Qulam Yəhya və ya Qulam Danişian (1906, Əsgərabad, Şərqi Azərbaycan ostanı – 1986, Bakı) — fədai, siyasətçi, general-mayor, Təbrizdə qurulmuş Azərbaycan Milli Hökumətinin Xalq qoşunları nazirinin müavini, Azərbaycan Milli Hökumətinin Milli Məclisinin üzvü. Kommunist Partiyasının, Tudə Partiyasının üzvü və Azərbaycan Demokrat Firqəsinin sədri.
Qulam Yəhya | |
---|---|
![]() | |
avqust 1959 – oktyabr 1979 | |
13 iyun 1946 – 12 dekabr 1946 | |
12 dekabr 1945 – 13 iyun 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 1986 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər | 21 Azər hərəkatı |
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
![]() ![]() ![]() |
![]() |
Milli-demokratik hərəkatda iştirak etdiyi üçün Azərbaycan Milli Hökuməti tərəfindən "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif olunub.
1986-cı ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Qulam Yəhya oğlu Danişian 1906-cı ildə Sərab mahalının Əsgərabad kəndində anadan olub.[1][2] 1918-ci ildə Bakıya gələrək atası ilə birlikdə Sabunçu qəsəbəsində yaşayıb.[3] 1920-ci ildən çilingər köməkçisi daha sonra isə çilingər işləyib.[1][4]
1925-ci ildə Kommunist Partiyasına üzv olub.[4][5][6] 1927–1929-cu illərdə Bakıda Partiya Məktəbinidə təhsil alıb. 1931-ci ilə qədər Bakıda Lenin rayonu partiya komitəsində işləyib. 1931-ci ildən 1935-ci ilə qədər Lenin rayon partiya komitəsində kadrlar üzrə şöbə müdiri, rayon zəhmetkeş deputatlar şurasının sədri vəzifəsində fəaliyyət göstərib. 1935–1937-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb.[4][5] 1937-ci ildə İrana geri qayıdıb.[3][7][6] Öz yaşadığı kəndə çatmamış İran polisi tərəfindən həbs olunaraq Ərdəbildə həbsxanaya salınıb.[5] 1939-cu ildə həbsdən azad olunaraq doğulduğu kəndə sürgün edilir.[4][8] Daha sonra Miyanəyə gedərək 1939-cu ildən 1941-ci ilə qədər dəmiryolu idarəsində mexanik işləyib.[3]
1941-ci ilin avqust sentyabr aylarında Britaniya və SSRİ qoşunları İrana daxil oldular.[9][10][11]1941-ci il sentyabrın 17-də Rza şah taxtından imtina edərək İranı tərk etdi.[12][13] Bundan sonra ölkə ərazisində həbsdə olan siyasi məhbuslar azadlığa buraxıldılar və müxtəlif siyasi təşkilatlar yaranmağa başladı.[14][15] Qulam Yəhya 1941-ci ildə Tudə Partiyasına üzv olub.[4][16] Partiyanın Sərab vilayət komitəsinə rəhbərlik edib.[17] 1942-ci ildə yenidən həbs olunaraq Tehrana aparılıb.[18] 1943-cü ildə həbsdən azad olunub və partiyanın Miyanə vilayət komitəsinə sədr seçilib.[19][20][21] Miyanədə yerləşən İşlə kəndində Abbasəli Pənbeyi ilə birlikdə, mülkədar Ənsari və onun tərəfdarları tərəfindən döyülərək diri-diri basdırılıb.[22]
1945-ci ilin sentyabr ayında yaradılmış Azərbaycan Demokrat Partiyasına qoşulub. Firqənin I qurultayında iştirak edib və Mərkəzi Təftiş Komissiyasına üzv seçilib. Partiyanın Miyanə şəhər komitəsini yaradıb.[23]
1945-ci il noyabrın 8-də Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin iclası baş tutub.[24] Bu iclasda fədai dəstələrinin yaradılması haqda qərar qəbul edildi.[24][25] və Miyanə fədailərinin başçısı Qulam Yəhya seçildi.[26][27] 1945-ci ilin noyabrın 15-də rəhbərlik etdiyi dəstə Sərab və Miyanədə jandarm postlarını tərk-silah edib.[28] Daha sonra noyabrın 25-də Miyanə şəhərinin şah qoşunlarından təmizlənməsinə rəhbərlik edib.[23][29] Bununla da Miyanə şəhəri şah qoşunlarından təmizlənən ilk şəhər olub. 1945-ci il dekabrın 6-da Seyid Cəfər Pişəvərinin göstərişi ilə Təbrizə çağırılıb.[30] Təbriz jandarm idarəsinin tərk-silah olunmasına rəhbərlik edib.[31][32]
1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[33][25][34] Seçkilər nəticəsində Qulam Yəhya Azərbaycan Milli Məclisinə Sərabdan nümayəndə seçildi.[35][36] 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Qulam Yəhya xalq qoşunları naziri Cəfər Kavianın müavini seçilib.[35][37][38] Milli Məclisin birinci iclası dekabrın 12-də keçirilib.[39][40] Bura seçilən nümayəndələrdən 26 nəfəri xidmətdə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Qulam Yəhya olub.[41]
Azərbaycan Milli Hökumətinin Milli Məclisi 1945-ci il dekabrın 20-də "Qızılbaş" xalq qoşunlarının yaradılması haqqında qanun qəbul etdi.[42][43] Milli Hökumət yeni yaranmış qoşunlarına Şah İsmayıl Xətainin öz ordusuna verdiyi adı, "Qızılbaş" adını verdi. "Qızılbaş" Xalq Qoşunlarının baş hərbi qərargahı yaradıldı.[42][44] Bu qərargaha Cəfər Kavian, Əbdülqasım Əzimi, Qulam Yəhya, Seyid Cəfər Pişəvəri, Mirzə Rəbi Kəbiri, Mahmud Pənahiyan, Nəvai, Möhsün Milaniyan, Əbdülrza Azər seçildilər.[42][43]
1946-cı ilin yanvar ayında Zəncanda aparılan işlərə dəstək vermək və orada təhlükəsizliyi qorumaq məqsədilə göndərilən fədailərə rəhbərlik edib.[45][46][47] 17 fevral tarixində rəhbərlik etdiyi 600 fədai ilə birlikdə Zülfüqarinin dəstələrinə qarşı döyüşüb və onları bölgəni tərk etməyə məcbur edib.[48][49] Döyüşlərdə göstərdiyi şücaətə görə general rütbəsi alan 3 nəfərdən biri olub.[50][51]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və "Səttarxan" ordeni ilə təltif edilib.[52][53]
1946-cı il iyunun 13-də İran və Azərbaycan Milli Hökuməti arasında imzalanmış müqaviləyə əsasən əyalət əncüməni tərəfindən yaradılmış Nigəhbanlıq İdarəsinin rəisi təyin edilib.[3][54] Bundan başqa müqaviləyə əsasən Zəncan İran hökumətinə təhvil verildiyi üçün Qulam Yəhya və rəhbərlik etdiyi fədailər Miyanəyə yerləşdilər.[55]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[56][57] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[58] Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[59][60] Bu komitəyə Hacı Mirzə Əli Şəbüstəri, Qazi Məhəmməd, Qulam Yəhya, Mahmud Pənahiyan və Sadiq Padeqan üzv oldular.[58][61] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[58][62][63] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[60][64] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[58][65] Lakin bu istəyi cavabsız qaldı.[66] Qulam Yəhya 1946-cı ilin dekabr ayının 10-na qədər şah qoşunlarına qarşı müqavimət göstərib. Dekabr ayının 10-da Təbrizə çağırılıb.[67] 1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[68][69][70] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[71][72] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[72] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[71][72] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[71][73] Azərbaycan Milli Hökuməti süqut etdi.[74][75] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[76][77] Bundan sonra da qırğınlar və talan davam etdi.[73][76] Minlərlə insan həbs olundu, sürgün edildi.[78] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[79][80][81]
Qulam Yəhya da Milli Hökumət dağıldıqdan sonra siyasi mühacir kimi Şimali Azərbaycana gəlib.[82] Mir Cəfər Bağırovun göstərişi ilə o və digər firqə rəhbərləri əvvəlcə Mərdəkanda yerləşdiriliblər.[83]
1947-ci il iyunun 10-da Mir Cəfər Pişəvəri Hacıkənddə təlimdə olan fədailərə eləcə də o bölgəyə yerləşmiş demokratlara baş çəkmək üçün yola çıxıb.[84] İyunun 11-də Nuri Quliyev və Qulam Yəhya ilə birlikdə Gəncədən geri qayıdarkən olduqları maşın qəzaya uğrayıb.[85][86] Hər üçü yaralanaraq xəstəxanaya çatdırılsalar da Mir Cəfər Pişəvərini xilas etmək olmur.[85][87][88] 1954–1957-ci illərdə Moskva Həmkarlar Hərəkatı Ali Məktəbində təhsil alıb.[89][90] 1957–1959-cu illərdə Bakı Ali Partiya Məktəbində dekan kimi işləyib.[4]
1959-cu ilin avqust ayında Azərbaycan Demokrat Firqəsinin sədri seçilib.[91][92] Bu vəzifəni 1979-cu ilin oktyabr ayınadək icra edib.[92]
1960-cı ildə Tudə Partiyasının Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü seçilib. SSRİ Ali Sovetinin Rəyasət heyətinin fərmanı ilə 60 illik münasibətilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilib.[4]
Qulam Yəhya Danişian 1986-cı il avqustun 16-da Bakıda vəfat edib[93][94] və Fəxri Xiyabanda dəfn olunub.[3]
1947-ci ildə rejissoru və ssenaristi Esfir Şub olan Arazın o tayında filmi çəkilib.[95] Film 1945–1946-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökuməti və ümumilikdə hökumət qurulana qədər baş vermiş proseslər haqqındadır.[95][96] Filmdə həm də Qulam Yəhyanın fədailərlə birlikdə keçirdiyi təlimlər, döyüş hazırlığı da göstərilib.[97]
2016-cı ildə "İranlı Mühacirlər Cəmiyyəti" İctimai Birliyinin təşkilatçılığı ilə Qulam Yəhyanın 110 illik yubileyi qeyd olunub.[98]
Qulam Yəhya Danişian öz xatirələrini qələmə alıb.[99] Xatirələr kitabı 2006-cı ildə Bakıda çap olunub. 2021-ci ildə Səməd Niknam Qulam Yəhyanın ömür yolundan bəhs edən "Xatirələr" kitabını farscaya çevirərək çap etdirib.[4]