Zeynalabdin Qiyami (1891, Əhər, Şərqi Azərbaycan ostanı – 1973, Bakı) — hüquqşünas, siyasətçi, fədai, Azərbaycan Demokrat Firqəsinin üzvü, Azərbaycan Milli Hökuməti dövründə Ali Məhkəmənin sədri.
Zeynalabdin Qiyami | |
---|---|
![]() | |
12 dekabr 1945 – 12 dekabr 1946 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 1973 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
Hərbi xidmət | |
Döyüşlər |
Məşrutə hərəkatı (1911) Xiyabani hərəkatı (1920) 21 Azər hərəkatı (1945) |
|
|
Təltifləri |
![]() |
![]() |
Məşrutə, Xiyabani və 21 Azər hərəkatlarında iştirak edib. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani tərəfindən Təbrizdə yaradılmış Milli Hökumətin üzvlərindən biri olub. İran Sosialist Partiyasının, Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin qurucularından biri olub.
Zeynalabdin Əlinağı oğlu Qiyami 1891-ci ildə Təbrizdə anadan olub.[1]
Məşrutə hərəkatı dövründə Hacı Əli Davafuruş tərəfindən Səttar xana təqdim olunub və fədailərin sırasına qoşulub.[1][2][3] Acıçay kənarında və Əmirbağında baş vermiş döyüşlərdə iştirak edib. Daha sonra Səttar xanla birlikdə Tehrana gedən 70 fədaidən biri olub. Baharistanın tutulması ilə nəticələnən döyüşdə iştirak edib. Göstərdiyi şücatə görə Milli İdarə Heyəti tərəfindən "Salar Zəfər" adını alıb.[1][4]
Məhəmmədəli şah Qacar hakimiyyətdən getdikdən sonra Hüquq və siyasi biliklər məktəbində ali təhsil alıb.[5] Daha sonra Süleyman mirzə İskəndərinin rəhbərlik etdiyi Demokrat Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edib.[1]
1920-ci ildə Təbrizdə başlayan Şeyx Məhəmməd Xiyabani hərəkatına qoşulub.[6] Hərəkatı idarə etmək üçün Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Mirzə Tağı xan Rafət, Zeynalabdin Qiyami və digərlərindən ibarət olan İctimai İdarə Heyəti yaradılıb.[6][7][8] 1920-ci il iyunun 24-də Təbrizdə yaradılmış Milli Hökumətin 20 üzvündən biri olub.[1][6][9] Xiyabani hərəkatında göstərdiyi şücaətə görə Şeyx Məhəmməd Xiyabani tərəfindən ona "Qiyami" ləqəbi verilib.[1] 1920-ci il sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani Mehdiqulu xan Hidayət tərəfindən öldürüldü.[10][11] Bundan sonra onun silahdaşları hökumət qüvvələrinə qarşı müxtəlif bölgələrdə partizan döyüşləri aparıblar.[12] Zeynalabdin Qiyaminin də rəhbərlik etdiyi fədai dəstəsi Əhərdə, Qaradağın dağlıq bölgələrində hökumət qüvvələri ilə vuruşublar.[13][14][15] Daha sonra onlarla danışıqlara gedən dövlət nümayəndələri onları tələbi ilə razılaşaraq Xiyabaninin qatili Mehdiqulu xan Hidayəti vəzifəsindən kənarlaşdırıblar.[1]
Soyad qanunundan sonra Təbrizdə baş verən Xiyabani hərəkatından iştirak etdiyi üçün özünə "Qiyami" soyadını götürüb.[4][16]
1921-ci ildə Süleyman mirzə İskəndərinin dəvəti ilə Sosialist Partiyasını formalaşdırmaq üçün Tehrana dəvət olunub. Burada 41 nəfərlik Mərkəzi Komitəyə seçilib.[1] 1921-ci ildə Ziyaəddin Təbatəbai çevriliş etdikdən sonra Azərbaycana gəlib və burada nəqliyyatla bağlı departamentin yaradılması üçün çalışıb. Lakin bu hökumət dağıldıqdan sonra həbs olunub hərbi məhkəmə tərəfindən kommunist olmaqda və silahlı üsyan qaldırmaqda təqsirləndirilərək ölüm hökmü alıb. Həsən xan Mustovfi əl-Məmalikin səyləri nəticəsində həbsdən azad olunub.[1] 1924-cü il sentyabrın 1-dən etibarən Təbrizdə həftədə 2 dəfə çap olunan Asayiş qəzetini çap etdirib.[17][18]
1937–1939-cu illərdə İsfahanın bələdiyyə başçısı seçilib.[19] Orada korrupsiyaya və dövlət məmurlarının özbaşınalığına qarşı mübarizə aparıb.[19] Lakin bir müddət sonra istefa verməli olub və Tehrana köçüb.[16] 1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış Tudə Partiyasının qurucularından biri olub.[20]
1945-ci ilin sentyabrın 6-da Tudə Partiyasının Azərbaycan təşkilatının əyalət plenumunda qərara alınır ki, partiyanın Azərbaycan təşkilatının üzvləri Azərbaycan Demokrat Firqəsinə keçsinlər.[21][22] Bunu təmin etmək üçün Sadıq Padeqan, Zeynalabdin Qiyami, Məmməd Hüseyn Burhani, Yədulla Kələntəri və Əbülhəsən Vaqifdən ibarət komissiya yaradılıb.[21][23]
1945-ci il sentyabrın 14-də Təbrizdə baş tutmuş görüşdə Azərbaycan Demokrat Partiyasının qurulması ilə bağlı Zeynalabdin Qiyaminin də üzv olduğu 14 nəfərlik Təşkilat Komitəsi yaradılıb.[24][25] 1945-ci il noyabrın 20-də Təbriz Ərk teatrının binasında fəaliyyətə başlamış Azərbaycan Xalq Konqresinin Rəyasət Heyətinə üzv seçilib.[26][27] Noyabrın 21-də konqres nümayəndələrindən, seçkiləri bitirib hökuməti yaradana qədər, qərarların icrasını təmin etmək üçün, Milli heyət yaradıldı.[28][29] Zeynalabdin Qiyami də Milli heyətə seçilən 39 nəfərdən biri olub.[30][31][32] Elə həmin gün Azərbaycan parlamentinə seçkilərin keçirilməsi haqqında qərar qəbul olunur. Seçkilərin keçirilməsi üçün Zeynalabdin Qiyaminin sədrliyi ilə 19 nəfərdən ibarət seçki komissiyasının tərkibi təsdiqlənib.[31][33] 1945-ci il noyabrın 27-dən dekabrın 2-ə qədər İran tarixində ilk dəfə qadınların da iştirak etdiyi azad seçkilər keçirilib.[28][34][35] Keçirilən seçkilər nəticəsində Zeynalabdin Qiyami səs toplayaraq Azərbaycan Milli Məclisinə Təbrizdən nümayəndə seçilib.[36]
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Ali Məhkəmənin sədri təyin olunub.[37][38][39][40] 1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb.[41] Bu komissiyaya Zeynalabdin Qiyami də daxil olub.[42][43] 1946-cı ildə yeni yaradılmış 2 illik siyasi məktəbə rəis təyin olunub.[44]
1946-cı ildə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif edilib.[45][46]
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı.[47][48] Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər.[49] Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu.[50][51] Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu.[49][52][53] Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.[51][54] Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi.[49][55] Lakin bu istəyi də cavabsız qaldı.[56]
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi.[57][58][59] Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar.[60][61] Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar.[61] Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi.[60][61] Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar.[60][62] Azərbaycan Milli Hökuməti süqut etdi.[63][64] 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu.[65][66] Bundan sonra da qırğınlar və talan davam etdi.[62][65] Minlərlə insan həbs olundu, sürgün edildi.[67][68] Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.[69][70][71]
Milli Hökumətin süqutundan sonra Zeynalabdin Qiyami Bakıya mühacirət edib.[72] Bir müddət Mərdəkanda yaşayıb.[72] Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbində dərs deyib.[73][74] Bakıda bərpa olunmuş Azərbaycan Demokrat Firqəsində fəaliyyət göstərib.[74] 1953-cü ilin oktyabr ayında Bakıda Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinə seçilən 15 nəfərdən biri olub.[75][76]
1973-cü ildə Bakıda vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.