Nobel mükafatları (isv. Nobelpriset, norv. Nobelprisen) — İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən şəxslər və ya təşkilatlara fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə[A] uğurlarına görə verilir.[1] Nobel mükafatı 27 noyabr 1895-ci ildə İsveç ixtiraçısı, alim Alfred Nobelin vəsiyyəti əsasında təsis edilmiş və ilk dəfə sahibinə 1901-ci ildə təqdim olunmuşdur. İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə İsveçin mərkəzi bankı olan Sveriges Riksbank tərəfindən təsis edilib və 1969-cu ildən etibarən iqtisadiyyat elminə verilmiş töhfələrə görə təqdim edilir.[2]
İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsindəki, Karolinska İnstitutu fiziologiya və ya tibb sahəsindəki, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsindəki mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur.[3] Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[2] 1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Bu mükafat 2007-ci ilin dekabrında 7.731.004 İsveç kronuna bərabər idi. 2008-ci ildə qaliblər 10 000 000 İsveç kronu məbləğində mükafat ilə təltif olunublar.[4] Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir.[5] Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir.[6]
2011-ci il etibarilə, 20 təşkilat və 69 iqtisadiyyat sahəsində mükafat alanlar da daxil olmaqla, cəmi 826 şəxs və təşkilata mükafat verilmişdir.[7] Dörd Nobel mükafatı laureatına bu mükafatı əldə etməsinə hökumətləri tərəfindən icazə verilməyib. Almaniyada Adolf Hitler hökuməti Riçard Kun[8] (kimya, 1938), Adolf Butenandt[9][10][11][12] (kimya, 1939) və Gerhard Domaqkın[13] (fiziologiya və ya tibb, 1939) mükafat almasına icazə verməyib. 1958-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternak [14] isə Sovet İttifaqının təzyiqi ilə mükafatı rədd etməyə məcbur olub. Fransız yazıçısı Jan Pol Sartr 1964-cü ildə ona verilən Ədəbiyyat üzrə Nobel mükafatı da daxil olmaqla, həyatı boyu ona verilən bütün mükafatları rədd edib.[15] 1973-cü ildə "Vyetnam münaqişəsinin həlli istiqamətində birgə fəaliyyətə görə" Şimali Vyetnamın siyasi xadimi Le Dık Tho və ABŞ-nin dövlət katibi Henri Kissincer Nobel sülh mükafatına layiq görüldülər. Lakin Le Dık Tho Vyetnamda əsl sülhün əldə olunmadığını əsas gətirərək, mükafatdan imtina etdi.[16]
Bu günə qədər altı şəxs və ya təşkilat Nobel mükafatını bir dəfədən çox qazanmağa nail olmuşdur. Bunların içində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı üç Nobel sülh mükafatı ilə birinci yeri tutur.[17] 826 Nobel mükafatı qazanandan 43-ü qadındır; 1903-cü ildə Fizika üzrə Nobel mükafatını, 1911-ci ildə isə Kimya üzrə Nobel mükafatını qazanan Mariya Küri, həm Nobel mükafatını qazanan ilk qadın, həm də iki müxtəlif elm sahələri üzrə Nobel mükafatını qazanan ilk şəxs olaraq tarixə düşüb.[17][18] 1940 və 1942-ci illər aralığında qəfil İkinci dünya müharibəsinin başlanması səbəbindən Nobel mükafatlarının verilməsinə fasilə verilmişdir.[19]
Vikianbarda Nobel mükafatı laureatlarının siyahısı ilə əlaqəli mediafayllar var. |