25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.[4] Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda,[5] 28-də isə Çeçenistanda matəm elan edilib.[6] Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib.[7]
Azərbaycan Hava Yolları Embraer 190 qəzası | |
---|---|
![]() Azərbaycan Hava Yollarına məxsus qəzaya uğrayan "Embraer 190" təyyarəsi (2016) | |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza səbəbi | İlkin istintaq nəticələrinə əsasən Rusiyaya məxsus Pantsir-S1 hücumu[1] |
Yer | Aktau |
Koordinatlar | 43°53′00″ şm. e. 51°00′21″ ş. u.HGYO |
Ölkə |
![]() |
Sərnişin sayı | 62 |
Komanda | 5 |
Ölü sayı | 38[2] |
Təyyarə | |
Təyyarə modeli | Embraer E190AR |
Havayolu şirkəti | Azərbaycan Hava Yolları |
İstiqamət | Bakı–Qroznı |
Uçuş nömrəsi | J2-8243 |
Qeydiyyat nömrəsi | AHY8243 |
![]() |
Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilmişdir. Elə həmin ildə AZAL tərəfindən alınmışdır. Təyyarə 4K-AZ65 quyruq nömrəsinə sahib idi. Qəzaya qədər ümumilikdə 9949 eniş həyata keçirib, ümumi uçuş müddəti isə 15257,22 saat olub. Son dəfə texniki yoxlanışdan 18 oktyabr 2024-cü ildə keçib. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.[8][9]
Təyyarə Azərbaycan vaxtı ilə saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb.[11][12][13] Qroznı hava limanında pis hava şəraitinə görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib. Ekipaj 8:35-də (UTC+03:00) qəza siqnalı verib və idarəetmə sistemində nasazlıq olduğunu bildirib.[14] Daha sonra saat 8:49-da pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni "birbaşa rejimdə" idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerə çırpılıb. Təyyarənin qəza görüntülərində yerə çırpılma zamanı eniş şassilərinin işə salındığı görünür. Təyyarə dik bucaq altında yerə çırpılıb, ilk olaraq sağ qanadı yerə dəyib. Sonra çevrilib və partlayış baş verib. Təyyarə iki böyük hissəyə bölünüb, tezliklə ərazidə yanğın başlayıb. Təyyarənin quyruq hissəsi əsas dağıntılardan uzaqda başıaşağı dayanıb və yanğından zərər görməyib.[15]
Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib. Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır vəziyyətə gətirilib. Təyyarə Qazaxıstan hava məkanına yerli vaxtla 11:00-da daxil olub və Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Daha sonra uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb. Lakin saat 11:28-də ekipajla əlaqə itib və təyyarə qəza enişi edib.[16]
Saat 10:53-də Rusiya tərəfi Qazaxıstana AZAL təyyarəsinin oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduğu barədə yanlış məlumat verib.[17]
İlkin məlumatlara görə təyyarədə yaranan nasazlığın səbəbi havada olarkən quş sürüsü ilə toqquşma,[18] və ya Rusiya ərazisində Pantsir-S1 ilə vurulmadır.[19] Aviasiya ekspertlərinin fikirincə füzelyajda olan dəliklər təyyarənin məhz hava hücumundan müdafiə sisteminin raketinin partlaması nəticəsində baş verdiyindən xəbər verir, quş sürüsu ilə toqquşma zamanı isə bu cür dəliklər əmələ gəlmir, əsasən mühərriklər sıradan çıxır və təyyarə sadəcə düşməyə başlayır.[20][21]
Təyyarənin quyruq hissəsində atəş izlərinə bənzəyən dəliklərin olduğunu əks etdirən görüntülər yayılıb. Qazaxıstan Baş nazirinin müavini bu iddialara xüsusi istintaq qrupunun hadisə yerini müayinə etdiyini, bütün dəlillər toplandıqdan sonra yekun nəticələrin açıqlanacağı şəklində münasibət bildirib.[22]
Vaxt (AZT, UTC+5) | Hadisə |
---|---|
07:56 | Təyyarə qalxır[23] |
08:40 | Təyyarə radarından itir[24] |
09:35 | Pilot 7700 kodu verir[14] |
09:49 | Pilot təcili eniş tələb edir[25] |
10:02 (11:02 AQTT) | Təyyarə Qazaxıstanın hava məkanına daxil olur[26] |
10:07 (11:07 AQTT) | Təyyarə yenidən radara girir[25] |
10.28 (11:28 AQTT) | Təyyarə ilə radioəlaqə kəsilir[27] |
10:30 (11:30 AQTT) | Təyyarə eniş cəhdi edərkən qəzaya uğrayır[28] |
11:05 (12:05 AQTT) | Yanğınsöndürənlər yanğını söndürürlər[26] |
Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Hazırda 38 nəfərin öldüyü məlumdur. 29 nəfər, o cümlədən iki uşaq qəza nəticəsində xəsarət alıb, yaralılardan 11-nin vəziyyəti ağır, digərlərinin isə vəziyyəti orta-ağır qiymətləndirilir.[29]
Göyərtədə ümumilikdə 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü vəfat edib, 14-ü sağ qalıb. Rusiya vətəndaşlarının sayı 16 olub, onlardan 7-si vəfat edib, 9-u sağ qalıb. Qırğızıstan vətəndaşlarının 3 də sağ qalıb. Qazaxıstandan olan 6 sərnişinin hamısı vəfat edib.[30]
Ekipaj 5 nəfərdən ibarət olub. Təyyarənin pilotlarının davranışı qəhrəmanlıq kimi qiymətləndirilir.[31][32][33]
Hava gəmisinin kapitanı – İqor Kşnyakin. 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub.[34] Təqaüdə çıxmasına 2 ay qalmışdı.[35]
Köməkçi pilot – Aleksandr Kalyaninov. Bakı Avropa Liseyində təhsil alıb.[36] 2013-cü ildən pilot peşəsi üzrə təhsil alıb. Qəzaya qədər bir il idi ki, pilot kimi fəaliyyət göstərirdi.[37]
Stüardessa Hökumə Əliyeva həlak olub. Stüard Zülfüqar Əsədov və stüardessa Aydan Rəhimli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.[38]
Təyyarənin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar.[39] Pilotlar və bələdçi Hökumə Əliyeva hadisə zamanı fədakarlıq göstərdiklərinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüblər.[40] Stüard Zülfiqar Əsədov və stüardessa Aydan Rəhimli fədakarlıq göstərdiklərinə görə 1-ci dərəcəli Rəşadət Ordeni ilə təltif olunublar.[41]
Həlak olmuş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.[42]
Ölkə | Sərnişin | Ekipaj | Cəmi | Sağ qalan sərnişin sayı | Sağ qalan ekipaj sayı | İstinad |
---|---|---|---|---|---|---|
Azərbaycan | 37 | 5 | 42 | 14 | 2 | [43][44][45][46] |
Qazaxıstan | 6 | — | 6 | — | — | [44][45][46] |
Qırğızıstan | 3 | — | 3 | 3 | — | [44][45][46][47] |
Rusiya | 16 | — | 16 | 9 | — | [44][46][45] |
Cəmi | 62 | 5 | 67 | 26 | 2 |
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəza ilə bağlı Dövlət Komissiyası yaradılıb. Həmçinin təyyarənin qəzaya uğraması ilə nəqliyyat vasitəsinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi açılıb.[48]
Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, istintaq qrupu Qazaxıstana ezam olunub.[49]
Təyyarə qəzası ilə əlaqədar Prezident İlham Əliyev Rusiyaya səfərini yarımçıq qoyaraq geri dönüb.[50] Təyyarə endikdən dərhal sonra hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.[51] O, təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.[52]
Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri baş vermiş hadisəni araşdırmaq üçün Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.[53] Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb.[54]
Qazaxıstan və Azərbaycan ombudsmanları tərəfindən işçi qrupu yaradılıb.[55]
Qazaxıstan Qan Bankı Mərkəzi təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanların effektiv müalicəsi üçün qan verilməsinə ehtiyac olduğunu elan edib.[56] Daha sonra qanvermə aksiyasına qoşulmaq üçün 300-ə yaxın insan toplaşıb.[57]
İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılıb.[58]
Təyyarə qəzasının nəticələrini lentə almaq üçün drondan istifadə edərək ictimai asayişi pozmuş bloqer Azamat Sarsenbayev Aktauda polis tərəfindən həbs edilib. O, xilasetmə və istintaq işlərinə müdaxilə edib və polisin göstərişlərinə əməl etməyib. Sarsenbayev saxlanılması barədə Instagram-da paylaşıb və səlahiyyətlilər onu sonrakı hüquqi tədbirlər üçün polis şöbəsinə aparıblar.[59]
AZAL J2–8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində olan və xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödənilməsi haqda qərar qəbul edib. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.[60]
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktauda baş vermiş təyyarə qəzasında sərnişinlərinin xilas edilməsində cəsarət, peşəkarlıq nümayiş etdirmiş bir qrup şəxsi mükafatlandırıb.[61] Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən təltif olunub.[62]
İnternetdə AZAL-ın pilotları ilə Qroznıda dispetçer arasında danışıqların stenoqramı yayılıb. Lakin bu stenoqramın həqiqiliyini sübuta yetirən heç bir rəsmi dəlil təqdim olunmayıb. 24 yanvar 2025-ci ildə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dərc olunan stenoqramların AZAL-ın “qara qutuları”nın materiallarından fərqləndiyini bildirib.[63]
Serbiya Prezidenti Aleksandar Vuçiç,[64] Rusiya Prezidenti Vladimir Putin,[65] Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan,[66] İran Prezidenti Məsud Pezeşkian,[67] Belarus Prezidenti Aleksandr Lukaşenko,[68] Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev,[69] Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar,[70] Tacikistan Prezidenti Emoməli Rəhmon,[71] İsrail prezidenti İsaak Hersoq,[72] Fələstin Prezidenti Mahmud Abbas,[73] Çin Sədri Si Cinpin,[74] Xorvatiya Prezidenti Zoran Milanoviç,[75] Portuqaliya Prezidenti Marselo Rebelo de Souza,[76] İtaliya Prezidenti Sercio Mattarella,[77] Rumıniya Prezidenti Klaus Yohannis,[78] Finlandiya Prezidenti Aleksandr Stubb,[79] Macarıstan Prezidenti Tamaş Şuyok,[80] Pakistanın Baş naziri Şahbaz Şərif,[81] Ermənistan Baş naziri Nikol Paşinyan,[82] ABŞ, Böyük Britaniya[83], İsrail[84], Belçika[85] İtaliya,[86] Fransa,[87] Almaniya[88] səfirlikləri, Gürcüstan XİN[89], Ruminya XİN,[90] Türkiyə XİN,[91] Litva XİN[92], İordaniya XİN[93], Misir XİN[94], Polşa XİN[95], Səudiyyə Ərəbistanı Krallığı XİN,[96] Yaponiya XİN,[97] BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva,[98] Türk Dövlətləri Təşkilatı,[99] ICESCO,[100] BMT[101], İslam Əməkdaşlıq Təşkilatı[102], Burkina Faso prezidenti İbrahim Traore[103] təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.
Hadisə nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.[5] Azərbaycanın futzal üzrə Yüksək Liqasının 8-ci turunun və Azərbaycan kubokunun həmin günkü oyunlarının 1 dəqiqəlik sükutla başlanmasına qərar verilib.[104] Matəm günü ilə əlaqədar olaraq Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatının,[105] o cümlədən Güləş üzrə Azərbaycan çempionatının dekabrın 26-na təsadüf edən görüşləri təxirə salınıb.[106] Həmçinin teatr-konsert müəssisələrində də həmin tarixə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınmışdır.[107]
Təyyarə qəzasında həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Qazaxıstanın Aktau, Kurık və Bautino limanlarında Xəzər dənizinə əklillər buraxılıb.[108]
Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verməməsi Azərbaycanın sosial şəbəkə seqmentində birmənalı qarşılanmayıb. Yerli mediada "dost dosta tən gəlmədi" konteksində tənqidi yazılar dərc olunub.[109][110] Tənqidi yazılardan sonra Ukrayna Xarici işlər naziri Azərbaycana başsağlığı verib.[111] Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski də Azərbaycana başsağlığı verib.[112]
Hadisə ilə əlaqədar olaraq dövlət başçısı Ramzan Kadırovun sərəncamı ilə dekabrın 28-i Çeçenistanda matəm günü elan edilib.[6]
Ağ Ev əlamətlərin təyyarənin Rusiya raketi ilə vurulduğunu təsdiqlədiyini bildirib.[113]
Sosial şəbəkələrdə “#Rusiyaüzristə” həştəqi ilə kampaniya başladılıb.[114]
Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.[7]
Bakıda Dənizkənarı Milli Parkda hər il ənənəvi olaraq təşkil edilən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı nəzərdə tutulmayıb.[115]
Qeyri-rəsmi mənbələrdə hadisənin Rusiya tərəfindən yanlışlıqla və ya qəsdən törədilməsi ilə bağlı iddialar güclənib. Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcəyini bildirib.[116] NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb.[117]
Euronews xəbər verir ki, Azərbaycan hökuməti mənbələri cümə axşamı telekanala eksklüziv olaraq təsdiqləyiblər ki, təyyarənin qəzaya uğramasına Rusiyanın yer-hava raketi səbəb olub. Mənbələrin məlumatına görə, raket Groznı üzərində pilotsuz uçuş aparatlarının fəaliyyəti zamanı 8432 saylı reysə atılıb və təyyarənin yaxınlığında partlayaraq sərnişinləri və ekipaj üzvlərini yaralayıb. Hökumət mənbələri Euronews-a bildirib ki, zərər görmüş təyyarənin pilotlarının təcili eniş üçün etdiyi müraciətlərə baxmayaraq, Rusiya hava limanlarına enişinə icazə verilməyib və təyyarəyə Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə uçması əmr edilib.[118] Məlumatlara əsasən, təyyarənin GPS naviqasiya sistemləri dəniz üzərində uçuş marşrutu boyunca bloklanıb. Bakı mərkəzli beynəlxalq media qurumu AnewZ Azərbaycan hökumət mənbələrinə istinadən xəbər verir ki, raket Pantsir-S hava hücumundan müdafiə sistemi tərəfindən atılıb. Rusiya mənbələrinin məlumatına görə, Azərbaycan Hava Yollarına məxsus təyyarə Çeçenistan ərazisi üzərindən uçduğu zaman Rusiya hava hücumundan müdafiə qüvvələri aktiv şəkildə Ukrayna PUA-larını vurmağa çalışırmış.[118] Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Xamzat Kadırov da çərşənbə günü səhər Qroznıya pilotsuz uçuş aparatları ilə hücum edildiyini təsdiqləyib və bildirib ki, hadisə nəticəsində heç bir insan itkisi və ya zərər olmayıb.[118]
Ardınca Azərbaycan KİV-ləri Euronews-un açıqlamasına da yer verərək analoji xəbərlər dərc edib.[119][120]
Reuters xəbər agentliyinin məlumatına əsasən Azərbaycandan araşdırma ilə bağlı məlumatı olan bir mənbə ilkin araşdırmaların təyyarənin Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu göstərdiyini və təyyarənin Qroznıya yaxınlaşarkən onun rabitə sistemlərinin elektron döyüş sistemləri tərəfindən iflic edildiyini bildirib. Agentliyin məlumatına əsasən, Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulması daha üç Azərbaycan mənbəsi tərəfindən təsdiqlənib. Reuters qeyd etmişdir ki, Rusiya Müdafiə Nazirliyi şərh üçün müraciətə cavab verməyib, Qazaxıstan Baş nazirinin müavini Qanat Bozymbayev isə bu iddianı nə təsdiq, nə də təkzib edə biləcəyini bildirib.[1]
Azərbaycan tərəfi qəzanın MDB-nin Beynəlxalq Aviasiya Komitəsi tərəfindən araşdırılması təklifini rədd edib.[121]
Dekabrın 27-də The Times qəzetində dərc olunan məqalədə qəzadan sonrakı videonu təhlil edən ekspertlər qeyd ediblər ki, təyyarə çox güman ki, raketlə vurulub. Məqalədə bildirilir ki, pilotlar bütün uçuş idarəetmə sistemlərini itirdikdən sonra yalnız dartı mühərriklərindən istifadə edərək zədələnmiş təyyarəni qəza enişi etdirməyə çalışıblar. Ekspertlərin bildirdiyinə görə, qəzadan əvvəl və sonra çəkilmiş videolar qəlpələrin təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsində olan hər üç paralel hidravlik sistemi sıradan çıxardığını göstərir. İdarəetmə sistemləri sıradan çıxdıqdan sonra onlar çox güman ki, iki reaktiv mühərrikin dartı gücünü ayrı-ayrılıqda tənzimləyərək təyyarənin tanqaj və meyl bucaqlarını idarə etməyə çalışıblar.[122]
Dekabrın 25-də PUA hücumu barədə ayrı-ayrı media resurslarında, sosial şəbəkələrdə məlumatlar yayılıb. Lakin, Rusiya tərəfi səhər saatlarında Qroznıya PUA hücumunun olması barədə rəsmi məlumat açıqlamayıb və həmin məlumatlar sonradan bəzi media resurslarından çıxarılıb. Qəzadan iki gün sonra Rusiya Federal Hava Nəqliyyatı Agentliyi AZAL-ın qəzaya uğrayan təyyarəsi Qroznı səmasında olarkən hava hücumundan müdafiə sistemlərinin işə salındığını etiraf edib.[123]
AZAL təyyarənin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğradığını açıqlayıb.[124]
Flightradar24 əllərində olan, tam olmayan məlumatları analiz etməklə təyyarənin radarda görünmədiyi müddətdə mümkün uçuş traektoriyasını paylaşıb.[125][126]
Hadisə ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi hərtərəfli araşdırılması üçün Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə təhvil verilib.[127]
"Qara qutu"ların oxunmasına Rusiya, Azərbaycan və Braziliyadan olan mütəxəssislər cəlb olunub.[128] "Qara qutu"lar yekun rəy verilməsi üçün Braziliyadan Qazaxıstana gətirilib. Qazaxıstan "qara qutular"ın materiallarının surətlərini Azərbaycan və Rusiyaya təhvil verib.[63] Araşdırmanın ilkin nəticələrinin 27 yanvar tarixindən sonra açıqlanması nəzərdə tutulur.[129]
Qəza ilə bağlı Rusiyada aparılan istintaq nəticəsində hava gəmisinin "Pantsir S-1" Hava Hücumundan Müdafiə (HHM) sistemi ilə vurulduğu 24 yanvar 2025-ci ildə Azərbaycan KİV-lərinin yaydığı məlumatlarla təsdiq edilib. Bildirilir ki, bu sistem Rusiyaya Suriyadan gətirilib. İstintaq zamanı təyyarəyə qarşı radio-elektron mübarizə vasitələrinin tətbiq edildiyi müəyyən olunub və Rusiya tərəfi həm təyyarəyə atəş açan şəxslərin, həm də əmri verənlərin kimliyini müəyyən edib.[130]
İlkin hesabat
Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinə uyğun olaraq, hadisənin baş verdiyi dövlət kimi Qazaxıstan araşdırmaya başlamışdır. Bu araşdırma uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsinə yönəlib və təqsirli şəxslərin müəyyən edilməsi məqsədi daşımır. 4 fevral 2025-ci ildə Qazaxıstan Nəqliyyat Nazirliyi təyyarə qəzası ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrini əks etdirən hesabat yayıb.[131]
BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabat hazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1 il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatın hazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmada iştirak edən digər dövlətlər tərəfindən artıq işlərə başlanılıb.