Bu məqalənin neytrallığı şübhə doğurur. Məqalədə tərəf tutma və ya pisləmək məqsədi daşıyan və doğruluğu sübut edilməyən, və ya mübaliğəli fikirlərin olduğu iddia edilir. Xahiş olunur, bu məsələ ilə əlaqədar müzakirələrdə iştirak edəsiniz. |
Sülh Bulağı əməliyyatı[8] (türk. Barış Pınarı Harekâtı; bəzi mənbələrdə Sülh Mənbəyi əməliyyatı[9] və ya Sülh Çeşməsi əməliyyatı[10] kimi tərcümə olunur) — Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun Suriyanın şimalında tək tərəfli muxtariyyət elan edən Rojavadakı silahlı qüvvə olan Suriya Demokratik Qüvvələrinə qarşı başladılan hərbi əməliyyat. Əməliyyatın başladığını elan edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatın "PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı " başladıldığını açıqlamış və məqsədinin "Türkiyənin cənub sərhədində yaradılmasına çalışılan terror koridorunu yox etmək və bölgəyə sülh və hüzur gətirmək " olduğunu bildirmişdir.[11]
Sülh Bulağı əməliyyatı | |||
---|---|---|---|
Suriyada vətəndaş müharibəsi | |||
![]() 13 oktyabrda Türkiyə Silahlı Qüvvələri tərəfindən bombalanan Təl-Əbyəz. | |||
Tarix | 9 oktyabr – 25 noyabr 2019 | ||
Yeri | Hələb mühafəzəsi, Raqqa mühafəzəsi, Əl-Həsəkə mühafəzəsi | ||
Səbəbi | SDQ tərəfindən Şimali Suriyada kütləviliyin artırılması | ||
Nəticəsi |
Əməliyyat dayandırıldı.
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
![]() |
Türkiyə hökumətinin Şimali Suriyaya müdaxilə etmə təhdidinin ardından 2019-cu ilin avqust ayında Türkiyə ilə ABŞ arasında Suriya Demokratik Qüvvələrini Suriyada İŞİD-ə qarşı hərbi müdaxilədə kilid müttəfiqlərindən biri olaraq görən razılaşma əldə edildi.[12] Razılaşma izləmə və ortaq patrul yolu ilə Türkiyənin "təhlükəsizlik narahatlığını" ələ alaraq gərginliyi ortadan qaldırmağı məqsədləyən təhlükəsiz bölgəni qurarkən, SDQ-nin o dövrdə nəzarəti altındakı ərazilər üzərində hakimiyyəti əlində tutmasına icazə verdi. Razılaşma ABŞ və SDQ tərəfindən müsbət qarşılansa da, Türkiyə razılaşmadan məmnun deyildi.[13] Türkiyə hökumətinin məmnuniyyətsizliyi Türkiyənin təhlükəsiz bölgənin əhatə etdiyi sahəni genişlətmək, Türkiyənin ərazinin bir qismi üzərində nəzarətini zəmanətə almaq və ya milyonlarla qaçqını bölgəyə yerləşdirmək kimi bir neçə cəhdinə səbəb oldu. Bu cəhdlərin hamısı sərt SDQ müqaviməti və ABŞ tərəfindən edilən açıqlamalar nəticəsində uğursuz oldu.[14][15]
ABŞ-Türkiyə quru patrul nəzarətinin rəsmi olaraq işə başlamasına, SDQ-nin düşərgələrinin sökülməsinə və YPG qüvvələrinin təhlükəsiz bölgənin bir qismindən geri çəkilməsinə baxmayaraq, Türkiyə və SDQ arasında münasibətlər daha da gərginləşdi.[16] Türkiyənin razılaşmanın status-kvosundan duyduğu narahatlıq prezident Ərdoğanın SDQ-i hədəfləyən çıxışları ilə daha da çıxılmaz hal aldı. Nəhayət, Türkiyə hökuməti eyni ilin oktyabr ayında "son tarix"in başa çatdığını elan etdi.[17]
Oktyabr ayında prezident Trampın ABŞ-ni sonu görünməyən müharibədən çıxarmaq qərarı Türkiyəyə Suriyaya qoşun göndərilməsi üçün yaşıl işıq verdi. ABŞ təxminən min nəfər hərbi qulluqçusunu Suriyanın şimal-şərqindən çıxararaq İŞİD-lə mübarizə üçün İraqın qərbinə göndərmək qərarını verdi[18]. Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bəyan edib ki, onun hədəfi öz ölkəsindəki kürd üsyançılarının müttəfiqi olan Suriya Demokratik Qüvvələri kürdləridir. Onun planı Suriyanın şimal-şərqində, sərhədin hər iki tərəfinə nəzarət etmək və 32 km dərinlikdə bir "təhlükəsizlik zonası" qurmaqdır. Türkiyə həmin zonaya bir milyon və ya ondan daha çox suriyalı qaçqını köçürmək istəyir.[19]
Türkiyənin son illərdə artıq öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin edilməsi konsepsiyasına üstünlük verməsi bir tərəfdən PKK/YPG terror qruplaşmasının Türkiyənin Suriya və İraq ilə sərhədlərində Aralıq dənizinə qədər uzanan hissəsində terror dövlətinin qurulması planlarını alt-üst etmək, bu məqsədlə terrorçuların yüzlərlə kilometr uzunluğunda dəhliz yaratmaq ideyalarını vaxtında neytrallaşdırmaq, onların sərhədyanı ərazilərə müdaxiləsinin və hücumlarının qarşısını almaq, digər tərəfdən isə iqtisadiyyatına ciddi yük olan 3.6 milyon nəfər Suriya vətəndaşlarının heç olmasa 2 milyonunu öz ölkəsinə qaytarmaq niyyəti ilə bağlıdır.[20]
Əsrlər boyu türk tayfaları, sonradan isə türk döyüş birlikləri tərəfindən döyüşlərdə “Aypara taktikası” adlanan metoddan geniş istifadə ediblər. Həmçinin bu taktika türklərin yaşadığı coğrafiyanın adı ilə “Turan taktikası” da adlandırılıb. Bu taktiki döyüş metodu müasir hərbi anlamda təyin edilən ərazidə düşmən birliklərinin digər bölmələr ilə əlaqəsinin kəsilərək təcrid edilməsini, onun müdafiə olunmağa vadar edilməsini, müdafiə olunan düşmən birliklərinin yerləşdiyi ərazinin havadan və qurudan mühasirəyə alınmasını,[a] artilleriya və aviasiya zərbələri ilə getdikcə mühasirə radiusunun daraldılaraq düşmənin geri çəkilməyə məcbur edilməsini və ərazidən çəkilməyən qüvvələrinin zərərsizləşdirilməsini nəzərdə tutur. Düşmən qüvvələrin sayı onun müdafiəyə keçməsinə imkan vermədikdə, əvvəlcə hücum edib, sonra isə geri çəkilməklə rəqib qoşunlarını əvvəlcədən yaradılan pusqu zonasına [b] cəlb edərək ona sarsıdıcı zərbə vurduqdan sonra “Aypara Taktikası” ilə əks hücuma keçmək də mümkündür.
Lakin TSQ-nin Suriya Milli Ordusu ilə keçirdiyi “Barış Pınarı” hərbi əməliyyatının keçirildiyi ərazi düzənlikdir, bu isə Türkiyənin zirehli texnikalarına yüksək manevr imkanları yaradır. Böyük ehtimalla “Aypara”nın bir cinahından TSQ, digər cinahında isə SMO hərəkət edir. Hərbi əməliyyatın teatrının relyefinə, coğrafi ərazinin miqyasına, cəlb edilən qüvvələrin tərkibinə və əməliyyatın məqsədlərinə görə hücum iki və daha çox istiqamətdən paralel olaraq da həyata keçirilə bilər. Bu tip əməliyyatın diqqət yetirilməsi vacib olan elementi, döyüş bölgəsinin təcrid edilməsini xüsusi nəzarətdə saxlanılmasından, düşmənin ehtiyat qüvvələrinin mühasirədə saxlanılan əraziyə müdaxiləsinə imkan verilməməsindən, mümkündürsə ehtiyatları cəmləşmə rayonlarında zərərsizləşdirməkdən ibarətdir. M4 magistralının nəzarətə götürülməsinin əsas məqsədi də “atəş kisəsi”ndə qalan döyüşçülərə kənardan ehtiyat qüvvələrin qoşulmasını istisna etmək məqsədi daşıyırdı.
SDQ silahlanmasında bir çox ciddi silah sistemləri mövcuddur. Onların bir hissəsi Suriyada davam edən vətəndaş müharibəsi illərində əldə olunub, digər bir hissəsi isə onları İŞİD-lə mübarizədə müttəfiq kimi qəbul edən Qərb ölkələri tərəfindən yüzlərlə tır vasitəsilə çatdırılıb. Onların arasında zirehli maşınlar, MILAN, TOW və “Javelin” kimi tank əleyhinə idarəolunan raket kompleksləri, 9K38 İqla (SA-18) daşınan zenit raket kompleksi, artilleriya vasitələri, mobil minaatanlar, PUA-lar, müasir snayper tüfəngləri, iriçaplı pulemyotlar, atıcı silahlar və s. mövcuddur. Təbii ki, bu silahlar bəzi itki risklərini özündə daşıyır, onlar Türkiyənin sərhədyanı yaşayış məntəqələrinə daha sıx tətbiq ediləcək, lakin heç bir halda bu təhdidlər Türkiyənin keçirdiyi əməliyyatı dayandıra bilməyəcək. Hərbi potensial baxımından, hətta Əsədin dəstəyi ilə belə münaqişə tərəflərini müqayisə etmək çətindir. Türkiyənin tək problemi 70 ilə yaxın NATO-da müttəfiq olduğu dövlətlərdən nəinki dəstək almaması, əksinə onların bir çoxunun SDQ cərgəsində yer almasındadır.
Suriya Demokratik Qüvvələrinin strukturlarında mövcud olan silahlı qrupların təkibində bir neçə müxtəlif vəzifələrə rast gəlinir. Təbii ki, burada ən əsas fiqur terrorçu qruplaşmanın rəhbəridir. İkinci və sonrakı fiqurlar isə təxminən aşağıdakı kimi formalaşdırılır:
SDQ-nin Suriya ərazisində keçirilən “Barış Pınarı” əməliyyatında fəaliyyətini təhlil etdikdə məlum olur ki, onlar öz qüvvə və vasitələrini, xüsusilə də ağır silahlarını, texnikalarını və sursat anbarlarını açıq ərazilərdə kompakt şəkildə deyil, yaşayış məntəqələrində daha geniş əraziyə dağınıq halda yerləşdirməyə üstünlük verirlər. Bu məqsədlə əsasən məktəblərdən və xəstəxanalardan istifadə edilir. Döyüşçülər və texnikaların hərəkəti əsasən qaranlıq düşdükdən sonra həyata keçirilməyə başlayır. Gündüzlər isə magistral yollardan kənar yerləşən səhralıq ərazi və yollarda hərəkət etməyi üstün tuturlar. Qətiyyən böyük qruplarla və ya kolonlarla hərəkət etmirlər, yerdəyişmə üçün pikap və motosikllərdən istifadə edirlər. Döyüşçülər zirehli texnikalara sahib olmalarına baxmayaraq, yalnız zəruri hallarda onlardan istifadə edirlər. Döyüşlərin gedişində əsasən hərəkətliliyə üstünlük verirlər və bunun sayəsində qüvvələrini mümkün qədər tez və gizli şəkildə TSQ-nin planlaşdırılan hücum istiqamətlərində cəmləşdirməyə çalışırlar.
SDQ-nin hazırda istifadə etdiyi digər döyüş taktikası məhdud görmə şəraitində çoxsaylı kiçik basqınlardır. Diversiya təxribat fəaliyyətlərindən və “partizan” döyüş taktikasından yararlanırlar. Bu metodu bəzən “vur-qaç” taktikası ilə qarışdırırlar, lakin bunlar bir-birinə bənzəsə də fərqli cəhətləri də mövcuddur. “Vur-qaç” qısamüddətli bir basqını nəzərdə tuta bilər, “partizan” taktikası isə rəqibin ərazisində uzun müddət passiv fəaliyyətdə olan qrupun konkret tapşırıq üçün uzunmüddətli istifadəsini nəzərdə tutur. Bu metodların hamısından istifadə edilir. Bəzən bu fəaliyyətlərin optimal sintezinə üstünlük verilir.[21]
Əməliyyat 9 oktyabr 2019-cu ildə Türk Hərbi Hava Qüvvələrinə tabe olan təyyarələrin hava hücumları və Suriya Demokratik Qüvvələrinin tabeliyində olan Təl-Əbyəz, Əl-Qamışlı, Rəsulayn və Eyn-İsa bölgələrini hədəfləyən top atışları ilə başlamışdır.[22] 9 oktyabr tarixi eyni zamanda PKK lideri Abdullah Öcalanın 1998-ci ildə Hafiz Əsəd hökuməti tərəfindən Suriyadan qovulmasının ildönümüdür.[23][24]
Gün ərzində Suriyadan Nusaybinə 6 raket atılmışdır. Hücumda 3 mülki şəxs ölmüşdür.[25] Rəsuleyndə SDQ nəzarəti altındakı bölgədən Ceyranpınara 2 raket atılmışdır.[26][27][28] Şanlıurfanın Ağcaqala, Birəcik və Ceyranpınar bölgələri ilə Mardinin Nusaybin qəsəbəsindəki bəzi nöqtələrə edilən hücumlarda 3 nəfər ölmüş, 46 nəfər də yaralanmışdır. Türk mənbələri hücumların SDQ tərəfindən həyata keçirildiyini bildirmişdir.
Sərhəddən xarici bombalamağa cavab olaraq SDQ sözçüsü Türkiyənin mülkiləri hədəf aldığını iddia etmişdir.[29] Hava hücumlarına cavab olaraq SDQ ABŞ-ni Suriyanın şimalı üzərində uçuşa qadağa qoymağa çağırmışdır.[30] SDQ həmçinin, əməliyyatın başlamasına cavab olaraq İŞİD əleyhinə olan əməliyyatları dayandıracaqlarını açıqlamışdır.[31]
Günün sonunda Türkiyə Silahlı Qüvvələri əməliyyatın quru mərhələsinin Təl-Əbyəz da daxil olmaqla 3 nöqtədən başladığını elan etmişdir.[32]
10 oktyabr 2019-cu il səhər tezdən Türkiyə Silahlı Qüvvələri rəsmən SDQ-ə hücuma başladı, bundan əlavə Suriyanın şimalında 181 hədəfi vurduqlarını və Türkiyə tərəfindən dəstəklənən 14.000 suriyalının hücumlarda yer aldıqlarını bildirdi.[33] Günün irəliləyən saatlarında SDQ ilə Əl-Bab yaxınlarında Türkiyə dəstəkli Azad Suriya Ordusu arasında toqquşma çıxdığı bildirildi.[34] Türkiyə dəstəkli Azad Suriya Ordusu Təl-Əbyəz bölgəsində irəliləyərək Tabatin və Əl-Muşrifah kəndlərini ələ keçirdi.[35][36][37] Axşam saatlarında Türkiyə Silahlı Qüvvələri 11 kəndin nəzarət altına alındığını açıqladı. Türkiyədəki mətbuat "axşam 174 terrorçunun təsirsiz hala gətirildiyini" bildirdi.
Ədalət və İnkişaf Partiyası toplantısında deputatlar qarşısında etdiyi çıxışında Ərdoğan Avropa ölkələrinin hərbi əməliyyatı tənqid etməyə davam etmələri halında, xüsusilə də əməliyyatın işğal olaraq qiymətləndirildiyi təqdirdə 3.6 milyon qaçqını Avropaya göndərəcəklərini bildirdi.[38][39]
Əməliyyatların ikinci günündə SDQ-nin mülki şəxslərə hücumu nəticəsində 6 türk vətəndaşı öldürülmüş, 70 nəfər isə yaralanmışdır.[40][41][42][43][44][45] Əməliyyatlar nəticəsində 70.000 nəfər öz yaşadıqları ərazilərini tərk etmişdir.[46][47]
Oktyabrın 12-də kürdlər, Suriya prezidenti Bəşər Əsəd rejimi ilə sövdələşmə əldə etdiklərini bildiriblər. Həmin sövdələşməyə görə, Əsədin qoşunları 2012-ci ildən bəri Dəməşq tərəfindən nəzarət edilməyən və Türkiyə ilə sərhədədək uzanan ərəziyə irəliləyə bilər. Qoşunlar şimal-şərqdəki bazalarından sürətlə hərəkətə keçib. Əsəd tərəfdarları gizlətdikləri rejim bayraqlarını yenidən qaldırdılar.[19] Kürdlərin nümayəndələri anlaşmanın “ağrılı kompromislər” hesabına əldə edildiyini açıqlayıb. Anlaşmaya görə Suriya ordusu Türkiyə ilə sərhədi nəzarətə götürməlidir, kürdlərin gələcək statusuna dair danışıqlar isə sonraya saxlanılır.
Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi məlumata görə, əməliyyat başlayandan 15 oktyabra kimi 611 SDQ döyüşçüsü zərərsizləşdirilib,[48] Suriyanın şimalında 2 rayon, 1 qəsəbə və 56 kənd nəzarətə götürülüb.
Oktyabrın 17-də ABŞ vitse-prezidenti Mayk Pens və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı təkbətək görüş sonrası Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı 120 saatlıq dayandırmağa razılıq verib. Pens qeyd edib ki, ABŞ Türkiyənin Suriyada əməliyyat zonasından SDQ döyüşçülərinin çıxarılmasına kömək edəcək. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Barış bulağı” əməliyyatının dayandırılmadığını, sadəcə prosesə müvəqqəti ara verildiyini bildirib. Nazir bildirib ki, 120 saat ərzində SDQ Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Yalnız bundan sonra “Barış bulağı” əməliyyatı dayandırıla bilər. Bundan başqa, Türkiyəyə qarşı ABŞ-nin sanksiyaları dərhal aradan qaldırılacaq. Eyni zamanda, SDQ-nin əlindəki ağır silahlar toplanmalıdır.[49] Hərbi əməliyyatlarını dayandırmaq, Suriya və Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və suriyalıların öz torpaqlarına qayıdışına şərait yaratmaq üçün aparılan danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarətdir. ABŞ Prezidenti Donald Tramp buna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Ərdoğan verilən vədlərə əməl olunmazsa, 120 saatlıq müddət bitdikdən sonra hərbi əməliyyatlar daha qətiyyətlə davam etdiriləcəyini bildirib. O həmçinin SDQ-nin növbəti gün səhər saatlarından etibarən Suriyanın şimalında nəzərdə tutulan təhlükəsizlik bölgəsini tərk etməyə başladığını da deyib.[50]
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumatına görə əməliyyat başlayandan oktyabrın 17-dək 702 SDQ döyüşçüsünü zərərsizləşdirilib. Həmin gün Suriya Quru Qoşunları Türkiyə ilə sərhəddə yerləşən, əvvəllər kürdlərin nəzarətində olan Kobani şəhərinə daxil olub. Hökumət qüvvələri Türkiyə Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını almaq məqsədilə şimal sərhədi boyunca ərazilərə girdiklərini bəyan ediblər. Onların son beş ildə ilk dəfə olaraq Rakka şəhərini və Hələbin şimalındakı bir sıra yaşayış məntəqələrini də nəzarətə götürdüyü bildirilir.[51]
Oktyabrın 20-də Təl-Əbyəz bölgəsində SDQ indöyüşçülərin atəşkəsi pozaraq təhlükəsizlik zonasında kəşfiyyat-müşahidə missiyası aparan Türkiyə hərbçilərinə atəş açması nəticəsində bir türk əsgəri şəhid olub, digəri isə yaralanıb.[52] Həmin gün SDQ mühasirədə olduğu Təl-Əbyəz şəhərindən tamamilə geri çəkilib və şəhər Türkiyə ordusunun nəzarətinə keçib. Türkiyə Ordusu azad etdiyi Rəsulayn şəhərində terrorçulara məxsus yeraltı tunellər sistemi aşkarlayıb. Əsas girişi ərazidəki anbarların birinin içində olan tunel yerin təxminən 13 metr dərinliyindədir. Uzunluğu kilometrlərlə ölçülən yeraltı keçid sisteminin hündürlüyü 3, eni isə 2,5 metrdir.[53]
ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı onun başlatdığı “Barış pınarı” əməliyyatına görə hərbi güc tətbiq etməyə “tam ölçüdə hazır” olduğunu bildirib. Onun sözlərinə görə, Ağ ev rəhbəri bu addıma “lazım gələrsə” əl atacaq. Lakin Dövlət Departamentinin rəhbəri Ankaranın məhz hansı hərəkətlərinin ABŞ tərəfindən güc tətbiqinə səbəb ola biləcəyini dəqiqləşdirməyib.[54] Rəcəb Tayyib Ərdoğan isə çıxışında Türkiyənin terrorçularla bir masaya oturmayacağını və oktyabrın 22-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirib.[55]
ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin dekabr ayında ABŞ ordusunun Suriyadan tamamilə çıxarılacağını elan etsə də, bu proses həmin vaxt həyata keçmədi. Yalnız Türkiyənin əməliyyatının başlamasından 1 gün qabaq ABŞ ordusunun 50 əsgəri Türkiyə ilə sərhəd bölgəsindən çıxarıldı və bununla ABŞ ordusunun Suriyadan çıxarılması prosesi başlandı. Pentaqonun rəsmi saytında ABŞ Suriya sərhədlərindən kənarda İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyi bildirilib. ABŞ koalisiyası Suriyadan çıxdığı zaman özlərinə məxsus sursat anbarını, eləcə də digər hərbi avadanlıqları məhv edib. Oktyabrın 16-da ABŞ-nin regionda olan bütün hərbi personalı və taktiki-texniki avadanlıqları İraqa yola salındıqdan sonra F-15 markalı iki koalisiya döyüş təyyarəsi “Lafarge” sement zavodunda yerləşdirilmiş döyüş sursat anbarına aviazərbə endirib. Zavod əvvəllər Suriyada İŞİD-ə qarşı mübarizədə Koalisiya Qüvvələrinin qərargahı missiyasını yerinə yetirirdi.[56] ABŞ qoşunlarının bir hissəsi C-130 təyyarləri ilə ərazidən çıxarılıb. İyun ayından Suriyada olan Britaniya Xüsusi Hava Xidmətinin Xüsusi Qüvvələrə Dəstək Qrupunun əsasən paraşütçülərdən ibarət olan naməlum bir sayda hərbi qulluqçusu da çıxarılanlar arasında olub. Həmçinin çıxarılan hərbi qulluqçular arasında az sayda fransızlar da olub.[57] Oktyabrın 20-də ABŞ qoşunları Suriyanın şimal vilayətlərindən olan Hələb və Raqqa bölgələrini tamamilə tərk edib. 60 nəqliyyat vasitəsindən ibarət hərbi karvan Hələbin şimal-şərqində yerləşən Sarrin aerodromundan ərazini tərk edib.[58] Əl-Qamışlı şəhərinin kürd sakinləri ABŞ ordusunun Suriyanın şimalından çıxarılmasından qəzəblənərək ABŞ hərbi maşınlarının ölkədən çıxan karvanına daş və tərəvəz atıblar.[59]
Əməliyyatdan bir gün əvvəl TBMM-də Xalqların Demokratik Partiyası xaricindəki bütün müxalifət partiyaları ordunun Suriyadakı vəzifə müddətini uzatmaq üçün "lehinə" səsindən istifadə etdi. Müxalif partiya lideri Maral Ağşənər (İYİ partiya), Kamal Kılıçdaroğlu (Cümhuriyyət Xalq Partiyası), Təməl Qaramollaoğlu (Səadət partiyası) və hökumətin şəriki olan Millətçi Hərəkat Partiyası lideri Dövlət Baxçalı hərbi əməliyyatı dəstəklədiklərini açıqladılar.[60] Ağşənər, Qılıcdaroğlu və Baxçalı əməliyyatın başladılmasının ardından prezident Ərdoğan tərəfindən əməliyyat haqqında birbaşa məlumatlandırılmışdır.[61]
Xalqların Demokratik Partiyası əməliyyatı qınadı, "son dərəcə təhlükəli və yanlış bir addım" olaraq qiymətləndirərək, "Türkiyənin təhlükəli və dərin bir tələyə sürükləndiyini" bildirdi.[62]
ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Türkiyənin Suriyanın şimalında “Sülh Çeşməsi hərəkatı”na başladığı 9 oktyabrda yazdığı təhdid dolu məktub ortaya çıxıb. Amerika lideri məktubunda qeyd edib:
Əziz cənab Prezident.
Gəlin yaxşı bir iş görək. Siz minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz, mənsə Türkiyə iqtisadiyyatının dağıdılmasına görə məsuliyyət daşımaq istəmirəm və mən bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım. Mən bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məhv etmə. Siz möhtəşəm anlaşma əldə edə bilərsiniz. General Mazlum[c] sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç etmədikləri güzəştlərə hazırdır. Mən gizli olaraq ondan yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm. Əgər bu işi düzgün və insani şəkildə etsəniz, tarix də sizi yaddaşlara həkk edər. Yaxşı hadisələr baş verməzsə, sizi hər zaman şeytan olaraq görəcəklər. Özünü sərt adam kimi göstərmə. Axmaqlıq etmə! Sənə daha sonra zəng edəcəyəm.[69] |
İddialara görə bu məktuba ən yaxşı cavab kimi Ərdoğan dərhal Suriyada hərbi əməliyyatların başlandığını elan edib.