərbaycanın dəstəyi ilə Əfqanıstanda "Avşar Ulduzu" Tədris Mərkəzi açılmışdır. Mərkəzin açılmasında məqsəd əfşar milli mədəni irsinin qorunması, Azərbaycan dili və tarixinin öyrədilməsidir.[137]
Qaragözlülər, baharlılar, qaradağlılar[138] və Azərbaycan mühitində yaşayan bayatlar Azərbaycan dilinin cənub dialektinə aid ləhcələri danışırlar.[139][140][141] Qacarlar Azərbaycan dilinin dialektini danışırlar.[142] Qarapapaqlar Azərbaycan dilinin Borçalı şivəsini, Qazax və Qarapapaq dialektlərini danışırlar.[143] Dağıstan tərəkəmələrinin dili Azərbaycan dilinin şərq qrupunun Quba və Şamaxı dialektlərinə yaxındır.[144] Ermənistanın Kalinino rayonunda yaşayan tərəkəmələrin ləhcəsi isə Azərbaycan dilinin cənub qrupuna uyğun gəlir.[145]
Şahsevən tayfalarının qadınları kilim, cəcim, at örtüsü və xurcib toxumaq ilə məşğul olurlar.[146] Tarixən Şuşada hazırlanmış Şahsevən yəhərlərinin bu sahədəki ən yaxşısı olduğu hesab edilir və yüksək qiymətləndirilirdi.[147] Əslində, regional Azərbaycan türk ləhcələrinin sistematik müqayisəsi dərc edilməsə də, bəzi cəhətlərdən, məsələn, sait ahəngində, İran Azərbaycanında yaşayan köçəri şahsevənin oturaq türkdilli (tat) qonşularına nisbətən "daha təmiz" türkcə danışdığına dair sübutlar var.[25] Şahsevən tayfasının adına Gəncədə məhəllə və 1880–1882-ci illərdə tikilmiş məscid vardır.[148]
Bəzi Azərbaycan rəqslərinin adı Azərbaycanda mövcud olmuş tayfalar və ellərlər bağlıdır. Məsələn, "tərəkəmə" rəqsi azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələrlə, "Xançobanı" rəqsi isə Şamaxı xanlığını idarə etmiş Xançobanlı eli ilə bağlıdır.[149] Şahsevəni adlı aşıq musiqisi Göyçə aşıqlarının repertuarında mövcuddur,[150] Şahsevəni Bakı toylarında və Naxçıvanda oxunurdu.[151]
Dramaturq Mirzə Fətəli Axundovun "Tərəkəmə qadını ilə Molla Kərimin söhbəti" adlı şeiri vardır.[152] Axundovun "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur" əsərinin əsas zadəgan qəhrəmanı isə təkəli-muğanlı olan Hətəmxan ağadır. "Dərviş Parisi partladır" filmində Hətəmxan ağa rolunu Adil İsgəndərov oynamışdır.[153] Azərbaycanda tərəkəmələrlə bağlı "Ağ qan" filmi çəkilmişdir. Filmdə təsərrüfatları məhv olmuş tərəkəmə ailəsinin həyatından, ana və övlad bağlılığından, həyata münasibətdən bəhs edilir.[154]
Orta əsrlərdə Azərbaycandakı müxtəlif tayfa məskunlaşma əraziləri "baba" adı ilə tanınan daş fiqurlar ilə göstərilirdi.[155] Baba heykəlləri həm də türk köçəri irsinin ümumi ərazisinin bir komponenti sayılmalıdır.[156] Azərbaycan xalçalarındakı qoyun ve keçi təsviri isə müəyyən bir tayfanın köçəri keçmişi ilə əlaqəsini göstərir.[157]
Molla Pənah Vaqif Azərbaycanı yalnız köçəri tayfa qurumu olan elə görə bölürdü.[158] Azərbaycan dilində tayfa mənasında istifadə edilən sözlər uruğ (Şamaxı və Muğan), tirə (Laçın, Qubadlı, Sabirabad, Qazax, Dərələyəz, Qarakilsə və s.), coma (Muğan, Şirvan, İmişli, Kürdəmir, Salyan), tabun (Zaqatala, Qax), coğa (Daşkəsən, Şirvan, Gədəbəy, Goranboy, Göyçay, Tərtər, İmişli və s.), oymaq və s.-dir.[159]
Köçəri zadəganlar arasında tayfanın ayrı-ayrı hissələrinin böyükləri ağsaqqal adlandırılırdı. Səfəvilər dövründə tayfa başçılarının və feodalların cəm şəklində adlandırılması fars dilində ağayan, azərbaycan dilində ağalar idi.[160] İlbəy isə azərbaycanlıların etnoqrafik qrupu olan şahsevənlərin başçılarına verilən titul idi.[161]
Ayrımlar yaşadıqları yerləri "Ayrım mahalı", "Ayrım ölkəsi", "Ayrım eli" adlandırırlar.[162] Tarixən türk-İran sərhədində, ayrım xanları tərəfindən idarə edilən Avacıq xanlığı mövcud olmuşdur.[163] 1828–1856-cı illərdə Naxçıvan ərazisində Kəngərli süvariləri hərbi birləşməsi mövcud olmuşdur. Bu birləşmə hələ 1787-ci ildə Kəlbəli xan Kəngərlinin Naxçıvanda dövlət çevrilişi ilə hakimiyyətə gəlməsində iştirak etmişdir.[164] 1828–1856-cı illərdə isə süvarilər Rusiya–Osmanlı müharibəsində (1828–1829) və Krım müharibəsində iştirak etmişdir.[165]
Кызылбаши, первоначально состоявшие из представителей семи малоазиатских тюркоязычных племен румлу, шамлу, устаджлу, афшар, каджар, текелю и зулкадар, говоривших на азербайджанском языке, были с XV в. одной из главных военно-политических опор Сефевидского государства.
Indeed, the Bayundur clan to which the Aq-qoyunlu rulers belonged, bore the same name and tamgha (symbol) as that of an Oghuz clan.